012 Bakı Public Art Festivalı çərçivəsində gənc rəssam Orxan Hüseynovun Şopfront layihəsi təqdim edilmişdir

 

Mayın 25-də Əziz Əliyev küçəsində Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində gənc rəssam Orxan Hüseynovun "Şopfront" layihəsi təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, layihə yerləşdirildiyi küçənin  bir tərəfində dəbli geyimlər mağazalarının, digər tərəfində isə bədii qalereyalar olan bu ərazinin estetik gözəlliyini qeyd etmək məqsədini daşıyır.

Keçən əsrin 80-ci illərinin sonunda dövrün ən parlaq və maraqlı rəssamlarını bir araya gətirən Bakı Mədəniyyət Mərkəzi məhz bu küçədə yerləşmişdir. Eyni vaxtda burada ən məşhur dünya brendlərini təmsil edən mağazalar da yerləşmişdir. Bununla da haradasa estetik birləşmə, demək olar ki, iki dünyanın - yüksək moda və incəsənət dünyasının paradoksal sintezi yaranır. Əgər buna həm də qalereya effekti verən spesifik işıqlandırmanı da əlavə etsək, onda demək olar ki, Əziz Əliyev küçəsi müasir Bakının ən gözəl və vizual baxımdan ən səmərəli küçələrindən biridir.

Lakin məsələ ondadır ki, qalereya, bədii və dəbli geyimlər mağazaları həmişə ayrıca fəaliyyət göstərmiş və heç vaxt kəsişməmişlər. Müəllif mağaza sahiblərinin icazəsi ilə müasir incəsənət əsərlərini bəzi geyim mağazalarının vitrinlərinə yerləşdirməklə, sözün əsl mənasında, dəb və incəsənətin vəhdətini təcəssüm etdirmişdir. Bu cür vəhdət sözügedən küçənin spesifikası və imicini müəyyən edir.

Digər tərəfdən rəssamın bu cür aktı həm də mədəniyyət intervensiyası aktı hesab edilə bilər. Bu zaman incəsənət obyektləri qlamur ərazisinə "müdaxilə edir" və nəticədə həm dəb aləmində, həm də ən müasir incəsənət sahəsində tamamilə yeni səmərə yaranır.

Tarixə nəzər salsaq görərik ki, Bakının ən gözəl küçələrindən biri Parapetdən (Gənclər Meydanı) başlamaqla Aleksandrovskaya Naberejnayada (Neftçilər prospekti) tamamlanırdı. Bu küçə tarixin müxtəlif dövrlərində fərqli cür adlandırılmışdır - Mixaylovskaya, Zevina, İncəsənət, hazırda isə Əziz Əliyev. Gözəl məhəllələrin mərkəzində, böyük mağazalar, banklar, mehmanxanalar, ictimai müəssisələrin toplaşdığı yerdə yerləşən Mixaylovskaya küçəsi şəhərin işgüzar yerlərindən olmuşdur. Bu küçənin abadlaşdırılması üçmərtəbəli yaşayış binalarının və klassik üslubda inşa edilmiş böyük həcmli ticarət obyektlərinin təşkili ilə həyata keçirilmişdir. Keçən əsrin 20-ci illərinə qədər Mixaylovskaya küçəsi şəhərin ən prestijli ticarət obyektlərinin mərkəzləşdiyi yer sayılmışdır. Məsələn, vaxtilə İsrafilov qardaşlarının qab-qacaqya Ramazanovların "Nümunəvi sıra" adlanan dükanları burada yerləşmişdir. İndi buradakı mağazaları "brend" adlandırırlar.

Orxan Hüseynov Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Texnikumunu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş, daha sonra Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr təhsili almışdır. O, 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil etmişdir.  Rəssamlıqdan tutmuş instalyasiyaya qədər müxtəlif istiqamətlərdə işləyən rəssam əsərlərində milli adətlərimizi və ölkəmizin tarixini əks etdirir.

"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 26 may.- S. 15.