Çeboksarıda Nizami Gəncəvinin 870 illik yubileyinə

 həsr olunmuş təntənəli tədbir keçirilmişdir

 

Rusiya Federasiyası Çuvaşiya Respublikasının Çeboksarı şəhərində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş tədbir  keçirilmişdir.

DİDK-nın dəstəyi və təşkilatçılığı ilə noyabrın 23-dən 27-dək keçirilmiş yubiley tədbirlərində Azərbaycanın və Çuvaşiyanın dövlət və hökumət nümayəndələri, Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi, alimlər və jurnalistlər iştirak etmişlər.

Tədbir iştirakçıları noyabrın 26-da Çeboksarı şəhərinin Nizami küçəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini və Qələbə Memorial parkında Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış Şöhrət monumentini ziyarət edərək önünə əklillər qoymuşlar. Həmçinin Qələbə parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əkdiyi qocaman küknar ağacı ziyarət edilmiş, önündə xatirə şəkli çəkdirilmişdir.

Daha sonra Çuvaşiya Respublikasının Hökumət Evində Çuvaşiyanın dövlət rəsmiləri və Azərbaycan Respublikasının nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüşdə Çuvaşiya Dövlət Şurasının sədri Yuri Popov, Nazirlər Kabineti sədrinin  müavini Aleksandr İvanov, mədəniyyət, milli məsələlər və arxiv işi üzrə nazir Vadim Yefimov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birinci ərazi şöbəsinin müdiri Rizvan Əliyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Nemət Nağdəliyev, konqresin Çuvaşiya regional bölməsinin rəhbəri Əziz Bədirov, nümayəndə heyətinin tərkibində Çuvaşiyaya gəlmiş alimlər və mədəniyyət işçiləri iştirak etmişlər.

Noyabrın 26-da K.B.İvanov adına Çuvaşiya Dövlət Dram Teatrında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdə çıxış edənlər dahi şairin öz yaradıcılığı ilə yüzilliklər ötdükdən sonra belə mədəniyyətlərin, sivilizasiyaların qovuşmasına, millətlər, xalqlar, xüsusilə də, Azərbaycan və çuvaş xalqları arasında daha sıx dostluq, əməkdaşlıq  münasibətlərinin qurulmasına töhfələr verdiyini vurğulamışlar.

Toplantıda Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən 30 dəqiqəlik "Nizami" sənədli filmi rus dilində titrlərlə nümayiş etdirilmişdir. Rəsmi hissədən sonra Azərbaycan və Çuvaşiya  incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.

Tədbir çərçivəsində noyabrın 24-də Çuvaşiya Dövlət Humanitar Elmlər İnstitutunda Azərbaycan və çuvaş alimlərinin iştirakı ilə Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş "dəyirmi masa" da təşkil olunmuşdur.

 

Azərbaycan.-2012.- 30 noyabr.- S.7.