Türk əsgərinin xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur

 

 Ermənilərin Azərbaycanda törətdikləri soyqırımının qarşısını almaq məqsədi ilə 1918-ci ildə Qafqaz İslam Ordusu tərkibində Azərbaycana gələn və şəhid olan türk əsgərinin xatirəsinə Şamaxı rayonunda ucaldılmış abidə yenidən qurulduqdan sonra açılmış və bu münasibətlə burada mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən türk zabitləri, Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər, habelə Şamaxı rayon sakinləri iştirak etmişlər.

Əvvəlcə  şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.     

Hərbi attaşe Yücəl Karauz tarixə nəzər salaraq iki qardaş ölkənin çətin şəraitlərdə həmişə bir-birinə dayaq olmasından bəhs etmişdir. Tədbiri şəhidlərlə görüş bayramı adlandıran Y.Karauz Respublika Günü ilə birgə iki bayramı qeyd etməyin sevincini yaşadığını dilə gətirmişdir. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün irslərinin qardaş xalqlara həmişə yol göstəricisi olacağını qeyd edən attaşe bundan sonra da "Azərbaycan bizim qəlbimizin şah damarı olmaqda davam edəcəkdir"-demişdir.

Ermənistan işğalçılarının 1918-ci ildən bəri Azərbaycana qarşı törətdikləri vəhşiliklərdən danışan Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun vətənimizin bölünməzliyi uğrunda göstərdiyi əvəzsiz xidmətlər haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Prezident İlham Əliyevin tapşırığı əsasında ucaldılmış abidənin iki ölkənin qardaşlığı naminə böyük əhəmiyyət kəsb etdiyini qeyd edən A.Məmmədov bütün şəhidlərə Allahdan rəhmət diləmişdir.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç vətənimizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin heç vaxt unudulmayacağını və şəhidlik zirvəsinin müqəddəs olduğunu vurğulamışdır. Abidənin ucaldılmasında göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

Sonda abidə önünə gül dəstələri düzülmüş, xatirə şəkilləri çəkdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 30 may.- S. 10.