Roman Lob: Baku Crystall Hallu çox bəyəndim, buradakı səhnə və səs effektləri möhtəşəmdir

 

"Baku Crystall Hall"u çox bəyəndim, buradakı səhnə və səs effektləri möhtəşəmdir.

Bu sözləri Almaniyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Roman Lob mayın 25-də "Baku Crystall Hall"un Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında demişdir.

Bakını gəzdiyini diqqətə çatdıran Roman Lob şəhərimizdən çox xoşu gəldiyini bildirmişdir. Almaniya təmsilçisi demişdir: "Buranın insanları çox mehriban və qonaqpərvərdirlər. "Eurovision-2012" mahnı müsabiqəsi təmsilçilərindən Səbinə Babayevanın nümayiş etdirdiyi performans çox xoşuma gəlir. Səbinənin ilk beşlikdə yer alacağına inanıram.

Mətbuat konfransı zamanı "Eurovision-2010" mahnı müsabiqəsinin qalibi Lena Meyerin zala daxil olması isə Roman Lob və jurnalistlər üçün sürpriz olmuşdur.

"Eurovision-2010"un qalibi Lena Meyer həmvətəni Roman Lob haqqında fikirlərini jurnalistlərlə bölüşmüşdür. O, ölkəsini builki yarışmada təmsil edən Roman Lobun istedadlı müğənni olduğunu bildirmişdir.

Roman Lob isə bu müsabiqəyə qatılmazdan əvvəl Lena Meyerdən məsləhətlər aldığını və onun tövsiyələrinin bu yarışmada həyəcansız və rahat ifasına kömək etdiyini demişdir.

Mahnısını ingilis dilində oxumasına münasibət bildirən müğənni bu dildə ifanı daha böyük auditoriyanın anladığını qeyd etmişdir.

Sonda Roman Lob jurnalistlər üçün müsabiqə mahnısı olan  "Standing Still"i səsləndirmişdir.

"Böyük beşliyə" daxil olan Almaniyanın təmsilçisi Roman Lob mayın 26-da keçiriləcək final şousunda "Baku Crystall Hall"un səhnəsinə 20-ci çıxacaqdır.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 12.