Laçın yanğısı ilə yazılmış kitab

 

 Azərbaycan Texniki Universiteti Tarix kafedrasının müdiri, tarix elmləri  doktoru, professor, 218-dən çox elmi-publisistik məqalənin və dörd  iri həcmli monoqrafiyanın müəllifi Şikar Qasımovun "Əsirlikdə qalan Laçın" adlı yeni kitabı "Elm" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmlər doktoru, professor Yaqub Mahmudov, rəyçiləri isə AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor  İsmayıl Hacıyev, Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor T.Musayevatarix elmləri doktoru, professor O.Sultanovdur.

Kitabda Azərbaycanın dilbər guşələrindən biri olan Laçının qədim tarixi, zəngin abidələri, Azərbaycanda və ondan kənarda məhşur olan ziyalılarının nurlu əməlləri işıqlandırılmışdır. Əsərdə erməni məkrinin köklərindən, Laçının işğal olunmasından, erməni vandalizmindən, torpaqlarımızın müdafiəsi uğrunda canlarını sipər edən vətən oğullarının qəhrəmanlıqlarından və erməni vəhşiliklərini təsvir edən şahidlərin xatirələrindən bəhs olunur. Eyni zamanda kitabda laçınlı məcburi köçkünlərə olan dövlət qayğısı, onların vətən həsrəti və Prezident İlham Əliyevin Taxta körpü ərazisində məskunlaşmış laçınlılarla göruşü dolğunluğu ilə  işıqlandırılır.

...1992-ci il mayın 17-də xəyanətlə ittifaqa girən yagı düşmən bir zamanlar erməni quldurlarına qan udduran əfsanəvi xalq qəhrəmanı Sultan bəyin yurdunu - qədimdən də qədim oğuz-türk torpağı olan Laçını işğal etdi. 20 ildir ki, Laçın əsirlikdədir. 20 ildir ki, Sultan bəyin misilsiz igidliklər göstərdiyi  Laçın qayaları yeni Sultan bəylərin yolunu gözləyir! Sultan bəyin müqəddəs ruhu onun qorxusundan, zəhmindən zağ-zağ əsən ermənilərin yüzlərlə oğuz-türk adlarını saxtalaşdıraraq "erməniləşdirməsinə", Laçını - Berdzor, Ağoğlanı - Tsitsernavank, Zabuxu - Ağhavno, Ağbulağı - Spitakadjur, Cicimlini- Vanoca, Minkəndi - Hak, Alxaslını - Aşeni,  Çıraqlını - Arvakan, Kamallını - Uxtadzor, Kosaları - Melikatun, Əhmədlini - Herik, Qarıqışlağı - Tandzut, Bozlunu - Moşatağ, Qalaçanı - Berdik, Pircahanı - Qandza adlandırılmasına qarşı  üsyan edir! Sultan bəy öz nəvə-nəticələri olan igidləri Ali Baş Komandan əmr verən kimi Laçına, qədim Zəngəzur ellərinə doğru yürüşə səsləyir...

...20 ildir Laçınsız yaşayırıq. Lakin onun azad olunacağı günə inamımız qətidir. Elə bu münasibətlə professor Şikar Qasımovun "Əsirlikdə qalan Laçın" adlı dəyərli bir kitab yazmasını çox əhəmiyyətli və olduqca təqdirəlayiq hal kimi qiymətləndirmək olar.

Doğma yurdumuzun ərazi bütövlüyü uğrunda mübarizə və qəhrəmanlıq  mövzusunda araya-ərsəyə gətirilən hər bir xüsusi əhəmiyyət kəsb edir. Bu yönümlü mövzular xalqın öz azadlığı, düşmənlərə qarşı mübarizəsi və torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəməyən igid oğul və qızlarımızın fədakarlıqlarına dayaqlanır. Bunları əsas götürən müəllif olduqca zəruri və əhəmiyyətli bir mövzu üzərində işləmişdir. Kitabın elə əl yazmasını oxuduqdan sonra bu qənaətə gəldim ki, əsərin ən böyük uğuru ondan ibarətdir  ki, o, həqiqəti  göstərmək imkanı  verən tarixilik prinsipi ilə, tarixi səpkidə yazılmışdır. Ş.Qasımov kitabda qədim zamanlardan 1920-ci ilə qədər Laçının qədim tarixini, onun dəyərli ziyalılarının fəaliyyətini, dağlar qoynunda gözəl bir şəhərin salındığını  konkret faktlar əsasında, həm də yurd sevgisi ilə təsvir etmişdir. Eyni zamanda monoqrafiyada Laçının işğal olunması, onun oğul və qızlarının göstərdikləri igidliklər şərh olunmuşdur. Ən əsası kitabda laçınlıların məcburi köçkünlük illərində yaşam tərzləri, torpaq həsrəti və onlara göstərilən dövlət qayğısı obyektiv şəkildə təsvir olunmuşdur.

Müəllif Laçın bölgəsinin və onun çoxsaylı kəndlərinin yaşayış məskəni kimi çox-çox qədimlərdən xəbər verdiyini, bu ərazilərdə tarixin ən qədim dövrlərinə aid  olduqca nadir abidələrin bugünə qədər qalmasını inandırıcı şəkildə açıqlaya bilmişdir.

