Fransa jurnalında Azərbaycan ilə bağlı məqalələr dərc edilmişdir

 

 Parisdə nəşr olunan "Diplomatiya: əsas sənədlər" jurnalının oktyabr-noyabr nömrəsində Azərbaycan ilə bağlı məqalələr çap olunmuşdur.

Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fransız jurnalisti Oliviye Russo ilə müsahibəsi jurnalda "Azərbaycanın geosiyasəti" sərlövhəsi altında verilmişdir. Jurnalistin Azərbaycan ilə NATO arasında gələcək əməkdaşlıq barədə sualını cavablandıran N.Məmmədov ölkəmizin beynəlxalq təhlükəsizliyə xüsusi əhəmiyyət verdiyini diqqətə çəkmiş, Qərb və Avropa dövlətlərinin terror aktlarına məruz qaldığını, terrorizmə qarşı beynəlxalq ictimaiyyətin birgə mübarizə aparmasının vacibliyini, Azərbaycan  hökumətinin terroru  dünyanı təhdid edən bir təhlükə kimi qətiyyətlə pislədiyini və terrora  qarşı mübarizədə hər cür kömək göstərməyə hazır olduğunu  bəyan etmişdir.

Jurnalistin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinin regionda ciddi mübahisə doğurduğubunun Azərbaycan üçün problem yaradıb-yaratmaması sualına cavabında N.Məmmədov bildirmişdir ki, Xəzər dənizinin beynəlxalq hüquqi statusu mühüm məsələdir. Bu məsələdə Azərbaycan Respublikasının mövqeyi beynəlxalq təcrübədə artıq qəbul edilmiş sektorlara bölünmə prinsipinə əsaslanır. 1921-ci və 1940-cı illərdə bağlanmış Rusiya-İranSovet İttifaqı-İran sazişləri Xəzər dənizinin mineral ehtiyatlarının istismarı və tədqiq edilməsi məsələlərini qaydaya salmamışdır. Bu sazişlər artıq reallığa cavab vermirlər və onlar mahiyyətlərini itirmişlər. Xəzər dənizinin yeni statusunun hazırlanması labüddür.

Novruz Məmmədov sovetlər birliyi dövründə Xəzər dənizinin sahilyanı ölkələr arasında bölündüyünü, 1962-ci il sentyabrın 15-də Tehranda İran xarici işlər naziri ilə SSRİ-nin bu ölkədəki səfiri arasında gizli memorandum imzalandığını, "Astara-Həsənqulu xətti"nin Xəzər dənizində İran ilə SSRİ arasında sərhəd zolağı olduğunu bildirmişdir. 1992-ci ildən etibarən  Xəzər dənizi probleminin daha İran ilə SSRİ arasında deyil, Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın iştirakı ilə həlli yollarının müzakirə olunduğunu diqqətə çatdırmışdır.

2009-cu ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair bağlanan sazişin Azərbaycan üçün hansı nəticələr verəcəyi ilə bağlı sualın cavabında   N.Məmmədov bildirmişdir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdir. BMT Təhlükəsizlik Şurası bu ərazilərin heç bir şərt qoyulmadan dərhal azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etmişdir. Beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə  Azərbaycan ərazilərinin işğalına etiraz əlaməti olaraq 1993-cü ildən Ermənistan ilə sərhədlərini bağlamışdır. Zəbt edilmiş torpaqlar azad edilməyincə Türkiyənin Ermənistanla iqtisadi və diplomatik əlaqələri normallaşdırmaması normal və məntiqidir. Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da bütün məsələlərin həllində daim Türkiyənin mövqeyini dəstəkləyir.

 Jurnalistin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Madrid prinsipi versiyasının aktuallaşması və onun 14 prinsipindən hansının problem yaratmasına dair sualı cavablandıran N.Məmmədov ölkəmizin münaqişənin danışıqlar yolu ilə həllini həmişə dəstəklədiyini və  bu mövqeyin dəyişməz olduğunu vurğulamış, münaqişəyə dair qətnamə barədə son  Helsinki Aktı prinsipləri ilə  Azərbaycan rəsmilərinin razılaşdığını, həmçinin Madrid prinsiplərinə sadiq olduğunu,  Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünə qarşı heç bir təhlükə gözlənilmədiyini, beynəlxalq hüququn normalarından çıxış edərək  Dağlıq Qarabağda yaşayan ermənilərin  ən yüksək statusuna təminat verilməsinə hazır olduğunu, amma erməni tərəfinin Madrid prinsipləri ilə razılaşmadığını bildirmişdir.    

