«General»la qazanılan şöhrət

 

Ədəbi üfüqlər

 

Yaradıcılıq fəaliyyətinə faşizmə qarşı müharibə illərində başlayıb, "General"ı ilə  Azərbaycan ədəbiyyatında yerini əbədiləşdirən, qəzet və jurnal redaktoru olduğu müddətdə daha çox yazıçı  kimi tanınan Hüseyn Abbaszadənin  anadan olmasından 90 il ötür. Könlünü qələm-kağıza bağlayan yazıçı 1922-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıq və gənclik illəri çox da ürəkaçan keçməyib. Gənc Hüseyndə bədii yaradıcılığa maraq çox erkən başlayıb.  Ədəbi aləmə poeziya ilə gəlsə də, daha çox yazıçı kimi tanınıb. Nəsr sahəsində olduqca ciddi  nümunələr, ədəbiyyat aləmində hadisəyə çevrilən əsərlər yaradıb. Bu əsərlərdən ən çox şöhrət gətirəni  isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı  general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi "General" romanı olub. II Dünya müharibəsinin ilk günlərindən cəbhəyə gedib, qanlı-qadalı, çətin və şərəfli bir döyüş yolu keçib. "Ədəbiyyat və incəsənət" qəzetinin, "Azərbaycan" jurnalının baş redaktoru, Yazıçılar İttifaqının katibi vəzifələrində çalışıb.

"Əlibalanın ağır səfəri", "Tələ", "Burulğanlar", "Dünyadan gör necə insanlar gedir", "Qayıdanlardan biri", "Ləpədöyəndə", "Qaradağ əhvalatı", "Evə kölgə düşür", "Qapı döyülür", "Mənsur" kimi əsərləri geniş oxucu auditoriyasının müraciət etdiyi ədəbi nümunələr Hüseyn Abbaszadəyə məxsusdur. Yazıçının yaradıcılığında müharibə mövzusuna daha geniş yer verməsi təsadüfi deyildi. "Onu tanımadılar", "Şokalad paylayan qız", "Uzaqdan gələn qonaq", "Dörd bazar günü", "Haradansınız, müsyö Abel?" kimi povestləri də müharibə mövzusuna həsr edilib.

Hüseyn Abbaszadənin yaradıcılığı barədə ədəbi ictimaiyyətin tanınmış simaları vaxtilə mükəmməl fikirlər söyləyiblər. Lakin yazıçını ən yaxşı təqdim edən öz əsərləridir. Çünki istər böyük əsər, yaxud kiçik həcmli məqalə hər  yazıçının, şairin bir növ pasportu - simasıdır. Xalq yazıçısı Hüseyn Abbaszadənin də yazdıqlarının əksəriyyəti onun şəxsiyyətini, həyatını, keçdiyi ömür yolunu əks etdirmək baxımdan  olduqca dəyərli mənbəədir.

 Anadan olmasının 75 illik yubileyi şərəfinə ulu öndər Heydər Əliyevin imzaladığı təbrik məktubunda deyilirdi: "...Qəzet və jurnalların baş redaktoru olduğunuz dövrdə də yaratdığınız əsərlər respublikada ədəbi prosesin inkişafına öz töhfəsini vermişdir. Bu əsərlər gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərtərəfli şəxsiyyət kimi yetişməsi işinə xidmət etmişdir. Uzun illər Azərbaycan Yazıçılar İttifaqının katibi kimi fəaliyyətiniz də böyük təşkilatçılıq qabiliyyətinə malik olduğunuzu göstərir".

1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, 1979-cu ildə əməkdar incəsənət xadimi kimi fəxri ad alan Hüseyn Abbaszadə 1984-cü ildə Dövlət mükafatı laureatına, 1991-ci ildə "Xalq yazıçısı" fəxri adına, 1997-ci ildə "Şöhrət" ordeninə layiq görülüb.

1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil aldıqdan sonra o, "Pioner" jurnalında şöbə müdiri, məsul katib, "Göyərçin"də məsul katib, baş redaktor, "Ədəbiyyat və İncəsənət" qəzetində baş redaktor, Yazıçılar Birliyinin katibi vəzifələrində çalışıb.

Azərbaycan ədəbiyyatı tarixində yeri olan, böyük nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçı Hüseyn Abbaszadə kino sahəsinə də özünün yaradıcılıq töhfəsini verib. Belə ki, onun əsərləri əsasında bir çox filmlər çəkilib ki, kino tarixində ayrıca yeri var. "Dənizə çıxmaq qorxuludur" (1973) və  "Dörd bazar günü" (1975) filmləri məhz yazıçının əsərləri əsasında çəkilib.

Hüseyn Abbaszadə önarxa cəbhənin  vətənpərvəri kimi tanınıb. O, ömrünün sonuna kimi haqqın, ədalətin və həqiqətin  carçısı olub. Təkcə yazıçı kimi deyil, həm də ləyaqətli bir şəxsiyyət olaraq oxucuları tərəfindən sevilib. Hüseyn Abbaszadə ölkədə baş verən taleyüklü məsələlərdə hər zaman vətəndaş mövqeyi ilə seçilib. Azərbaycanı azad, güclü, inkişaf etmiş dünyanın bir parçası görmək istəyirdi. Onun üçün vətən anlayışı bütün dəyərlərin fövqündə dururdu...

