Azərbaycan bu möhtəşəm yarışmanın müvəffəqiyyətlə təşkil edilməsinə nail olmuşdur

 

"Eurovision-2012" mahnı müsabiqəsi indiyədək jurnalist kimi qatıldığım yarışmalardan yaxşı mənada fərqlənir. Azərbaycan bu möhtəşəm yarışmanın müvəffəqiyyətlə təşkil edilməsinə nail olmuşdur.

Bu sözləri AzərTAc-a müsahibəsində belçikalı jurnalist Raf Van Bedts demişdir. On iki ildir jurnalist kimi "Eurovision" mahnı müsabiqəsinə qatıldığını deyən belçikalı jurnalist Bakı şousunun çox maraqlı təşkil edildiyini diqqətə çatdırmışdır.

İki həftədir Bakıda olduğunu deyən Raf Van Bedts yarışma ilə əlaqədar Mətbuat Mərkəzində daha çox çalışmasına baxmayaraq, şəhərin tarixi yerlərini də gəzdiyini nəzərə çatdırmışdır. Bildirmişdir ki, Bakının qədim və müasir memarlıq nümunələri paytaxta xüsusi gözəllik verir. Vurğulamışdır ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir ölkədir. İnsanları mehriban və qonaqpərvərdirlər.

Raf Van Bedts Bakı şousunda Albaniya, Makedoniya, Serbiya təmsilçilərinin ifalarını yüksək qiymətləndirmiş, azərbaycanlı Səbinə Babayevanın bənzərsiz ifasını xüsusilə qeyd etmişdir.

Belçikalı jurnalist Azərbaycan haqqında ən gözəl təəssüratlarını öz həmvətənləri ilə məmnuniyyətlə bölüşəcəyini bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 11.