Avropa Parlamentinin qəbul etdiyi qərar Azərbaycana münasibətdə qeyri-obyektivliyin bariz nümunəsidir

 

İki gün öncə - mayın 24-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiyahüququn aliliyinin pozulmasına dair" qətnamə Milli Məclisin deputatlarının kəskin etirazına səbəb olub.

Bununla bağlı Milli Məclis Sədrinin müavini, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh ƏLƏSGƏROV jurnalistlərə bildirib ki, Avropa Parlamentinin bu qərarı ölkəmizdə təəssüf və narahatlıq hissləri doğurub: "Bu sənədin heç bir zərurət olmadan təcili çağırılmış iclasda qəbul olunması məni çox təəccübləndirib. Bir ay əvvəl Avronest Parlament Assambleyasının Bakıda keçirilmiş iclasında  insan haqları, söz azadlığı ilə bağlı məsələlər geniş müzakirə olunub, Azərbaycanda insan hüquqlarının vəziyyəti qənaətbəxş qiymətləndirilib və müvafiq sənədlər qəbul edilib. Lakin bundan bir ay keçməmiş, Avropa Parlamentinin 754 deputatından yalnız 56 üzvünün iştirakı ilə təcili toplantı keçirilibonlardan da 49 nəfərin lehinə səsverməsi ilə Azərbaycan əleyhinə qətnamə qəbul edilib. İyunun 20-21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin iclası keçirilməlidir. Bizim əməkdaşlığımız hərtərəfli, qarşılıqlı hörmət, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələləri əhatə etməlidir. Lakin vaxtı qabağa çəkərək Avropa Parlamentinin başqa dairələrin təsiri altında olan bir qrup deputatının Azərbaycanın əleyhinə qərar qəbul etməsi bizdə dərin təəssüf hissi doğurur. Əgər bu qərar birgə komitənin iclasında, çoxluğun iştirakı ilə qəbul olunsaydı, təəccüb doğurmazdı. Ona görə də hesab edirik ki, bu qərar birmənalı şəkildə Azərbaycana qarşı qeyri-obyektivliyin bariz nümunəsidir".

Valeh Ələsgərov bildirib ki, xüsusən də "Eurovision" mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə təşkil olunduğu bir vaxtda belə bir qərarın qəbul olunması antiazərbaycan təbliğatından başqa bir şey deyil. Çünki müsabiqə iştirakçılarının hamısı, xüsusən xarici qonaqlar "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə, xüsusi zövqlə təşkil olunduğunu, Azərbaycanın qonaqpərvərliyini, demokratik inkişafını, tolerantlığını öz müsahibələrində dönə-dönə təsdiq edirlər.

V.Ələsgərovun sözlərinə görə, sanki kimlərsə Azərbaycanı Avropaya buraxmamağı qarşısına məqsəd qoyub: "Onlar Azərbaycanın inkişafından, Avropaya inteqrasiyasından, daha böyük uğurlar qazanmasından qorxurlar. Düşünürəm ki, bunun da kökündə bir qaranlıq məqam var. Hamıya məlumdur ki, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil bir dövlətdir. Prezident İlham Əliyevin xalqın milli maraqlarına cavab verən müstəqil siyasət həyata keçirməsi nəticəsində Azərbaycan təkcə regionda deyil, dünyada söz sahibinə çevrilib. Bütün bunlar və Azərbaycanın  son illər əldə etdiyi uğurlar, regionda həyata keçirdiyi irimiqyaslı layihələr bəzi qüvvələrin qısqanclığına səbəb olub. Görünür, onlar müstəqil, güclü Azərbaycan görmək istəmirlər və məhz çirkin əməllərlə ölkəmizin inkişafına mane olmağa çalışırlar, dünyada artan müsbət imicinə zərbə vurmaq istəyirlər".

Valeh Ələsgərov qeyd edib ki, bu məsələ Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin iyunun 20-21-də Brüsseldə keçiriləcək iclasında ciddi şəkildə qaldırılacaq və Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin qəbul etdiyi bu qərara qəti etirazını bildirəcək.

Qeyd edək ki, bu məsələyə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd SEYİDOV da münasibət bildirib. S.Seyidov deyib ki, bu qərar qeyri-obyektiv, qərəzli və reallığı əks etdirməyən sənəddir. Eyni zamanda, Azərbaycanın Avropa Parlamenti ilə ikitərəfli münasibətlərinə xələl gətirir: "Müstəqilliyini bərpa etdikdən sonra Avratlantik məkana inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Biz 2000-ci ildən AŞ PA, ATƏT PA, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq edirik. Bu gün Azərbaycan 155 ölkənin səsini qazanmaqla BMT Təhlükəsizlik Şurasının tribunasından çıxış edir. Bütün bunlar güclü, müstəqil Azərbaycanı sevməyənləri narahat edir. Qeyd etməliyəm ki, əslində biz bu cür əks qüvvələrlə müstəqilliyimizin ilk illərindən üzləşirik, lakin onlara qarşı həmişə dözümlülük nümayiş etdirmişik, səbirlə, təmkinlə cavab vermişik".

Onun fikrincə, bəzi qüvvələr hesab edirlər ki, islamdemokratiya bir-biri ilə ziddiyyət təşkil edir. Əhalisinin 80-85 faizi müsəlmanlardan ibarət olan Azərbaycanda demokratik cəmiyyət inkişaf edə bilməz. Lakin Azərbaycandakı demokratik inkişaf, ailə dəyərlərinə verilən yüksək qiymət, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşayışı və inkişafı  təkzibolunmaz faktlarla sübut olunub.

S.Seyidov vurğulayıb ki, bu gün Avropa İttifaqına üzv olan ölkələrin bir çoxunda insan haqları kobud şəkildə pozulur və elə ölkələr var ki, onlardan Avropa İnsan Haqları Məhkəməsinə ildə 7000 müraciət daxil olur. Azərbaycandan bu məhkəməyə daxil olan məktubların sayı isə 1000-ə qədərdir. Bu da öz növbəsində hansı ölkədə demokratiyanın inkişaf etdiyinin, insan hüquq və azadlıqlarının qorunduğunun göstəricisidir.

Komitə sədri hesab edir ki, Avropa Parlamentinin bu qətnaməsi Azərbaycanın həmin qurumla münasibətlərinə yenidən baxmaq zərurəti yaradır və ölkəmiz bir daha öz mövqeyinə aydınlıq gətirməlidir.

Sonda Səməd Seyidov diqqətə çatdırıb ki, mayın sonlarında Parisdə keçiriləcək AŞ PA-nın monitorinq, həmçinin siyasi məsələlər və daimi komitələrinin iclasları zamanı Azərbaycan nümayəndə heyəti bu məsələni qaldıracaq və ona öz etirazını bildirəcək.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 26 may.- S. 3.