Milli Məclisdə uşaq hüquqlarının qorunması ilə bağlı konfrans keçirilib

 

Mayın 15-də Milli Məclisin Sosial siyasət komitəsi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş "Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri" mövzusunda konfrans keçirib.

Komitə sədri  Hadi Rəcəbli bildirib ki, 15 may tarixi dünyada beynəlxalq ailə günü kimi qeyd edilir. Bu səbəbdən qərara alınıb ki, uşaq hüquqları ilə bağlı konfrans məhz həmin tarixdə keçirilsin. Konfransda iki mövzu - uşaq hüquqları və uşaqların asudə vaxtının təşkili ətrafında müzakirələr aparılıb. Öncə H.Rəcəbli "Uşaq hüquqları haqqında qanun"un 25-ci maddəsini xatırladıb: "Hər bir uşağın asudə vaxtdan istifadə etmək hüququ var. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Dövlət uşaqların istirahət və asudə vaxtlarını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər, idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir". Onun sözlərinə görə, uşaq hüquqlarının qorunması dövlət siyasətinin əsas pioritetlərindən biridir.

Konfransda çıxış edən gənclər və idman nazirinin  müavini İntiqam Babayev bildirib ki, nazirlik bu məsələdə üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirir. Hazırda Respublika Uşaq Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Hər il bu mərkəzdə 1000-1500 uşaq istirahət edir. İ.Babayev onu da diqqətə çatdırıb ki, həm paytaxt Bakıda, həm də rayonlarda uşaqların, gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün "Gənclər Evi"nin tikilməsi planlaşdırılıb. Paytaxtda 5, rayonlarda isə 10 belə istirahət mərkəzi tikiləcək.

Konfransda UNİCEF-in ölkə nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa, Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostopulos, "Dünyaya Baxış" təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Giorgi Devidze çıxış edib Azərbaycanın "Uşaq hüquqları haqqında" BMT-nin konvensiyasına qoşulduğunu bir daha xatırladıblar. Qeyd olunub ki, hazırda ölkəmizdə əhalinin 30 faizini uşaqlar təşkil etdiyi üçün onların asudə vaxtının səmərəli keçirilməsi çox vacibdir. Əks halda uşaqlar çox zaman pis vərdişlərə meyil göstərirlər.

Konfransda konkret mövzular ətrafında çıxışlar olub. "Uşaq hüquqları: Milli qanunvericilik" mövzusunda çıxış edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, Azərbaycanda hər bir uşağın yaşaması, qorunması dövlət siyasətinin əsasını təşkil edir. Respublikamızda valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının artırılması, uşaq alveri, uşaq baxımsızlığı məsələsi daim diqqətdədir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Onun sözlərinə görə, hazırda Azərbaycanda üşaq hüquqlarının qorunması sahəsində möhkəm qanunvericilik bazası yaradılıb. Milli Məclis isə uşaq hüquqları ilə bağlı 10-dan çox qanun layihəsi qəbul edib.

Konfransda "Uşaqların istirahət hüququ: Oynamaq-inkişaf etmək deməkdir", "Şəhərsalma və istirahət hüququ: Uşaqlar üçün yararlı şəhərlər konsepsiyası", "Uşaqların asudə vaxtının təşkilinin Azərbaycanda mövcud vəziyyəti" mövzuları ilə bağlı çıxışlar edilib, müxtəlif təkliflər irəli sürülüb.  

      

 

Azərbaycan .- 2012.- 16 may.- S. 2.