Kiyevdə Qara dəniz-Xəzər regionunun Avropanın və qlobal enerji təhlükəsizliyində rolu mövzusunda beynəlxalq dəyirmi masa keçirilmişdir

 

 Ukrayna Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutunun (MSAİ) Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş konfrans salonunda "Qara dəniz-Xəzər regionunun Avropanın və qlobal enerji təhlükəsizliyində rolu" mövzusunda beynəlxalq "dəyirmi masa" keçirilmişdir.

Forumun təşkilatçıları qismində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin dəstəyi ilə Ukrayna Prezidenti yanında MSAİ və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) çıxış etmişlər.

Ukrayna Prezidenti yanında MSAİ-nin direktoru Andrey Yermolayev tədbiri giriş sözü ilə açaraq, forumun təşkilinə göstərdiyi köməyə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirmişdir.

Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətli institutun və mərkəzin rəhbərlərini, Qara dəniz-Xəzər regionu ölkələrindən olan həmkarlarını, GÜAM-ın baş katibi Valeri Çeçelaşvilini və digər tədbir iştirakçılarını salamlayaraq, uzaq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və Ukrayna Xalq Respublikası arasında diplomatik münasibətlərin yaranması tarixinə qısa ekskurs etmişdir.

O, Azərbaycan Respublikası və Ukrayna arasında müasir münasibətləri nümunəvi örnək adlandırmış və foruma uğurlu iş arzulamışdır.

Sonra SAM direktorunun müavini Gülşən Paşayeva çıxış edərək, Xəzər dənizi hövzəsindən Avropaya neft və qaz daşınmasının əsas marşrutlarından biri kimi regionun rolunun son on ildə artdığını qeyd etmişdir. Natiq vurğulamışdır ki, görünür, bunun, həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Aİ, həm də tranzit və neft hasil edən ölkələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin ölkələr üçün mühüm əhəmiyyəti vardır.

G.Paşayeva vurğulamışdır ki, məhz geostrateji mövqe ilə  zəngin neft və qaz ehtiyatlarının nadir vəhdəti bir tərəfdən aparıcı dünya və regional aktorların Azərbaycana uzunmüddətli marağını şərtləndirmiş,  digər tərəfdən gənc müstəqil dövlət qarşısında özünün geosiyasi və geoiqtisadi prioritetlərinin müəyyən edilməsi kimi mürəkkəb vəzifə qoymuşdur. G.Paşayevanın fikrincə, son illərin diplomatik uğurları təsdiq edir ki, Azərbaycan çoxsaylı aparıcı oyunçuların ölkəni qarşıdurma meydanına çevirmək cəhdlərinin qarşısını alaraq, özünün suveren milli maraqlarını uğurla müdafiə etməyə nail olur.

"Qara dəniz-Xəzər regionunda təhlükəsizliyin əsasi kimi milli maraqlar balansı" adlı birinci sessiyada Azərbaycan Respublikası Prezidenti yanında SAM-ın Xarici siyasətin təhlili şöbəsinin aparıcı elmi əməkdaşı Kamal Makili-Əliyev "Xəzər dənizinin hüquqi statusunun regional təhlükəsizlik üçün əhəmiyyəti" mövzusunda məruzə  etmişdir.

GÜAM-ın baş katibi Valeri Çeçelaşvili  Qara dəniz-Xəzər regionunun perspektivli enerji layihələrinin həyata keçirilməsində GÜAM-ın rolundan söz açmışdır.

"Qara dəniz-Xəzər regionunda enerji nəqliyyat dəhlizləri" adlı ikinci sessiyanın moderatoru Azərbaycan Respublikası Prezidenti yanında SAM-ın Xarici siyasətin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov olmuşdur. R.İbrahimov "Qara dəniz regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Xəzər dənizi regionunun enerji resurslarının aktuallığı" mövzusunda məruzə etmişdir.

 "Dəyirmi masa"da xarici diplomatlar, ekspertlər, Ukrayna dövlət strukturlarının yüksək vəzifəli nümayəndələri, analitiklər və başqaları çıxış etmişlər.

Andrey Yermolayev yekun nitqi ilə çıxış etmişdir.

Beynəlxalq "Dəyirmi masa" başa çatandan sonra Ukrayna Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Sənədi A.Yermolayev və G.Paşayeva imzalamışlar.

 

 

Zeynal AĞAZADƏ

 

Azərbaycan.- 2012.- 31 may.- S. 12.