Milli Məclisdə 2013-cü il dövlət büdcəsi zərfinə daxil olan layihələrin müzakirəsi başa çatdı

 

Dünən Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatdı. İclasda eyni zamanda büdcə zərfinə daxil olan "Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", "Milli Məclisin 2013-cü il üçün xərclər smetasi haqqında" və "Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında" qanun layihələri də müzakirə edildi.

 

Neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaqdır

 

 Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ötən iki gün ərzində 2013-cü ilin dövlət büdcəsi geniş müzakirə olunub, deputatlar bir sıra məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər. Bu iclasda maliyyə naziri və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirəcəklər.

Öncə maliyyə naziri Samir Şərifov çıxış edərək bildirdi ki, deputatların bəziləri çıxışlarında büdcə layihəsində neftin 1 barelinin qiymətinin 100 dollar olması ilə bağlı risklərin yaranacağını söylədilər: Amma bu, belə deyildir: "Dövlət büdcəsinin gəlirlərinin bir qismi gömrük və vergi orqanlarından daxilolmalar və Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaqdır. Büdcəyə Dövlət Neft Fondundan transfert neft rəqəmləri ilə bağlı deyildir. Vergi daxilolmaları qeyri-neft sektorundan, ARDNŞ və ABƏŞ-dən daxil olan vergilərdən ibarətdir. Mənfəət vergiləri müəyyən risklərlə üzləşə bilər. Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaqdır. Hökumət beynəlxalq vəziyyəti izləyir və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər. Lakin hökumətin hesablamalarına görə, dövlət büdcəsinin gəlirlər hissəsinə dəyişikliklər gözlənilmir".

Nazir bildirdi ki, 2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin əməkhaqlarının artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, 2004-cü ildən minimum aylıq əməkhaqlarının baza hissəsinin 10 dəfədən çox artımı baş verib: "Həkim və müəllimlərin əməkhaqları 11 dəfə artırılıb. Gələn il də bu ənənə davam etdiriləcək və maaşlar qaldırılacaqdır".

İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova da deputatların irəli sürdükləri təkliflərə münasibət bildirdi. Nazir müavini eyni zamanda, iqtisadi inkişaf konsepsiyasının məqsədlərini açıqladı. Bildirdi ki, həmin sənəddə iqtisadiyyatın bütün sahələrinin inkişaf istiqamətləri müəyyən olunub. Konsepsiyada maşınqayırma, kimya, metallurgiya, yüngül sənaye, turizmin inkişafı əsas götürülüb: " Qarşıdan  gələn 10 ildə ÜDM-in həcmini 2 dəfədən çox artırmağı, adambaşına düşən gəliri 13 min dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Gələn il qeyri-neft sektorunda 11,7 faiz artım olacaqdır. Büdcəyə qeyri-neft sektorundan vergi gəlirləri 14,7 faizə çatacaqdır. Qeyri-neft sektorunun, xüsusən, ticarət sektorunun genişmiqyaslı dəstəklənməsi üçün tədbirlər görüləcək. Hazırda Azərbaycanda sənayenin modernləşdirilməsi, sənayeləşmə siyasəti həyata keçirilir".

Sevinc Həsənova subsidiya mexanizminin təkmilləşdirildiyini də xüsusi qeyd etdi. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya sistemi hazırlayıb. Nazir müavini vurğuladı ki, regionların inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu sahədə birinci proqram başa çatıb, artıq ikinci proqramın icrasına başlanılıb.

Sonra çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, parlamentin  üç gün davam edən iclaslarında 2013-cü ilin dövlət büdcəsi geniş müzakirə olunub. Hökumət iclaslarda səslənən rəy və təklifləri nəzərdən keçirmək üçün parlamentdən vaxt istəyib. Hökumətə bu məqsədlə vaxt verilir. Rəy və təkliflərə baxıldıqdan sonra büdcə zərfi yenidən parlamentə qaytarılacaq və səsvermə olacaq.

