Dağlara çən düşəndə

 

Daşkəsənin sərt təbiəti, mürəkkəb iqlim şəraiti var. Dağlara çən düşən kimi dərələrdə, təpələrdə yolların, yaxın-uzaq kəndlərin problemləri başlayır. Ona görə də bu yerlərdə hələ isti yay aylarından soyuq payız-qış günlərinin tədarükü görülür. Rayonda bu məqsədlə geniş tədbirlər planı hazırlanmışdı. Bəs onun icrası nə yerdədir?

Döngələri, dolayları burula-burula uca dağlara qalxan yolun ətrafında təbii dayaqlar, istinad divarları, sürüşmə, yaxud uçqun ehtimalı olan yerlər sahmana salınır. Hara baxırsan, irili-xırdalı qum təpələri düzülüb. Elə ilk baxışdan görünür ki, dağlar diyarı Daşkəsən payız-qış mövsümünə heçpis hazırlaşmayıb.

Bu barədə ümumrayon toplantısında geniş söhbət getdi. Müvafiq idarə, müəssisə və təşkilatların məlumatları dinlənildi, uğurlar qeyd olunmaqla yanaşı, qışın sərt sınağında işlərin daha səmərəli təşkili üçün konkret tövsiyə və tapşırıqlar verildi. Yekdilliklə qeyd olundu ki, elektrik şəbəkəsində, qaz təchizatı sahəsində, su-kanal müəssisəsi, yol istismar idarəsində, telekommunikasiya qovşağında, kommunal müəssisələr kombinatında və digər yerlərdə payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra işlər görülmüşdür.

Qış qayğılarının ilkini elektrik enerjisi və təbii qaz təchizatı ilə bağlıdır. Elektrik şəbəkəsində 57 transformator təmir edilib, 22 dayaq dəyişdirilib, 54 sınıq-salxaq dayaq düzəldilib, 10 kilometrdən çox sahədə ötürücü xətlərdə təmir işləri aparılıb, 155 izolyator və 920 kiloqram yararsız naqil yenisi ilə əvəz olunub,1425 metr kabel çəkilib. "Alunit" istehsalat sahəsində qəza vəziyyətində olan 356 kv-luq yarımstansiyanın yerinə yenisi inşa edilir.

Qış mövsümünə hazırlıqla əlaqədar qaz istismar sahəsi üzrə də müəyyən işlər görülüb. Amma rayonun 49 yaşayış məntəqəsindən cəmi dördündə təbii qaz var. Hələ 2011-ci il iyun ayının 14-də Xoşbulaq kəndinə təbii qaz xəttinin açılış mərasiminin keçirilməsinə baxmayaraq,  hətta sayğacları belə qoyulmuş mənzillərə bu günə qədər təbii qazın verilməsi təmin olunmayıb.

Daşkəsən Rayon Birləşmiş Qazanxanalarİstilik Şəbəkələri Sistemində müəyyən işlər görülüb. Bir neçə qazanxananın dam örtüyü təzələnib. Divarları təmir edilərək rənglənib, paylayıcı xətlər nizama salınıb. Sukanal idarəsi tərəfindən yararsız sukanalizasiya xətləri, su boruları bərpa olunub, müxtəlif diametrli 2 siyirtmə dəyişdirilib və 937 sayğac quraşdırılıb. Yerlərdə müəyyən gərginliklər yarananda operativ surətdə təmir-bərpa işlərinin görülməsi üçün yeni səyyar qaynaq aparatı və digər texnika alınıb.

Qış aylarında dağlar diyarının ən əsas qayğısı yol təsərrüfatı ilə bağlıdır. Bu məqsədlə hələ isti yay aylarında sistemli surətdə xeyli görülüb, mərkəzi küçələrə asfalt  döşənib, qəsəbə və kəndlərin yolları sahmana salınıb, qəza ehtimalı olan yerlərdə keçidlər düzəldilib, müxtəlif dayaqlaristinad divarları tikilib.

İdarənin rəisi Nəriman Süleymanov deyir ki, kollektivimiz ümumi uzunluğu iki yüz kilometrdən çox yola xidmət edir. Qışa hazırlıqla əlaqədar yay aylarında yüzlərlə kubmetr qum, otuz ton duz tədarük edilərək gərginlik ehtimalı olan bölgələrə daşınıb. Hazırda rayonun qəsəbə və kənd yollarında xeyli yük maşını, traktor, ekskavator, buldozer, avtoqreyder və digər texnika çalışır. Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulmuş Gəncə-Daşkəsən-Xoşbulaq yolu daim diqqət mərkəzindədir. Ucqar bölgələrdə - Zağalı, Zilvan, Qabaqtəpə yollarında gecə-gündüz operativ briqadalar çalışır.

