Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva Azərbaycana səfərə gəlmişdir

 

Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva mayın 13-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.

T.Tsaçeva aeroportda jurnalistlərə müsahibəsində demişdir ki, Azərbaycan ilə Bolqarıstan dost ölkələrdir. Bolqarıstan Respublikasının Baş naziri bu yaxınlarda Azərbaycanda səfərdə olmuşdur və hər iki tərəf bu səfərin uğurlu nəticələrini görür. İndi isə növbə parlamentlərindir. Səfərimizin əsas məqsədi parlamentlərarası münasibətləri genişləndirməklə yüksək səviyyədə olan əlaqələrimizi daha da inkişaf etdirməkdir.

Səfər çərçivəsində Azərbaycanın və Bolqarıstanın qanunverici orqanları arasında beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.

Səfər müddətində Bolqarıstan Respublikasının Xalq Məclisinin sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.  

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 15 may.- S. 2.