Bişkekdə Respublika Günü münasibəti ilə mərasim keçirilmişdir

 

Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdə Respublika Günü münasibəti ilə mərasim keçirmişdir.

Tədbirdə Qırğızıstan Prezident Adminstrasiyası, ölkə parlamenti - Joqorku Keneşin deputatları, nazirlər, ölkədə akkreditə olunmuş səfirlik və nümayəndəliklər, yerli ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev 94 il əvvəl müsəlman Şərqində yaradılmış ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi, inkişafı və süqutu haqqında geniş məlumat vermişdir. Səfir Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti, adət-ənənələri haqqında ətraflı söhbət açmış, müstəqillik illərində ölkəmizin  əldə etdiyi uğurlardan danışmışdır.

Qırğızıstan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Sapar İsakov AXC-i yaranmasının 94-cü ildönümü münasibətilə Azərbaycan xalqını Qırğızıstan hökuməti və öz adından təbrik etmiş, Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri, Bişkekdə Qırğızıstan-Azərbaycan Hökumətlərarası komissiyasının birinci iclasının keçirilməsini iki qardaş ölkə arasında əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd etmişdir. Sonra Qırğızıstan parlamenti - Joqorku Keneşinin sədri Asılbek Jeenbekovun 28 May-Respublika Günü münasibəti səfirliyə daxil olmuş təbrik məktubu oxunmuşdur.

Respublika Günü münasibəti ilə səfirlik əməkdaşları tərəfindən hazırlanmış məlumatlar toplusu Qırğızıstanın dövlət orqanları, diplomatik nümayəndəliklər, qəzet redaksiyaları, informasiya agentlikləri arasında yayılmışdır.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 27 may.- S. 13.