«Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikası medalının təsviri

 

Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

 1. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

2. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilmişdir. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" sözləri həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır.

3. İkinci dairənin daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə Yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Xəritənin üzərində əməkdaşlıq simvolu əks olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduz, dairəvi xətt, əməkdaşlıq simvolu və sözlər relyefli olub, qızılı rəngdədir.

4. Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunmuş, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilmişdir. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə Yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilmişdir. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunmuşdur. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

5. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd göy xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mərkəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaq təsvir edilmişdir. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.

6. Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

 

 

Azərbaycan.-2012.- 18 noyabr.- S.3.