ABŞ-ın bir qrup senatoru və yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olmuşlar

 

 Azərbaycanda səfərdə olan ABŞ-ın bir qrup senatoru və yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) olmuşlar.

AzərTAc xəbər verir ki, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsi, onun beynəlxalq əlaqələri, qazandığı uğurlar barədə qonaqlara ətraflı məlumat vermişdir. S.Seyidov Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu, ADU-nun da ABŞ universitetləri ilə əlaqələrini bu istiqamətdə inkişaf etdirdiyini demişdir. Rektor ADU-dakı İnformasiya Resurs Kompleksinin, o cümlədən Amerika mərkəzinin fəaliyyətindən danışmışdır. S.Seyidov demişdir ki, ABŞ ilə münasibətlər çox vacib və əhəmiyyətlidir. O, bu sahədə ABŞ-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətindən bəhs etmiş, həmçinin  ABŞ səfirliyi ilə ADU arasındakı əməkdaşlıqdan və ikitərəfli əlaqələrdən məmnunluğunu bildirmiş,  bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq  ölkələrimiz  arasında əlaqələrin hazırkı durumu, ADU ilə Amerika universitetləri arasında mövcud əməkdaşlıq, ADU-dakı Amerika mərkəzinin əhəmiyyəti haqqında danışmış, ABŞ-Azərbaycan münasibətlərinin inkişafını yüksək qiymətləndirdiyini bildirmişdir. Diplomat Amerika səfirliyi ilə əməkdaşlıq çərçivəsində ADU-da birgə tədbirlərin keçirilməsindən və tələbələrlə ünsiyyətdən razı qaldığını söyləmişdir.

Universitetin prorektoru Jalə Qəribova ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gələn amerikalı tələbələr üçün təşkil edilən yay məktəbi haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu il dördüncü dəfə keçiriləcək yay məktəbinə yenə də ADU ev sahibliyi edəcəkdir. Proqram qruplarda keçirilən intensiv dil təlimi və mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq nümayiş etdirəcək və ailələrdə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. Tələbələr Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı, incəsənəti, musiqisi, hətta mətbəxi haqqında ətraflı biliklərə sahib olacaqlar. ÖDT iştirakçıları təqaüd proqramından sonra da dili öyrənməyə davam edəcək və dil vərdişlərini gələcək peşəkar karyeralarına yönəldəcəklər.

Florida ştatının nümayəndəsi xanım Cenifer Karol bu cür səfərlərin   tanışlıq  baxımından əhəmiyyətini qeyd etmiş, səmimi görüş üçün nümayəndə heyəti adından minnətdarlığını bildirmişdir.

Sonra qonaqlar İnformasiya Resurs Kompleksi, Amerika mərkəzi ilə yaxından tanış olmuşlar.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 4.