Qızı İradə Abbaszadənin xatirələrində yazıçı bir şəxsiyyət olaraq oxuculara belə təqdim edilir: "O, 1941-ci ildə, 17 yaşında müharibəyə gedib. 1945-ci ilin 9 may günü yaralı vəziyyətdə qatarla Şimali Qafqaza gətirilib. Bu zaman qələbə xəbərini eşidirlər. Müharibə haqda yazanda atam başqalarından fərqli olaraq, təkcə eşitdiyini deyil, həm də gördüyünü yazırdı. O, müharibənin odunun-alovunun içindən keçmişdi. Gözünün qabağında minlərlə insan can vermişdi. Ona görə də müharibədən yazdığı əsərləri çox təbii idi. Çünki bütün bunları, müharibə dəhşətlərini o, lap gənc yaşlarında, hisslərinin hələ kövrək zamanında yaşamışdı. "General"ın və başqa neçə-neçə əsərlərinin oxucuların qəlbinə yol tapmasının səbəbi bundadır. Atamın müharibəyə aid əsərlərini həmişə göz yaşı ilə oxuyurdum. Bu əsərlərin qəhrəmanlarının bütün iztirablarında atamı görürdüm. Bilirdim ki, bütün bu məşəqqətləri o yaşayıb... O, tanıdığı məşhur adamlar haqqında xatirələrini yazardı. Məsələn, şair Süleyman Rüstəm, bəstəkar Səid Rüstəmov, aktyor Ağadadaş Qurbanov və başqaları haqqında yazdığı xatirələrdə o, heç nəyi şişirtməz, nə də bəziləri kimi qəhrəmanını kənara qoyub, özünü tərifləməzdi. Kimin haqqında yazmağından asılı olmayaraq, o şəxsin əsl simasını, varlığını ortaya qoyardı".

Xatirələrinin birində deyilir ki, Azərbaycan musiqi dünyasının banisi Üzeyir Hacıbəylinin "Koroğlu" operası səhnədə göstəriləndə yazıçının 14-15 yaşları olub. Məhəllənin uşaqları operadan kiçik bir hissəni səhnələşdirib, küçədə oxuyurmuşlar. Bəstəkar yoldan keçəndə bunu görür və yaxınlaşıb onlardan "Koroğlu" operasına baxıb-baxmadıqlarını soruşur. Uşaqlar baxmadıqlarını deyirlər. O, cibindən bilet çıxarıb, uşaqlara paylayır və onları operaya baxmağa dəvət edir. Xatirələrini yazmağa başlayanda Hüseyn Abbaszadənin birinci  məhz Üzeyir Hacıbəylidən söz açması da təsadüfi deyildi.

Yazıçı üçün mühüm bir məziyyət də qələmə aldığı hadisələri haçansa yaşaması, təsvir etdiyi insanları görməsi, duyması, onların müasirinə çevrilməsidir. Hüseyn Abbaszadənin nəsri professionallıqla qələmə alınıb ki,  bunu  yazıçının irili-xırdalı bütün əsərlərində görmək mümkündür.

Yazıçının bir sıra silsilə povest və hekayələri, eləcə də "General" romanı  göstərir ki, o, müharibənin, sadəcə, iştirakçısı deyil, qanlı hadisələrin, ön cəbhədə gördüyü insanların psixologiyasının müşahidəçisi olub. Əgər bu müşahidələr olmasaydı, yazıçının əsərlərində görünən reallıq, inandırıcılıq və bədii ümumiləşdirmə bu qədər qabarıq hiss olunmazdı. Onun müharibə mövzusunda qələmə aldığı  yalnız "General" romanından ibarət deyil. Müharibədən sonrakı illərdə də bu mövzu yazıçını narahat etdiyindən bir çox povestlərinin mövzusuna çevrilib.  Əsərlərində diqqəti cəlb edən  əsas  motivlərdən biri də xalqların mənəviyyat, ruh və mədəniyyət məsələlərinin  təbliğidir.

Bir sözlə, vətənpərvərlik mövzusu yazıçının yaradıcılığında daim aparıcı mövzu olub. Ədəbi üfüqlərə ucalan parlaq obrazlar müəllifi kimi tanınan xalq yazıçısının "Dünyadan gör necə insanlar gedib" xatirələr kitabında isə böyük bir ehtiramla Azərbaycanın görkəmli sənətkarları Səməd Vurğun, Süleyman Rüstəm, Sidqi Ruhulla, Ağabacı Rzayeva, Mikayıl Abdullayev, Kazım Ziya, Qara Qarayev, Süleyman Rəhimov, Əliağa Kürçaylı, Mirmehdi Seyidzadə, Səid Rüstəmov, Əli Kərim, Adil İsgəndərov, Əli Vəliyev, Rəsul Rza, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İmran Qasımov kimi sənət korifeylərinin həyat və yaradıcılığından publisistik dillə söz açılır:  "...Xatirələrimdə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərindən bəzilərinin portretlərinin ayrı-ayrı cizgilərini, həm də yalnız mənə məlum olan cizgilərini təsvir etmişəm. Ədəbi fəaliyyətimin müxtəlif illərində yaradıcılıq əlaqəsində olduğum, dostluq elədiyim, görüşdüyüm sənətkarların portretlərini tam şəkildə yaratmağı qarşıma məqsəd qoymamışam. Haqqında yazılanların arasında ədəbiyyatımızın, incəsənətimizin şöhrətini dünyaya yayan, bədii fikrimizi yeni-yeni zirvələrə qaldıran böyük sənətkarlar və sənət aləmində öz imkanları daxilində namusla yazıb-yaradan yazıçılar, rəssamlar, musiqiçilər, artistlər də vardır. Lakin onların hamısını bir cəhət yaxınlaşdırır: doğma xalqımıza tükənməz ilhamla xidmət etmək! Buna görə də onların xatirəsi mənim üçün əzizdir..."

Hüseyn Abbaszadə özü də tükənməz ilhamla xalqına xidmət etdiyi üçün ədəbiyyatımızda əbədiyaşarlıq qazanıb.

 

 

 Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.7.