Şimali Kiprdə 28 may - Respublika Gününə həsr olunmuş Azərbaycan - Şimali Kipr Gənclər Forumu keçirilmişdir

 

 Mayın 24-də Şimali Kiprin Qazimağusa şəhərində 28 may - Respublika Gününə həsr olunmuş Azərbaycan - Şimali Kipr Gənclər Forumu keçirilmişdir.

Forum Milli Məclisin deputatı Gülər Əhmədovanın təşəbbüsü, Doğu Akdeniz Universitetindəki "Azərbaycan Cəmiyyəti" və "Miras" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə "Dünyada mənim Vətənim" layihəsi çərçivəsində baş tutmuşdur.

"Miras" İB-dən AzərTAc-a bildirmişlər ki, forumda Şimali Kiprin rəhbəri Dərviş Əroğlu çıxış edərək Azərbaycanın bu ölkə üçün qardaş olduğunu, Kipr xalqının Azərbaycan ilə bağlı hər məsələyə çox həssaslıqla yanaşdığını, Azərbaycanın güclənən və dünyada nüfuzlu yer tutmuş ölkə olduğunu xüsusi vurğulamışdır.

"Azərbaycanlı Tələbələr" Birliyinin sədri Elçin SüleymanovDoğu Akdeniz Universitetinin rektoru professor Abdullah Öztoprak azərbaycanlı tələbələrin universitetinŞimali Kiprin ictimai həyatında fəal iştirak etdiyini, azərbaycançılıq ideyalarının təbliği sahəsində səmərəli fəaliyyət göstərdiklərini bildirmişlər.

Milli Məclisin deputatları Gülər Əhmədova və Sədaqət Vəliyevanın çıxışları da forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Milli Məclisin deputatları forum çərçivəsində azərbaycanlı tələbələrin qayğıları və problemləri ilə bağlı geniş fikir mübadiləsi aparmışlar.

Forumda "Miras" İB-in sədri Fariz Xəlilli Azərbaycanda mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində dövlətimizin gördüyü genişmiqyaslı işləri qeyd etmişdir.

YAP Nizami Rayon Gənclər Birliyinin sədri Əli Pənahov Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti barədə iştirakçılara məlumat vermişdir.

Forum çərçivəsində tələbə gənclərin qaldırdıqları problemlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Forumda Azərbaycan və Şimali Kipr gənclərinin gələcək fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən birgə bəyannamə qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 10.