Azərbaycan nümayəndə heyəti İspaniyada bir sıra görüşlər keçirmişdir

 

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-dən 29-dək İspaniya Krallığında səfərdə olmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyində xarici məsələlər üzrə dövlət katibi Qonsalo de Benito Sekades ilə siyasi məsləhətləşmələr aparılmışdır.

 Xələf Xələfov iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və potensialın olduğunu bildirmişdir. Bu müstəvidə mədəniyyət, təhsil, elm, idman sahələrində əməkdaşlıq, energetikaiqtisadi sahədə münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd edilmişdir.

Səfər çərçivəsində noyabrın 28-də "Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında" ikitərəfli sazişin imzalanma mərasimi keçirilmişdir.

Xələf Xələfov həmin sazişin müvafiq sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.

Görüşdə, həmçinin gələn il həyata keçiriləcək qarşılıqlı rəsmi səfərlərin çərçivəsi müəyyən edilmiş və imzalanması mümkün olan digər ikitərəfli saziş layihələri barədə müzakirələr aparılmışdır.

Azərbaycanda həyata keçirilən iri layihələr və həmin layihələrdə ispan biznes dairələrinin iştirakının ikitərəfli əlaqələrin inkişafı baxımından önəmli olacağı vurğulanmışdır.

Görüşdə iki ölkənin birgə beynəlxalq və regional maraqları, xüsusilə Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparılmışdır. Bununla əlaqədar dövlət katibi Qonsalo de Benito Sekades Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsində İspaniyanın dəstəyini diqqətə çatdırmışdır.

Səfər çərçivəsində X.Xələfov İspaniya Senatında xarici əlaqələr üzrə komissiyanın sədri Alexandro Munyoz-Alonso Ledo ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərin son vaxtlar inkişafının təqdirəlayiq olması və sadəcə, ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

İspaniya tərəfi Azərbaycanın onlar üçün böyük maraq kəsb edən ölkə olduğunu qeyd etmiş, xüsusilə iqtisadi sahədə əməkdaşlığa maraq göstərdiklərini bildirmişdir. Həmçinin regionda strateji ölkə olan Azərbaycanda İspaniyanın səfirliyinin açılmasının əhəmiyyəti qeyd olunmuşdur.

Görüşlərdə X.Xələfov Azərbaycanın geosiyasi vəziyyəti, Cənubi Qafqaz və Xəzər regionunda yüksələn rolu barədə məlumat vermişdir. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını İspaniya tərəfinin diqqətinə bir daha çatdırmışdır. Problemin həll olunmamasının ümumilikdə regionda sülhə və təhlükəsizliyə təhdid yaratdığını, münaqişənin bölgənin inkişafına mənfi təsir göstərən əsas amil olduğu vurğulanmışdır.

İspaniya tərəfi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, münaqişənin həllinə dair ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini təsdiqləmişdir.

Səfər çərçivəsində, həmçinin İspaniya Diplomatik Məktəbinin rektoru, səfir Xose Luis de la Penya Velaİspaniya Hökumətinin Rəyasət Heyətinin xarici əlaqələr və təhlükəsizlik idarəsinin direktoru İldefonso Kastro ilə də görüşlər keçirilmişdir.

İldefonso Kastro İspaniya hökumətinin regiona olan yüksək marağını və Azərbaycanın aparıcı rolunun Avropa üçün əhəmiyyətini vurğulamışdır. O, ölkəsinin Azərbaycan ilə hərtərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlı olduğunu bildirmişdir.

 

Azərbaycan.-2012.- 30 noyabr.- S.5.