Bütün finalları üstələyən yarımfinal

 

 Ötən gecə 300 milyon insanın nəzəri Azərbaycanda idi

 

 Bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsini də uğurla başa vurdu. Birinci yarımfinalda olduğu kimi, yenə də "Crystal Hall" möhtəşəmliyi ilə  hər kəsi özünə valeh etdi. Mətbuat Mərkəzi isə jurnalistlərlə dolu idi.

Elə KİV təmsilçiləri var idi ki, ölkəsi ikinci yarımfinal mərhələsində olduğundan yenicə Azərbaycana gəlirdi. Mahnı müsabiqəsində ikinci mərhələnin başlamasına artıq bir neçə saat qalmış "Crystal Hall"un zalında, demək olar ki, bir dənə də olsun boş yer qalmamışdı. Hər kəs təmsil etdiyi ölkənin  bayrağını dalğalandırır, ikinci yarımfinalı böyük həyəcanla gözləyirdi.

Həmişə olduğu kimi, bu dəfə də təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə təşkil edilmişdi. Bu sahədə aidiyyəti qurumlar üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün tutduqları tədbirlər planına uyğun olaraq təhlükəsizlik tədbirlərini həyata keçirirdilər. Tamaşaçıların yarışmanın keçiriləcəyi zala rahat gəlmələri üçün avtobuslar dayanmadan işləyirdi.

 

 İkinci yarımfinal həyəcanı

 

 Artıq ikinci yarımfinalın başlamasına bir neçə dəqiqə qalmış nəinki yarışmanın keçirildiyi "Crystal Hall"da, eyni zamanda Mətbuat Mərkəzində də, demək olar ki, boş yer yox idi. KİV nümayəndələri və fanatlar Mətbuat Mərkəzində hər bir təmsilçinin çıxışına özlərinə məxsus şəkildə dəstək olurdular. Jurnalistlər təmsil olunduqları ölkənin bayrağına bürünərək, ikinci yarımfinalı böyük həyəcanla gözləyirdilər.

Birinci yarımfinal mərhələsində olduğu kimi, bu dəfə də "Baku Crystal Hall" 18 ölkənin bayrağı rəngində işıqlandırılmışdı. Bu müsabiqə tarixində ilk dəfə nümayiş olunan şou yarışmanın keçirildiyi məkana qeyri-adi bir gözəllik və möhtəşəmlik bəxş edirdi. Bütün dünyanın diqqəti Odlar Yurduna yönəlmişdi. Müsabiqəyə marağın böyük olmasına sübut kimi təkcə onu demək kifayətdir ki, yarışma dünyanın 46 ölkəsində televiziya vasitəsilə canlı yayımlanırdı. Televiziya tamaşaçılarının sayı isə 300 milyon nəfərdən çox olmuşdur.

Beləliklə, "Eurovision-2012"nin ikinci yarımfinal mərhələsinə start verildi. İlk olaraq səhnəyə çıxan mahnı müsabiqəsinin aparıcıları Eldar, Leyla və Nərgiz bu mötəbər layihənin tamaşaçılarını yenidən salamlayıb, bütün iştirakçılara uğurlar arzuladılar. Hər bir iştirakçının çıxışından əvvəl Azərbaycanın bölgələrinə, xüsusilə paytaxt Bakının tanıtımına  həsr olunan videoçarxlar nümayiş etdirilirdi.

İkinci yarımfinal mərhələsində səhnəyə ilk olaraq Serbiya təmsilçisi Zeljko Yoksimoviç çıxdı. O, müsabiqədə ölkəsini özünün bəstələdiyi "Nije Ljubav Stvar" mahnısı ilə təmsil etdi. Möhtəşəm səhnə tərtibatı və özünəməxsus ifa tərzi ilə müğənni hamını özünə heyran etdi. Ümumiyyətlə, yarışmadan öncə verdiyi müsahibələrdə "Baku Crystal Hall"da çıxışı üçün qeyri-adi şou hazırladığını və bu şounun digərlərindən fərqlənəcəyini bildirmişdi. Müğənninin mahnısının ritmində olduğu kimi, təqdimatında da hərəkət və enerji daha qabarıq hiss olunurdu.

Daha sonra səhnəyə ardıcıl olaraq Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta), "Litesound" rok qrupu (Belarus), Filipa Sousa (Portuqaliya), Qaytana Essami (Ukrayna), Sofi Marinova (Bolqarıstan), Eva Boto (Sloveniya), Nina Badriç (Xorvatiya), Lorin (İsveç), Anri Joxadze (Gürcüstan), Can Bonomo (Türkiyə), Ott Lepland (Estoniya), Maks Jason Mai (Slovakiya), Tooji (Norveç), Maya Sar (Bosniya Herseqovina) və Donny Montell (Litva) çıxdı. Çıxışlar zamanı təmsilçilər canlı ifalarını, xoreoqrafiya da daxil olmaqla, səhnə şousunu mükəmməl şəkildə yerinə yetirdilər.

İkinci yarımfinal çərçivəsində maraqlı çıxışlar arasında qardaş Türkiyəni təmsil edən Can Bonomo da olmuşdur. Müğənni ölkəsini "Eurovision-2012" mahnı müsabiqəsində "Love Me Back" mahnısı ilə təmsil edir.  Onun ifasından sonra zalda "Türkiyə, Türkiyə" sədaları səngimək bilmirdi.

Çıxışı maraqla qarşılananlar arasında Norveç təmsilçisi Tooji Keshtkar da var idi. Ölkəsini "Stay" mahnısı ilə təmsil edən Toojinin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. O, xüsusi səhnə tərtibatı və yaddaqalan rəqsi ilə tamaşaçılarda xoş ovqat yaratdı.