Kitabın dəyərli tərəflərindən biriodur ki, Laçın rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu olduğu onun çox-saylı tarixi abidələri, yaşayış məskənləri və  tarixi çox qədim dövrlərə gedib çıxan memarlıq abidələri  maddi mədəniyyət nümunələri vasitəsi ilə sübut olunur. Belə faktlar sırasında dəmir dövrünə aid daş at, daş qoç fiqurları, qədim qəbiristanlıqları, körpü, türbə, məbəd, mağara, birtağlı və ikitağlı körpüləri, kümbəzləri, birsütun  Ağoğlan, Məlik-Əjdər türbələri nümunə kimi göstərilir.

Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və hərbi təcavüzü nəticəsində xalqımızın bir çox məhrumiyyətlərə düçar olması, sonda yarım milyondan çox soydaşımızın tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan zorla qovulması, Dağlıq Qarabağdanona bitişik ərazilərdən bir milyondan çox vətəndaşımızın  öz ev-eşiyini tərk edib qaçqın və məcburi köçkün həyatı yaşaması şərh edilmişdir.

Əsərdə çar Rusiyası XIX əsrin 20-30-cu illərində Azərbaycanın İrəvan xanlığı ərazisinə köçürüb gətirdiyi ermənilərin həmişə Laçın torpağında gözü olması, lakin onların heç zaman buna nail ola bilməməsi, eləcə də son Qarabağ müharibəsində -  1988-1993-cü illərdə köməksiz  qalan əhalinin düşmənin hücumlarını mərdliklə dəf etməsi, təcavüzkar ermənilərin Dağlıq Qarabağa daxil olmasına imkan verilməməsi, ancaq bunlara baxmayaraq xəyanət nəticəsində Laçın rayonunun işğal olunması, döyüşlərdə yüzlərlə oğul və qızlarımızın şəhidlik zirvəsinə yüksəlməsi və əsir düşməsi tarixi ardıcıllıqla işıqlandırılmışdır. Kitabda Laçın şəhidləri haqqında verilmiş xatirələr, şəhidlərin və şəhid polislərin siyahısının ayrıca cədvəldə verilməsi Şikar Qasımovun tədqiqatının dəyərini daha da artırmışdır.

Əsərə uğur gətirən cəhətlərdən biri də laçınlı məcburi köçkünlərə göstərilən dövlət qayğısının bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulmasının və həmin kursun Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadımı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməsinin konkret faktlar əsasında ümumiləşdirərək şərh olunmasıdır.

Müəllifin ölkə rəhbərinin digər qaçqın və məcburi köçkünlərlə yanaşı, laçınlılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq Taxta Körpü və məcburi köçkünlərin sıx məskunlaşdığı digər ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tikinti-quraşdırma və abadlıq işləri barəsində kitabda verdiyi konkret faktlar və ətraflı məlumatlar da böyük əhəmiyyət kəsb edir.

Belə bir cəhəti xüsusilə qeyd etmək istərdim ki, "Əsirlikdə qalan Laçın" əsəri Laçın həsrətini bütün varlığı ilə yaşayan qeyrətli Vətən oğlunun tədqiqatıdır, döyüşçü professorun elmi araşdırmasıdır. Müəllifin özü və qardaşlarının torpaq-larımızın müdafiəsi uğrunda erməni işğalçılarına qarşı müharibədə iştirak etməsi və Laçına ürəkdən bağlılığı bu kitabda qarşıya qoyduğu məsələləri daha dolğun açıqlamağa, Laçının şəhid olmuş igid oğullarının fəaliyyətini ürək yanğısı ilə işıqlandırmağa imkan vermişdir.

Professor Şikar Qasımov öz əsərində laçınlıların, xüsusilə də igid oğullarımızın və şəhid övladlarımızın simasında qəhrəmanlığın, torpağa bağlılığın parlaq nümunəsini konkret faktlarla göstərə bilmişdir.  

Ş.Qasımovun "Əsirlikdə qalan Laçın" kitabı ilə tanış olan oxucuda şübhə yeri qalmır ki, torpağa və vətənə bağlılıqları ilə seçilən belə oğulları olan Vətən torpağı heç zaman düşmən tapdağı altında qala bilməz. İnanıram ki, bu kitab gənclərimizdə vətənpərvərlik ruhunu alovlandıracaq və doğma Laçının düşmən tapdağından azad edilməsi uğrunda mübarizəyə çağırış olacaqdır.

Arzu edirəm ki, erməni qəsbkarlarına qarşı Vətən savaşının iştirakçısı olan döyüşçü-professor Şikar Qasımov lap yaxın gələcəkdə döyüşçü qardaşları, qohum-əqrəbası və bütün Laçın igidləri ilə birlikdə yalçın qayalarında üçrəngli qələbə bayrağımız dalğalanan Laçınımızda aparılıcaq quruculuq-abadlıq işlərində iştirak etsin!

 

 

Yaqub MAHMUDOV,

AMEA-nın müxbir üzvü,

əməkdar elm xadimi,

Azərbaycan Dövlət mükafatı laureatı

 

Azərbaycan.- 2012.- 26 may.- S. 15.