Fransada Azərbaycana həsr olunan radio verilişində daha çox AzərTAc-ın materiallarından istifadə edilmişdir

 

Fransada ayda bir dəfə fransız dilində Azərbaycana həsr olunan radio proqramının noyabr ayında efirə gedən növbəti verilişində daha çox AzərTAc-ın materiallarından istifadə olunmuşdur.

Radio proqramında Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri, Luvr muzeyində İslam incəsənəti departamentinin açılışında Fransa Prezidenti Fransua Ollandla dövlətimizin başçısının iştirakı, Yelisey sarayında prezidentlərin görüşü və bu görüşdə Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsinin aparılması, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Parisdə Azərbaycan səfirliyi nəzdində mədəniyyət mərkəzinin açılışında iştirakları barədə AzərTAc-da yayımlanan xəbərlər radio verilişində səsləndirilmişdir.

Verilişin aparıcıları Mustafa Alınca və Alqan Alınca AzərTAc-ın materialına istinadən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyevanın iştirak etdiyi Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələr yaradılmasının 20 illiyi münasibətilə Parisin məşhur "Pleyel" zalında hər iki ölkənin simfonik orkestrinin çıxışına dair fransız dinləyicilərinə ətraflı məlumat vermişlər.

Verilişin "Mədəniyyət" bölməsində ölkəmizi fransızlara daha yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Reims, Şalan an Şampan, Niort, Konyak və Romorantən-Lantenay  şəhərlərində ölkəmizlə bağlı təşkil edilən sərgi və konsertlər haqqında AzərTAc-da yayımlanan xəbərlər səsləndirilmişdir.

Radio proqramında ənənəvi olaraq son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələr, habelə müxtəlif adda qəzetlərin xülasələrinə dair xəbərlər də yer almışdır.

Veriliş Azərbaycan musiqisi ilə müşayiət olunmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.11.