ABŞ-ın müxtəlif ştatlarının qanunverici orqanlarının üzvlərindən ibarət nümayəndə heyəti ARDNŞ-nin dəvəti ilə Bakıda səfərdədir

 

 "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilən final mərhələsinin rəsmi sponsoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ABŞ-ın müxtəlif ştatlarının qanunverici orqanlarını təmsil edən konqresmensenatorlardan, habelə tanınmış ictimai xadimlərdən ibarət böyük bir nümayəndə heyətini Azərbaycana dəvət etmişdir.

ARDNŞ-nin mətbuat xidmətindən bildirmişlər ki, musiqi yarışmasının finalında iştirak etmək, habelə ölkəmizin son illərdə qazandığı sosial-iqtisadi uğurları ilə tanış olmaq istəyən 50-dən artıq konqresmen, 19 senator, merlər, hazırkı və sabiq prokurorlar, səfirlər, keçmiş nazirlər, incəsənət adamları, ümumilikdə Amerika ictimai fikrinə böyük təsir gücünə malik 100-dən çox şəxs ARDNŞ-nin dəvətini qəbul edərək Bakıya gəlmişlər. Bu səfər onlara ölkəmizi və xalqımızı daha yaxından tanımaq, zəngin tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz, milli dəyərlərimiz haqqında birbaşa, vasitəçilərin iştirakı olmadan ətraflı məlumat almaq imkanı verəcəkdir.

Qonaqlar artıq səfərlərinin ilk günlərində Azərbaycan Respublikasının Milli Məclisində, Heydər Əliyev Fondunda, Azərbaycan Diplomatik Akademiyasında, Dillər Universitetindəki Amerika Mərkəzində olmuş, görüşlər keçirmiş, şəhər turuna çıxmış və Qala Tarix-Etnoqrafiya Qoruğuna səfər etmişlər.

Bakının görməli yerləri ilə tanışlıq, şəhərimizin müasir siması, tarixi abidələri, sakinlərin mehribanlığı qonaqlarda xoş təəssürat yaratmışdır. Bunu Texas senatoru Rodney Ellisin dedikləri də sübut edir. Mayın 25-də ARDNŞ prezidentinin adından amerikalı qonaqların şərəfinə verilmiş ziyafətdə o, etiraf etmişdir ki, "əgər mən Bakının belə gözəl, müasir şəhər, Azərbaycanın belə sivildemokratik bir ölkə olduğunu bilsəydim, ailəm və uşaqlarımla birlikdə bura çoxdan gələrdim".

ARDNŞ-nin dəvəti ilə ABŞ-ın müxtəlif ştatlarının qanunverici orqanlarını təmsil edən konqresmensenatorlardan, habelə tanınmış ictimai xadimlərdən ibarət nümayəndə heyətinin Bakıya səfəri davam edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 may.- S. 4.