Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ikinci dəfə ölkəmizə səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd etdi. Çeçenistanda sabitliyin bərqərar olunduğunu və genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı əldə edilən uğurlar münasibətilə R.Kadırovu təbrik etdi.                              

Çeçen xalqının Azərbaycan xalqını özünə qardaşdost hesab etdiyini deyən Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov xalqlarımız arasında mövcud olan bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğuladı.  Ramzan Kadırov Azərbaycanda gedən sürətli inkişaf proseslərinin böyük maraqla izlənildiyini dedi. Ramzan Kadırov çeçen xalqının ən çətin vaxtlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onlara göstərdiyi qayğını ehtiramla xatırladı.

 

*   *   *

 

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şərəfinə nahar verildi.       

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.1.