İkinci yarımfinalda ən maraqlı  ifalar arasında Malta təmsilçisi Kurt Kalleyanın "This is the night" mahnısı yer aldı. Təqdim olunan möhtəşəm şux nömrə arxa fonda səhnədə əks olunan rəngarəng çalarlarla ifanı tamamladı. Səhnədə nümayiş etdirilən performans  isə tamaşaçıların ən çox marağına səbəb olan məqamlardan biri idi.

 

 Son beş ilin qalibləri səhnəyə birgə çıxdılar

 

 Bütün çıxışlardan sonra "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalı böyük uğurla başa çatdı.  Səsvermənin nəticələrinin gözlənildiyi bir vaxtda birinci yarımfinalda olduğu kimi, ikinci yarımfinalda da səhnədə interval aktı şousu nümayiş etdirildi. Son beş ilin "Eurovision" qalibləri Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal Azərbaycanın milli musiqisi ilə zəngin performans nümayiş etdirdilər. "Eurovision" ulduzları tamaşaçılar qarşısında indiyədək görünməyən bir üslubla, Azərbaycanın milli çalğı alətlərinin - tar, kamança, nağara, saz və balabanın müşayiəti ilə çıxış etdilər. Məşhur beşlik birlikdə 1974-cü ildə İsveçin ABBA qrupuna qələbə qazandıran "Waterloo" mahnısını ifa etdi.

Sonra "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalının iştirakçılarına səsvermə başa çatdı. İkinci yarımfinalda 18 ölkə təmsilçisindən finala vəsiqə qazanan daha 10 ölkənin adı açıqlandı. Final mərhələsinə ən çox səs toplayaraq yüksələn ölkə Litva oldu. Digər ardıcıllıq isə belədir: BosniyaHerseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta və Türkiyə.

On ölkə təmsilçisinin finalda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma təşkil olundu. "Eurovision-2012" mahnı müsabiqəsinin finalında  Litva 4-cü, BosniyaHerseqovina 5-ci, Serbiya 24-cü, Ukrayna 25-ci, İsveç 17-ci, Makedoniya 22-ci, Norveç 12-ci, Estoniya 11-ci, Malta 21-ci, Türkiyə isə 18-ci çıxış edəcək.

 

Xarici jurnalistlər Bakıdan ayrılmaq istəmirlər

 

"Eurovision-2012" mahnı müsabiqəsi yekunlaşmaq üzrədir. Yarışmanın finalçıları da artıq  məlumdur. Bir neçə gündür bu mötəbər mahnı müsabiqəsini işıqlandırmaq üçün Azərbaycana gəlmiş jurnalistlərin bir neçəsi bizimlə görüşüb ölkəmiz haqqında ümumi təəssüratlarını bölüşdülər.

Türkiyəli jurnalist Burak Açıkgöz bildirdi ki, qardaş ölkədə olduğumuz üçün özümüzü çox yaxşı hiss edirik. Təmsilçimiz Can Bonomoya zalda necə dəstək olunduğunun şahidiyik. Biz bir millət, iki dövlətik. Qoy bu qardaşlıq bütün dünyaya nümunə olsun. Uşaq yaşlarından bəri Azərbaycanın televiziya kanallarını izləyirdim. Həmişə "imkan yaransaydı, bu ölkəyə getsəydim" deyə azru edirdim. Nəhayət, fürsət yarandı,  Bakıya gəldik. Azərbaycanda özümüzü heçbaşqa ölkədəki kimi hiss etmirik. Ötən il Azərbaycan mahnı müsabiqəsinin qalibi olandan sonra çox sevinmişdik. Paytaxt Bakı isə sözlə ifadə ediləsi deyil. Möhtəşəm bir görünüşü var. "Crystal Hall" isə indiyə kimi gördüyüm ən möhtəşəm məkandır.

İsveçli jurnalist Taisto Tomas isə dedi ki, Azərbaycana, demək olar ki, iki gündür gəlmişəm. Bu qısa müddət ərzində çoxlu sayda xoş sözlər söyləmək olar. Bu ölkənin insanları çox mehriban və qonaqpərvərdir. İlk gündən buraların gözəlliyinə vurulmuşam. Bakının o qədər gözəl yerləri var ki, bilmirəm buranı qısa müddət ərzində gəzib qurtara biləcəyəmmi? "Eurovision" mahnı müsabiqəsinin hazırlığına isə söz  ola bilməz. Jurnalistlər üçün Mətbuat Mərkəzində yaradılan şərait isə təqdirəlayiqdir. İndiyə kimi belə bir təşkilatçılığın şahidi olmamışam. Kaş ki, müsabiqənin müddətini daha 3-4 gün artıraydılar (gülür).

 

Almaniyalı jurnalist Martin Şimidtner isə qeyd etdi ki, "Eurovision-2012" mahnı müsabiqəsində təşkilatçılıq çox yüksək səviyyədədir. Ümumiyyətlə, prosesində jurnalistin qarşılaşacağı bütün problemlər Mətbuat Mərkəzində əvvəlcədən nəzərə alınmışdır. Buranın mətbuat xidməti çox yaxşı işləyir, bütün məşqlərin, tədbirlərin proqramı jurnalistlərə verilir, mətbuat katiblərinin telefon nömrələrini asanlıqla öyrənmək olur. Həmçinin şəhərdə də yüksək səviyyədə hazırlıq işləri aparılmışdır. Bir il ərzində böyük işlər görülmüşdür. Təşəkkürlər, Azərbaycan!

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 26 may.- S. 8.