Kəndin qış qorxusu yoxdur

 

Payızın oğlan çağı olsa da, havalar yavaş-yavaş bozarır. Nə qədər çox bol-bəhrəli payızı sevsək də, ardınca qışı gətirən bu fəslə qarşı soyuqluğumuz da yox deyil. Şəhərlərdə yaşayanlardan fərqli olaraq, kənd yerinin, kənd adamının qayğıları daha çox olur. Ucqar bir kənddə, dağ yerində, həm də düşmənlə üz-üzə qışı qarşılamaq daha çətindir.

Şahbuz rayonunun ucqar dağ və sərhəd kəndi olan Şadada isə qarşıdan gələn qışın soyuq qorxusu insanların əhvalını pozmaq iqtidarında deyil. Səbəbi çox sadədir. Şada nə gözdən, nə də könüldən iraqdır. Bu kənd daim diqqət, qayğı, himayə altındadır. Rayon mərkəzindən 22 kilometr uzaqda, dəniz səviyyəsindən 1605 metr yüksəklikdə yerləşən Şadada sakinlərin bütün sosial problemləri tamamilə həll edilmişdir.

Kənddəki 55 təsərrüfatda 172 nəfər yaşayır. Burada, demək olar ki, hər bir ailə dövlətdən əməkhaqqı alır. Amma əhali bununla kifayətlənmir, gəlirini əkinçiliklə, heyvandarlıqla, arıçılıqla artırır. Bundan əlavə, kənddə yol çəkilib, məktəb tikilib, "Kənd mərkəzi" inşa olunub, suvarma və içməli su, yeni telefon, qaz, işıq xətləri çəkilib.

Kənd icra nümayəndəsi Bəxtiyar Abbasov söhbət zamanı dedi ki, Şada 2005-ci ildən qazlaşdırlıb. İstər fərdi evlər, istərsə də digər obyektlər muxtar respublikada qazlaşdırma tədbirləri həyata keçirildiyi ilk günlərdə mavi yanacaqla təmin edilib. Onu da qeyd edək ki, muxtar respublikada yaşayış məntəqələrinin qazlaşdırılması ucqar dağ və sərhəd kəndlərindən başlamışdır. Şada da mavi yanacaqla ilk təmin olunan belə kəndlərdəndir.

2008-ci ilin sentyabrında burada 88 şagirdlik ikimərtəbəli, müasir tədris vəsaitləri, dərs materialları ilə təmin olunan orta məktəb binası istifadəyə verilib. 11 sinif otağı, hərbi kabinetləri, kompyuterpsixoloq otaqları, idman zalı olan məktəbdə soyuq narahatlığı yoxdur. Fərdi qazanxana bütün binanı istiliklə təmin edir. Nəticədə nə dərslərin keçilməsində fasilə yaranır, nə də uşaqların dərsə hazırlığı çətinləşir.

Məktəb binasında tibb məntəqəsi də fəaliyyət göstərir. Müayinə və həkim otağından ibarət olan bu səhiyyə ocağı kənd sakinlərinə ilkin tibbi xidmətin göstərilməsi üçün lazımi avadanlıqla, zəruri dərman preparatları ilə təmin edilib.

2008-ci ildən Şadanın içməli və suvarma su problemi də həll olunub. Kəndin aşağı hissəsində mövcud olan bulaqların suyu çənə yığılır və oradan 2,8 kilometrlik boru vasitəsilə sututara ötürülür. Su mənbəyi ilə sututar arasında 185 metrlik hündürlük məsafəsi var. Odur ki, su xüsusi nasos vasitəsilə həmin yüksəkliyə qaldırılır. Beləliklə, kənd əhalisinə fasiləsiz su verilir.

"Kənd mərkəzi" isə 2009-cu ildə tikilib. İnsanların rahatlığını təmin etmək, əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq, idarəetməni asanlaşdırmaq üçün tikilən ikimərtəbəli binada icra nümayəndəliyi, bələdiyyə, kitabxana, kənd klubu, polis, baytarlıq məntəqələri, rabitə evi və 56 yerlik zal yerləşir. Bu bina da fərdi qazanxana ilə qızdırılır.

Qonşu Badamlı kəndi ilə Şada arasındakı 5,6 kilometrlik yol yenidən qurulub. Bir vaxtlar qışda, yağışlı günlərdə dözülməz olan bu yola asfalt döşənib, payız və qış günlərində nəqliyyatın gediş-gəlişini asanlaşdırıb. Şadada əhalinin rabitə xidməti də müasirdir. Kəndə 30 nömrə tutumlu kabel xətti çəkilib. İndi burada dövlət idarələri ilə yanaşı, hər evdə telefon var.

Bu kənd Ermənistanla sərhəddə yerləşir. Bir faktı da xatırladaq ki, 1990-cı il martın 27-də ermənilərin Şadaya silahlı basqını olmuşdu. Buna baxmayaraq, kəndi bir nəfər də tərk etməmişdir. İndi kənddə hərbçilər üçün, əsgərlər üçün məişət-yaşayış kompleksi var. Bundan əlavə, zabit ailələri üçün ikimərtəbəli 8 mənzilli yaşayış kompleksi inşa olunub. Kompleks burada xidmət edən hərbçilərin ailələri üçün nəzərdə tutulub. Hər iki bina mərkəzləşdirilmiş qazanxana sistemi ilə qızdırılır.

Ümumiyyətlə, kənddə həmsöhbət olduğumuz sakinlərdə qış narahatlığı hiss etmədik. Qurban Məmmədov, Əhməd Həsənov, Tofiq Məmmədov və başqaları hər cür şəraitləri olduqlarını qeyd edərək bildirdilər ki, qış qapını döysə də, narahatlığa əsas yoxdur. Kəndin ağbirçəyi Ağca Abbasova isə bu barədə belə dedi:

- Qazımız gəlir, işığımız yanır, yolumuz var, telefonumuz işləyir. Nədən narahat olmalıyıq? Əsgərlərimiz də sərhəddə ayıq-sayıq dayanıb. Get elə beləcə də yaz: Şada sərhəd kəndi, dağ kəndi olsa da, heç nədən nigarançılığımız yoxdur.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.8.