«Açıq qapı»da maraqlı faktlar açıqlandı

 

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departametində (VCİAD) "Açıq qapı" günü keçirilmişdir. Tədbir KİV nümayəndələrini vergi xidmətinin mühüm fəaliyyət istiqamətlərindən biri olan vergi hüquqpozmaları ilə mübarizə sahəsində aparılan işlərlə tanış etmək məqsədi daşıyırdı.

Mətbuat nümayəndələrini salamlayan VCİAD-nin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədov qurumun fəaliyyət istiqamətləri barədə jurnalistlərə ətraflı məlumat verdi. KİV nümayəndələrinin nəzərinə çatdırılmışdır ki, yaradılmasından 11 ildən artıq bir vaxt keçən departament Vergilər Nazirliyi sistemində cinayətlərin ibtidai araşdırılmasını və əməliyyat-axtarış tədbirlərini həyata keçirən strukturdur.

V.Məmmədov bildirdi ki, VCİAD-ın yaradılmasının ilk təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər  2000-ci ildə prokurorluq orqanlarının rəhbər işçiləri ilə, habelə Vergi Məcəlləsinin layihəsinin müzakirəsi ilə əlaqədar keçirdiyi müşavirələrdəki çıxışlarında vergi hüquqpozmalarına və bu sahədə törədilən cinayətlərə qarşı mübarizənin aparılması üçün vergi orqanlarına əlavə səlahiyyətlərin verilməsinin zərurətə çevrildiyini vurğulamışdı. Məhz onun göstərişləri ilə 2000-ci ildə Vergilər Nazirliyinin tərkibində Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsi, sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi, 2001-ci ilin iyun ayında isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradılmışdır.

2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi orqanlarına əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq səlahiyyətlər verilmiş, sonralar departamentin səlahiyyətləri daha da genişləndirilmişdir. Bu illər ərzində VCİAD tərəfindən vergi cinayətlərinin aşkar edilməsi və qarşısının alınması məqsədilə ciddi işlər həyata keçirilmişdir.

Sonra KİV nümayəndələri departamentinin bir il əvvəl istifadəyə verilmiş yeni binası, İstintaq və Əməliyyat idarələri, təhqiqat, mühafizə və xidmət şöbələri, kriminalistika və uçot bölməsi ilə tanış olmuşlar. KİV nümayəndələri üçün VCİAD-ın fəaliyyəti, eləcə də açıq hökumətin qurulması sahəsində Vergilər Nazirliyinin gördüyü işlərlə bağlı təqdimatlar da keçirilmişdir.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Günay Cəfərli vergi xidmətində açıq hökumətin qurulması sahəsində həyata keçirilən tədbirlər barədə danışdı, vergi xidmətində aparılan islahatlarda başlıca prinsiplərdən biri kimi prosesin şəfaflığının təmin olunmasını, onun ictimai müzakirələrinin aparıldığını vurğuladı. Media nümayəndələrinə Prezidentin sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviq olunmasına dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı və bu sənədlərlə bağlı Vergilər Nazirliyində aparılan işlər barədə məlumat verilmişdir.

Departamentin strukturunda yeni yaradılmış xidmət sahələri, xüsusilə kriminalistika və uçot bölməsinin fəaliyyəti, aparılan araşdırmalar zamanı kriminalistik metodlardan istifadə edilməsi, xüsusi uçotların istifadəsi ilə cinayət törətmiş şəxslər və onların əməlləri barədə ətraflı məlumatların əldə olunması ilə bağlı VCİAD-ın təqdimatında yer almış məlumatlar KİV nümayəndələrinin marağına səbəb olmuşdur. Məlumat verilmişdir ki, departament vergi cinayətlərinə qarşı mübarizə sahəsində vergi cinayətlərini törətmiş fiziki və hüquqi şəxsləri aşkarlayaraq, dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsini təmin etmək, cinayət törətmiş və istintaqdan qaçıb gizlənən şəxsləri axtarıb tapmaq, sübutların toplanmasında kriminalistik metodlardan istifadə etməklə təhqiqat və istintaq aparmaq, xüsusi uçot bazalarını formalaşdırmaq və araşdırma ilə bağlı digər vəzifələri həyata keçirir.

Sonra KİV nümayəndələrinə vergi hüquqpozmaları ilə mübarizə sahəsində cari ilin 10 ayı ərzində aparılan işlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 358 cinayət işi başlanmış, 311 cinayət işi üzrə ibtidai istintaq tamamlanmışdır. Eyni zamanda, vergidən yayınan bir sıra müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə onların barələrində olan cinayət işinə xitam verilmiş, 9 milyon 936 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırıldı.

 

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.6.