Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilmişdir

 

Noyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında Qafqaz Xalqları Ali Dini Şurasının iclası keçirilmişdir.

İclas Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyətinin Avrasiya İslam Şurasının növbəti toplantısında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfəri ərəfəsində baş tutmuşdur.

İclasda Qafqazdakı mövcud dini-mənəvi vəziyyət, ənənəvi dini dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Bölgədə milli və dini zəmində separatçılıq meyillərindən narahatlıq bildirilən iclasda həmin məsələdə məhz bu amildən sui-istifadənin yolverilməzliyi qeyd edilmiş, bu cür halların qarşısının alınmasının zəruriliyi vurğulanmışdır.

Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan Mirzəyev, Kalmıkiya Respublikasının müftisi Sultanəhməd Karolayev, Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər. Qeyd edilmişdir ki, Qafqaz xalqlarının sarsılmaz birliyi bölgədə bəzi qüvvələrin dini və etnik zəmində parçalanma cəhdlərinin reallaşmasına heç vaxt imkan verməyəcəkdir. Bölgədə pozucu addımların qarşısının alınmasında, eləcə də regionda əmin-amanlığın qorunub saxlanılmasında Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti xüsusi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.7.