Almaniya mətbuatında Azərbaycan ilə bağlı məqalələr dərc olunmuşdur

 

  Almaniyanın ən böyük tirajlı mətbuat vasitələrindən biri olan "Frankfurter Allgemeine Zeitung" qəzetində dərc olunmuş "Xəzər dənizi sahilində şahmat oyunu" başlıqlı məqalədə Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayaraq təsviri verilir. Məqalədə deyilir ki, gələn on minlərlə qonaq könüllü olaraq müraciət etmiş gənc azərbaycanlılar tərəfindən müşayiət olunurlar. "Volunteer" nişanı daşıyan gənclər qonaqları artıq hava limanında qarşılayırlar.

Daha sonra hava limanından şəhərə gedən yolda şəhərin diqqətəlayiq memarlıq elementləri kimi Heydər Əliyev prospekti və Heydər Əliyev Mərkəzinin adı çəkilir. Qeyd olunur ki, şəhərin mühüm hissələri - Dənizkənarı Milli Park, mərkəz və ona yaxın yerləşən binalar, körpülər, yollars. yüksək səviyyədə işıqlandırılır. Bildirilir ki, axşamlar xeyli sayda gənc şəhərin mərkəzinə toplaşır və onların müasir şəhərləri ilə qürur duyduqlarını görməmək olmur.

Məqalənin sonunda qeyd olunur ki, hava limanında qonaqlar şəhərdə turistlərin görə biləcəyi 57 yer və məşğuliyyətin qeyd olunduğu kitabça əldə edirlər. "57" ədədi simvolik olaraq 57-ci "Eurovision-2012" mahnı müsabiqəsinə görə seçilmişdir. Sadalanan 57 yer və məşğuliyyətin sırasında 50-ci xüsusi olaraq qeyd olunur: Xəzər dənizi sahilində İkinci Dünya müharibəsi veteranı ilə şahmat oynamaq.

"Der Spiegel" jurnalında dərc olunmuş "Ürəkləri açaq, beyinləri söndürək" adlı məqalədə mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayeva haqqında məlumat verilironun bu müsabiqəyə yanaşması oxucuların diqqətinə çatdırılır. Qeyd olunur ki, yüksək səviyyəli caz səsinə sahib olan Səbinə Babayeva üçün mahnı müsabiqəsi azərbaycanlılar üçün "ürəklərini bütün Avropaya açmaqdan ötrü" gözəl imkandır. Onun sözlərinə görə, mahnı yarışmasını ona görə yerində canlı olaraq izləməyə dəyər ki, qonaqlar Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu anlasınlar, Azərbaycan xalqının qonaqpərvərlik kimi xüsusiyyətləri ilə əyani tanış olsunlar və təbii ki, ifaları canlı olaraq izləsinlər. Daha sonra Səbinə Babayevanın indiyədək qazandığı musiqi uğurları və qalib gəldiyi müsabiqələr sadalanır, "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda neçə ildən bəri davam edən cəhdlərinin qısa xronologiyası verilir. 

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 27 may.- S. 4.