İslamabadda Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunmuşdur

 

Mayın 24-də İslamabadın "Marriott" mehmanxanasında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Pakistanın inkişaf və idarəetmə naziri Nazar Muhammad Qondal, daxili işlər naziri Rəhman Malik, ticarət naziri Abbas Xan Afridi, Senatın sədr müavini Sabir Baloç, Milli Assambleyanın sədr müavini Faysal Kərim Kundi və digər rəsmi şəxslər, diplomatlar, jurnalistlər, həmvətənlərimiz iştirak etmişlər.

Tədbirin keçirildiyi salon Azərbaycanın dövlət bayrağı,  ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahin, habelə Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Prezidenti Asif Ali Zardarinin portretləri ilə bəzədilmiş, həmçinin burada tarix və mədəniyyətimizi əks etdirən fotostendlər qurulmuş, müstəqil respublikamızın yaranması və inkişafı haqqında videoçarx nümayiş etdirilmiş, milli musiqimiz səsləndirilmişdir.

N.M.Qondal ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən danışmış, Pakistan hökuməti və xalqı adından Azərbaycan Prezidentini və xalqını Respublika Günü münasibətilə təbrik etmiş, ölkəmizə firavanlıq, tərəqqi və əmin-amanlıq arzulamışdır.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən bəhs etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələr haqqında ətraflı məlumat vermişdir. "Eurovision-2012" mahnı müsabiqəsinə də toxunan diplomat bu tədbirin əhəmiyyətindən danışmışdır.

Pakistan-Azərbaycan münasibətlərinin qədim tarixindən, xalqlarımız arasında zaman keçdikcə daha da genişlənən təmaslardan danışan R.Malik Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkələrimiz arasında əlaqələrin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirmişdir.

Urdu dilində nəşr edilmiş "Azərbaycan - Odlar Yurdu" adlı kitab, "The Diplomatic Insight" və "Diplomatic Star" jurnallarının, həmçinin "Pakistan Observer" və "Daily Times" qəzetlərinin Azərbaycana həsr edilmiş xüsusi buraxılışlarının nüsxələri tədbir iştirakçılarına təqdim olunmuşdur. Bu nəşrlərdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, mədəniyyəti, turizm potensialı və iqtisadiyyatı, habelə ulu öndər Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyat və fəaliyyəti, onların müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin tərəqqisi naminə gördüyü təqdirəlayiq işlər geniş işıqlandırılmışdır.

Tədbir Pakistanın aparıcı televiziya kanalları və mətbuat orqanları tərəfindən geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 13.