Macarıstanda erməni zabitini öldürdüyünə görə 8 il həbsdə yatdıqdan sonra Azərbaycana verilən Ramil Səfərovun Prezident tərəfindən əfv edilməsinin Avropada və ABŞ-da bəzi dairələr tərəfindən tənqid olunmasının Bakını beynəlxalq səhnədən, Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaqdan  kənarda qoya bilərmi sualını cavablandıran N.Məmmədov  R.Səfərovun ərazisi işğal olunan bir dövlətin vətəndaşı və zabiti olduğunu, münaqişə zamanı Ramilin neçə-neçə yaxınlarını itirdiyini, onun Vətənə verilməsinin Avropa Konvensiyasının tələblərinə tamamilə uyğun olduğunu bildirmiş, ermənilərin  həyata keçirdikləri terror aktları nəticəsində onlarla türk diplomatının məhv edildiyini, hətta Fransanın Orli beynəlxalq hava limanında  erməninin törətdiyi terror aktı zamanı 8 nəfərin həlak olduğunu və 60-dan artıq insanın yaralandığını, Xocalı faciəsində əlləri yüzlərlə azərbaycanlı uşaq, qadın və ahıl insanın qanına batmış cinayətkarların hazırda azadlıqda gəzdiklərini və Ermənistanda yüksək vəzifə tutduqlarını qeyd etmişdir.

Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun "Dağlıq Qarabağ müharibəsi: səbəblər, məqsədlər və iddialar" sərlövhəli məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mənşəyinin hələ XIX əsrin əvvəllərində yarandığı, rus çarı Böyük Pyotrun Cənubi Qafqazı işğal etmək planının əsas mahiyyəti, ruslar tərəfindən qızışdırılan  ermənilərin 1905-ci, 1918-ci, 1948-ci və 1988-ci illərdə ərazi iddiası  ilə azərbaycanlılara qarşı soyqırımı təşkil etmələri, beynəlxalq təşkilatların iki ölkə arasında münaqişəni danışıqlar yolu ilə həll etmək istiqamətində təşəbbüs göstərmələri, bununla əlaqədar ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə  ATƏT-in Minsk qrupunun yaradıldığına dair geniş məlumat verilmişdir.

Münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların dəfələrlə Ermənistan tərəfinin boyun qaçırması və müxtəlif bəhanələr gətirməsi  səbəbindən  baş tutmadığını diqqətə çəkən müəllif Minsk qrupunun fəaliyyətinin hələlik bir nəticə vermədiyini qeyd etmişdir.

F.Zeynalov  münaqişənin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin yeganə düzgün yol olduğunu vurğulamış və beynəlxalq ictimaiyyəti bu istiqamətdə fəaliyyət göstərməyə çağırmışdır.

Parisin  Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun  tədqiqatçıları Emin və Emil Kərimov qardaşlarının "Azərbaycanın tarixi eskizi" sərlövhəli məqaləsində ölkəmizin eramızdan əvvəlki tarixindən 1988-ci ilə qədər olan dövründən bəhs olunmuşdur. Məqalədə Azərbaycan ərazilərinin tarix boyu işğallara, talanlara məruz qaldığı bildirilmiş, ermənilərin Azərbaycan torpaqlarına köçürülmələri tarixi faktlarla diqqətə çatdırılmışdır.

Məqalədə XIX əsrdə ölkəmizdə neftin çıxarılmasına başlanmasının Azərbaycanın ictimai-siyasi həyatında mühüm dəyişikliklərə səbəb olmasından, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın - Xalq Cümhuriyyətinin yaradılması və onun 23 ay yaşamasından, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamasından, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi məsələlərindən geniş söhbət açılmışdır.

Fransız jurnalist Jak Fontenelin "Neft və qaz: Azərbaycan iqtisadiyyatının iki əsas qolu" məqaləsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi, ölkənin tərəqqisində enerji ehtiyatlarının mühüm rol oynadığı vurğulanmışdır. Məqalədə Bakı-Tbilisi-Ceyhan kəməri ilə Azərbaycan neftinin Avropa bazarlarına nəqlinin ölkənin çiçəklənməsində xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilmiş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın xüsusi rolu vurğulanmışdır.

Jurnalda yazılarla bağlı çoxlu sayda fotolar verilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2012.- 8 noyabr.- S.3.