Neftçi hünəridir özüllərin dayağı

 

Neft Daşlarını təyyarənin, yaxud vertolyotun illüminatorundan seyr edəndə istər-istəməz həndəsə terminləri yada düşür. Çünki bu əfsanəvi dəniz şəhərinin estakadaları onlarca kilometr gah paralel, gah perpendikulyar, gah da ziqzaq şəklində uzanır.

Yerə enəndə isə göy Xəzərin qoynunda qərar tutan bir şəhərə düşürsən. Yer deyəndə ki... bu şəhər başdan-başa polad dayaqlar üstündə salınan yollardan - estakadalardan, meydançalardan yaranıb. Başqa sözlə, bu, insan zəkasının Xəzər kimi dəli-dolu, sərt bir dənizin qoynunda yaratdığı polad adadır.

Dünyada ikinci belə bir şəhər tapmaq çətindir ki, onun sakinləri yalnız neftçilər olsun. Neft Daşları böyük sənaye kompleksi ilə yanaşı, yataqxanaları, mağazaları, çörək sexi, tibb məntəqəsi və digər xidmət obyektləri olan şəhərdir. Amma onun məktəbləri, uşaq tərbiyə müəssisələri və əyləncə mərkəzləri yoxdur. Çünki burada ailələr yaşamır. Dəniz şəhərinə yalnız neftçilər əmək növbələri çəkməyə gəlirlər. Sahilə, evlərinə dönəndə isə buruq başında, özüldə, meydançada onları peşə dostları əvəz edirlər. Belədir neftçi həyatı. Hər ayın yarısını dənizdə, yarısını evində olur. Quruda olanda fikri-xəyalı dənizdə, dənizdə olanda ürəyinin parası ailəsinin, balalarının yanında...

Fədakar neftçi ömrü yaşayanların ünvanı təkcə Neft Daşları deyil. "Günəşli" yatağındakı stasionar özüllər sahildən 120-130 kilometr aralıdır. Sağ - dəniz, sol - dəniz, hansı yana baxırsan - dəniz... Bəzən fırtına qopanda düşünürsən ki, coşmuş Xəzər həmin an bu özülü də "kök"ündən qoparıb tənha bir qayıq kimi uzaqlara qovacaq. Ancaq dayaqları suların dərinliyində qərar tutan bu qurğular şaxə qalxan dalğalarla sanki əhd-peyman bağlayaraq illərdir dənizdə məskən salıblar.

Bəlkə elə burada çalışan cəsur neftçilərin polad iradəsinə dayaqlanıb bu özüllər?! Çünki hər özüldəki mürəkkəb qurğuları "dilə gətirən", Xəzərin dərinliklərindən qara qızılı və mavi alovu üzə çıxaran onlardır. Yoxsa bu özüllər cansız eksponata çevrilməzdimi?

"Bahar" yatağındakı özüllərdə, "Pirallahı", "Qum-dəniz" yataqlarındakı estakadalarda da neçə-neçə hünərvər neftçi ilə həmsöhbət olmuşuq. Pirallahı adasında neftçi sülalələri sanki qollu-budaqlı palıdlar kimi şaxələnib. Vaxtilə burada ilk dəniz quyularını qazan neftçilərin indi övladları buruq başındadır. Artıq nəvələr də gəlib dənizə. Özü də yeni biliklərlə, müasir texnologiya və qabaqcıl iş üsulları haqqında zəngin məlumatlarla. Bununla belə, dənizdə qazılmış ən qocaman quyunu da əzizləyə-əzizləyə saxlayırlar. 1935-ci ildə qazılıb, amma hələ də neft verir! Adına sadəcə "157-ci" deyirlər.

Meydançalardan, özüllərdən yeni quyular da qazılır. Bu, bir yana qalsın, köhnə quyular, elə 157-nin özü də sübut edir ki, adanın və dənizin ehtiyatları hələ boldur. Pirallahı sakinləri və buranı özünə çörək təknəsi seçənlər təbiətin bəxşişinə həmişə şükür edirlər. Hər ləpə, hər buruq və hər qarış estakada əzizdir bu insanlar üçün.

Xəzərin dibindən əvəzsiz sərvəti üzə çıxaran qurğular, onu sahilə daşıyan borular, insanın ayaqları, texnikanın təkərləri altında möhkəm dayanan bu estakadalar əslində neftçi hünərindən və məhəbbətindən güc alaraq əsri əsrə calayır...

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.1.