Azərbaycan-Serbiya biznes forumu

 

Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə noyabrın 26-da Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir.

Tədbirdə Azərbaycan və Serbiya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, turizm, neft-qaz, beynəlxalq avtomobil daşımaları, maşınqayırma sənayesi, tibb, özəlləşdirmə və s. sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak etmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazasının yaradıldığını bildirmişdir. Biznes forumların, təqdimat, seminar və sərgilərin təşkilinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev indiyədək Azərbaycan və Serbiya arasında 4 biznes forumun keçirildiyini diqqətə çatdırmış, iki ölkə arasında sənaye, kənd təsərrüfatı, inşaat və turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat vermişdir.

Serbiyanın Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Serbiyanın Ticarət və Sənaye Palatasının prezidenti Miloş Buqarin ölkəsinin iqtisadiyyatı barədə təqdimatlarla çıxış etmişlər.

Biznes forum çərçivəsində AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında, həmçinin Azərbaycan Ticarət və Sənaye Palatası ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair memorandumlar imzalanmışdır.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə başa çatmışdır.

Noyabrın 27-də isə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.4.