Ən əsası budur ki, Prezident İlham Əliyevin xeyir-duası ilə Zağalı-Kollu-Çıraqlı avtomobil yolu inşa olunur. Bununla da təqribən səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsinə gediş-gəliş yaxşılaşacaq. Bundan əlavə, 31 kilometr uzunluğunda Daşkəsən-Xoşbulaq-Astaf və 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisində ilkin hazırlıq işləri görülür.

Qış mövsümünə hazırlıqla əlaqədar rayon telekommunikasiya qovşağı üzrə də nəzərdə tutulan tədbirlər yerinə yetirilib. Mərkəzi elektron-avtomat telefon stansiyasında genişzolaqlı internet xidməti üçün yeni avadanlıq quraşdırılıb və rabitə kanallarının tutumu xeyli artırılıb. Bundan əlavə, Yuxarı Daşkəsən elektron-avtomat telefon stansiyasında 32 təzə nömrə istifadəyə verilib. 500 metr kabel yenisi ilə əvəz olunub, 18 kilometr məsafədə fibrooptik 12 kabel çəkilib.

Hazırda Gəncə-Daşkəsən arası fibrooptik kabel çəkilməsi üçün tədbirlər görülür. Kommunal Müəssisələr Kombinatının kollektivi də qışa hazırlıqla əlaqədar fərdi mənzillərin və ictimai binaların, müxtəlif müəssisələrin qızdırılmasını təşkil edib. Onlarca binanın fasadı və dam örtüyü təmir edilib. 18 min kvadratmetr asfalt örtük salınıb. Şəhərin küçələrindəki istinad divarları milli üslubda təmir edilib.

Bəs təhsil müəssisələrində vəziyyət necədir? Qəza şəraitində olan məktəblərin müvafiq binalarla təmin edilməsi barədə Prezidentin göstərişi ilə əlaqədar rayonda xeyli görülür. Yeni dərs ilində Bayan kəndində və Daşkəsən qəsəbəsində müasir görkəmli binalar istifadəyə verilib. Hazırda Muşavan, Əhmədli, Quşçu, Əmirvar, Mollahəsənli kəndlərində müasir görkəmli binalar inşa olunur. Ən əsası isə budur ki, hər yerdə qazanxanalar tikilir, qızdırıcı sistemlər qurulur. Bunlarla yanaşı, rayonda uşaq bağçalarının əsaslı təmiri sahəsində də xeyli görülür. Rayonda olarkən beş nömrəli bağça üçün ucaldılan ikimərtəbəli binaya baxdıq. Səfalı yerdədir. Körpələrin rahatlığı üçün hər şərait yaradılır.

Ümumən onlarca obyektdə qızğın gedir. Rayonun mərkəzində və Quşçu kəndində hər biri on altı mənzilli yaşayış binası inşa edilir, Xoşbulaq qəsəbəsində gənclərin təlim-istirahət mərkəzi yaradılır. Quşçu qəsəbəsində müasir üslubda ət kəsimi və emalı sexi istifadəyə verilib. Daşkəsən "Filiz saflaşdırma" ASC-niİmişli Şəkər Zavodunu xammalla təmin edən əhəngdaşı mədəni ahəngdar işləyir. Çovdar qızıl zavodunun tikintisinə başlanılması isə Daşkəsənin iqtisadiyyatının yüksəlməsinə yeni təkan verəcək. Rayon icra hakimiyyətində dedilər ki, abadlıq və quruculuq işlərinin genişlənməsi, Bayraq meydanının ucaldılması, sənayenin sürətlə inkişafı, üçmərtəbəli xəstəxana kompleksinin, neçə-neçə sosial obyektin istifadəyə verilməsi və digər əsaslı tədbirlər "Yeni Daşkəsən" ideyasının reallaşmasına kömək edəcək.

Bütün bunlar barədə söhbət edən el ağsaqqalı Marlen Zeynalov deyir ki, qış bizi əsla qorxutmur. Dağlar diyarına göstərilən tükənməz qayğı və diqqətə görə dövlət başçısı İlham Əliyevə minnətdarıq.

 

 

 Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.8.