Benilüks Azərbaycanlıları Konqresinin dünya azərbaycanlılarına müraciəti

 

 Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) dünya azərbaycanlılarına müraciət qəbul etmişdir. Müraciətdə deyilir: 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan görkəmli siyasi xadim və təcrübəli dövlət başçısı Heydər Əliyevin sayəsində müstəqilliyini qoruyub saxlaya bilmiş, sürətli iqtisadi inkişaf sayəsində qısa bir vaxtda beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da yüksəlmiş, Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə, söz sahibinə çevrilmişdir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün genişmiqyaslı regional layihələr həyata keçirir, Avropaya inteqrasiya istiqamətində inamlı addımlar atır. Ölkəmiz bir çox sahələrdə, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısı kimi Avropa İttifaqı ilə etibarlı əməkdaşlıq  münasibətləri qurmaqdadır. Artıq dünyanın aparıcı dövlətləri siyasət aləmində Azərbaycan ilə hesablaşırlar. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, belə bir nüfuzlu qurumun iclaslarına sədrlik etməsi buna əyani sübutdur. Xarici siyasətində demokratik və dünyəvi prinsiplərə sadiq qalan gənc Azərbaycan dövləti dünyada tolerant bir ölkə kimi tanınmışdır. Əldə etdiyi uğurların nəticəsidir ki, indi Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edir. 

Azərbaycanın  istər daxili, istərsə də xarici siyasətdəki uğurlarına nədənsə bəzi ölkələrdə bədxah qara qüvvələr kölgə salmağa cəhd göstərirlər. Ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistan istisna olmaqla, Azərbaycan yaxın qonşu dövlətlərlə dostluq münasibətlərinin inkişafına daim səy göstərməsinə, onların ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasına baxmayaraq, son zamanlar İranda bəzi qara qüvvələrin din pərdəsi altında ölkəmizə qarşı arzuolunmaz hərəkətləri, Təbrizdəki konsulluğumuz qarşısında aksiyalar keçirmək təşəbbüsləri Hollandiyada yaşayan azərbaycanlıları ciddi şəkildə narahat etməyə başlamışdır. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmadığı halda, tarix boyu dostluq və mehriban qonşuluq şəraitində yaşadığımız İranda ölkəmizə qarşı bədxah hərəkətlərə yol verilməsinə, bəzi kütləvi informasiya vasitələrində dövlətçiliyimizə və müstəqilliyimizə qarşı materialların dərc edilməsinə dövlət rəsmilərinin göz yummalarını BAK qətiyyətlə pisləyir. 

Son zamanlar bədxah qara qüvvələrin ümumi Vətənimiz olan  Azərbaycana qarşı yönəlmiş hərəkətlərinə layiqli cavab vermək üçün BAK bütün dünya azərbaycanlılarını möhtərəm Prezidentimiz ətrafında daha sıx birləşməyə, İranda suveren dövlətimizə qarşı hər hansı iftira dolu təbliğata son qoyulması, "Səhər" televiziya kanalının qərəzli verilişlərinin dayandırılması üçün birgə səy göstərməyə, İranda ölkəmizə qarşı aksiyalar davam edəcəyi təqdirdə, ona cavab olaraq  azərbaycanlıları yaşadıqları ölkədəki İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyə çağırır.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 16 may.- S. 3.