 

Gələn il ölkədə pensiyaçıların sayının 1 milyon 279 min nəfər olacağı gözlənilir

 

 İclasda "Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başlandı. İlk çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, dünyanın əksər dövlətləri iqtisadi böhran üzündən ciddi sıxıntılar keçirsə də, Azərbaycanda iqtisadiyyat, sosial durum yaxşılaşıb: "Fondun bu il üçün 2 milyard 632 milyon 695 min manatlıq büdcəsini 2006-cı ilin rəqəmləri ilə tutuşdurduqda artımın beş dəfədən çox olduğu aydınlaşar. Bu, bizi sevindirir. Hər il olduğu kimi, növbəti ildə də bu məbləğin əksəriyyəti, yəni, 97,6 faizi bilavasitə insanların pensiya təminatına yönəldiləcəkdir. Ödəmələrin təsnifatına diqqət yetirdikdə bunlardan 64,5 faizinin yaşa, 27 faizinin əlilliyə, 135 min nəfərinin isə ailə başçısını itirməyə görə pensiya alacağı göründü".

Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" qanun layihəsi barədə məlumat verdi. Onun sözlərinə görə, DSMF-in gələn il üçün büdcə layihəsi tərtib edilərkən Azərbaycanda cari ilin sosial-iqtisadi inkişaf göstəriciləri və növbəti ilin sosial-iqtisadi proqnozları, 2012-ci ilin yanvar-sentyabr aylarında DSMF-in büdcəsinin icra vəziyyəti, ölkəmizin növbəti il üçün demoqrafik inkişaf meyilləri, sığorta-pensiya sisteminin əsas parametrləri, pensiyaçıların say göstəriciləri nəzərə alınıb. 2013-cü ildə ölkəmizdə pensiyaçıların sayının 1 milyon 279 min nəfər olacağı gözlənilir.

Layihəyə əsasən, 2013-cü ildə DSMF-in büdcəsinin gəlir və xərclərinin hər birinin 2 632 695 000 manat həcmində olması nəzərdə tutulur. Bu, 2012-ci illə müqayisədə 178,7 milyon manat və ya 7,3 faiz çoxdur. Bu vəsaitin 2 milyard 500,3 milyon manatı pensiyaların maliyyələşdirilməsinə, 70 milyon manatı sosial müavinətlərə yönəldiləcək.

Fondun gələn il üçün büdcəsinin gəlirləri barədə də ətraflı məlumat verən Səlim Müslümov dedi ki, gəlirlərin mənbələri əsasən məcburi dövlət sosial sığorta haqları, o cümlədən büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə, dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi üzrə daxilolmalar, digər sığortaedənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə, sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar və dövlət büdcəsindən ayırmalardan (transfert) və sair gəlirlərdən ibarət olacaq.

Xərclərin istiqamətləri isə daha çoxdur. Burada bir neçə istiqamət diqqəti cəlb edir. Məsələn, əhaliyə ödənişlər sırasında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 18 milyon manat, hamiləliyə doğuşa görə 22 milyon manat, uşağın anadan olmasına görə 4,5 milyon manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 8 milyon, dəfn üçün 12,7 milyon işsizliyə görə 4,9 milyon manat ayrılması nəzərdə tutulub.

Fondun sədri bildirdi ki, son illər Azərbaycanda böyük sayda yerlərinin açılmasına baxmayaraq, bəzi yerləri gizlədilir işləyənlərə verilən əməkhaqları rəsmi sənədlərdə çox aşağı səviyyədə - real məbləğdən təqribən 2-2,5 dəfə aşağı göstərilir. Buna sübut olaraq S.Müslümov əhalinin gəlirlərində əməkhaqqının payının aşağı olduğunu göstərdi. Statistik məlumatlara əsasən, Azərbaycan əhalisinin illik gəlirləri 30,660 mlrd. manat təşkil edir bunun yalnız 23 faizi əməkhaqqıdır. Başqa rəsmi statistikaya görə, iqtisadiyyatda məşğul olanların cəmi 31,7 faizi müqavilə əsasında muzdla işləyənlərdir. S.Müslümov dövlət başçısının bununla bağlı ciddi  tapşırığından sonra tədbirlərə başlandığını bir neçə ay ərzində 180-190 min nəfərlə yenidən əmək müqaviləsi bağlandığını vurğuladı. Onun fikrincə, gələn il pensiyalar 9,1 faiz artaraq 163 manata çatacaq. İlk dəfə pensyia məbləği 200 dolların üzərinə qalxacaq.

