Azərbaycan ombudsmanı Beynəlxalq Ombudsmanlar İnstitutunun 10-cu Dünya konfransında iştirak etmişdir

 

Yeni Zelandiyanın Velinqton şəhərində "XXI əsrdə Ombudsmanın rolu" mövzusunda Beynəlxalq Ombudsmanlar İnstitutunun  10-cu Dünya konfransı keçirilmişdir.

Beynəlxalq tədbirə bir sıra ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının təmsilçiləri, insan hüquqları sahəsində tanınmış mütəxəssislər, nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri qatılmışlar.

Beynəlxalq Ombudsmanlar İnstitutunun üzvü olan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova MDB ölkələrindən yeganə ombudsman olaraq bu toplantıda iştirak etmişdir.

Ombudsman Aparatından bildirmişlər ki,  forumda insan hüquqlarının müdafiəsi və təmin olunmasının müxtəlif aspektləri müzakirə olunmuşdur.

Plenar sessiyalarda səmərəli idarəetmə, insan hüquqlarının təşviqi, ombudsmanın insan hüquqlarının müdafiəsində rolu və digər mövzularda məruzələr dinlənilmişdir.

Konfrans ərəfəsində Beynəlxalq Ombudsmanlar İnstitutunun Baş Assambleyası keçirilmişdir.

Beynəlxalq tədbir çərçivəsində insan hüquqlarının aktual problemləri üzrə  tematik sessiyalar təşkil olunmuşdur.

Azərbaycan ombudsmanı plenar iclaslarda, bir neçə sessiyada, müzakirələrdə və fikir mübadiləsində fəal iştirak etmişdir. O, Ermənistanın ölkəmizə qarşı uzunmüddətli təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdə bir hissəsinin zəbt olunduğunu, milyon nəfərədək dinc əhalinin etnik təmizləmə nəticəsində qaçqına, habelə hərbi əməliyyatlar nəticəsində öz ölkəsində məcburi köçkünə çevrildiyini, bu zaman onların insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu diqqətə çatdırmışdır.

Konfrans çərçivəsində Beynəlxalq Ombudsmanlar İnstitutunun rəhbərliyi seçilmişdir. Konfrans iştirakçıları Beynəlxalq Ombudsmanlar İnstitutunun yeni əsasnaməsini qəbul etmişlər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.3.