Fondun büdcəsinin müzakirəsi zamanı çıxış edən deputatlar əhalinin pensiya müavinətlərini almalarını daha da asanlaşdırmaq üçün ölkənin şəhər rayonlarında bankomatların sayının artırılmasının vacibliyini vurğuladılar. Eyni zamanda, yeni doğulmuş uşaqlara verilən birdəfəlik müavinətlərin məbləğinin artırılması da məqsədəuyğun hesab olundu.  Çıxış edən deputatlar Mübariz Qurbanlı, Zahid Oruc, Qənirə Paşayeva, Əli Məsimli, Hikmət Atayev, İlham Məmmədov, Fəzail İbrahimli Əhməd Vəliyev bildirdilər ki, sənəd kifayət qədər təkmil hazırlanıb. Son bir neçə ildə Azərbaycanda bu sahəyə xüsusi diqqətin ayrıldığını söyləyən deputatlar dedilər ki, ölkədə bu istiqamət üzrə işləri gücləndirmək hökumətin apardığı siyasətin əsas prinsiplərindən biridir.

Sonra iclasda Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikasında 2013-cü ildə yaşayış minimumu adambaşına 116, əmək qabiliyyətlilər üçün 125, pensiyaçılar üçün 94, uşaqlar üçün 93 manat nəzərdə tutulub. Ölkədə ehtiyac meyarı isə 93 manat olacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, dövlət başçısının həyata keçirdiyi məqsədyönlü sosial siyasətin uğurlu nəticəsidir ki, bu rəqəmlər ötən illərlə müqayisədə əsaslı surətdə artıb.

 

 Deputatlar ezamiyyət xərclərinin artırılmasını istəyirlər

 

 Sonra parlamentin İşlər İdarəsinin müdiri Firudin Hacıyev "Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında" məlumat verdi. O bildirdi ki, Milli Məclisin onun aparatının 2013-cü il üçün xərclər smetası 18 milyon 529 min 231 manat məbləğində nəzərdə tutulub. Bu vəsaitin 67,2 faizi əməkhaqlarının ödənməsinə sərf olunacaqdır. Yeni avtomobillərin alınması üçün 250 min manat, qonaqların qarşılanması yerləşdirilməsi üçün 850 min manat, xaricə ezamiyyət üçün 400 min manat, icarə muzdlu xidmətlər üçün 200 min manat, dəftərxana ləvazimatları üçün 10 min manat, kommunal xərclərə 12 min 500 manat tələb olunur. F.Hacıyev eyni zamanda qeyd etdi ki, Milli Məclis üçün 200 ədəddən artıq avtomobil tutacaq avtoparkın tikilməsi nəzərdə tutulur.

Müzakirələrdə çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Aydın Mirzəzadə, Zahid Oruc, Etibar Hüseynov, Elmira Axundova deputatların ezamiyyət xərclərinin artırılmasını təklif etdilər. Onların sözlərinə görə, artıq Milli Məclis 70-dən çox ölkənin parlamenti ilə dostluq qrupu yaradıb tez-tez səfərlər reallaşır. Buna görə ezamiyyət xərclərinə əlavələr edilməlidir.

İclasda "Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında" məsələyə baxıldı. Palatanın sədri Heydər Əsədov diqqətə çatdırdı ki, Hesablama Palatası üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait palatanın səmərəli fəaliyyəti üçün kifayət edir.

Bununla da, 2013-cü ilin dövlət büdcəsinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdı.

 

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.4.