50 ilin zirvəsində

 

Ömrün 50 yaşının tamamını adətən fiziki mənada olmasa da, mənəvi baxımdan  gəncliyin bitməsi, müdrikliyin başlanğıc dövrü adlandırırlar. Elə ona görə də yaşanmış bu illəri bir tərəfdən ömrün çox, digər tərəfdən az hissəsi hesab edirik. Ötüb keçənlərə nəzər saldıqda, geridə qoyduqlarımızı vərəqləyəndə, ürəkdə qalmış arzuları incələyəndə görürsən ki, ömür düşündüyümüzdən də qısadır.

İnsanın mənəvi yetkinlik dövrünə qədəm qoyduğuözü qarşısında hesabat verdiyi 50 il həm də böyük zaman kəsiyidir. Bununla belə, istənilən halda, yəni, muddətindən asılı olmayaraq məhz şərəflə yaşanan ömür insan həyatında iz qoyan əbədi keyfiyyət möhürüdür. Elə ömrünün 50 ilini geridə qoyan dəyərli qələm dostumuz Akif Nəsirov üçünbu illər qısalığından və ya uzun zaman kəsiyi olmasından asılı olmayaraq kifayət qədər dolğun, mənalı yaşanmış bir həyatdır. Həmkarları yubilyarımızı daha çox Akif Təvəkküloğlu kimi tanıyırlar.

1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olan Akif Təvəkküloğlu orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib. 2006-cı ilədək  Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir.

Ümumiyyətlə, həyatda elə insanlar var ki, adları çəkiləndə xoş emosiyalara qərq olmaya bilmirsən. O cümlədən, müasir Azərbaycan mətbuatında və yaradıcı mühitində öz dəst-xətti olan bir çox dəyərli ziyalılarımız var. Öz fəaliyyəti ilə xalqa və dövlətə ləyaqətlə xidmət edən, mənalı bir həyat yolu olan Akif Təvəkküloğlu belə insanlardan biridir. Azərbaycan mətbuatına, söz sənətinə hopmuş xoş izləri onun barəsində hər kəsi yalnız gözəl notlar üzərində söz açmağa, danışmağa sövq edir.

Ömrünün 50-ci ilini geridə qoyan Akif Təvəkküloğlu həyatın bütün keşməkeşlərində jurnalist adına hörmətlə, məsulliyyətlə yanaşan, tamaşaçılarının düşüncələrinə yol açaraq onlarla həmsöhbət olan bir jurnalistdir. Yaradıcı həyatı müasir tariximizin bütün mərhələləri ilə sıx bağlı olan bu insan televiziyada çalışdığı illərdə daha çox Azərbaycan həqiqətlərini dünyaya yayan, ölkənin ictimai-siyasi həyatının təbliğində öz peşəkarlığı ilə fəal iştirak edən bir jurnalist kimi tanınıb. O, ən çətin vaxtlarda belə, Azərbaycan jurnalistikasında öz sözünü deyə bilmişbu gün də mətbuatımızın, öz təmiz əqidəsi ilə sayılıb-seçilən nümayəndələrindəndir.

15 il çalışdığı Azərbaycan Dövlət Televiziyasının çoxsaylı kollektivi arasında Akif Təvəkküloğlu yetərincə seçilibsevilib. Həmkarları yazın və payızın yağışında, yayın qızmarında, qışın qarında onu daim çəkilişlərə, film hazırlamağa, müsahibələr almağa gedən görüblər. Elə jurnalistlərdəndir ki, onun üçün mövzu məhdudiyyəti yox idi. Hazırladığı süjetlərdə hər hansı sahədən əsl mütəxəssis kimi danışa bilirdi. Savadı, biliyi, məlumatlılığı bəs edir ki, bütün mövzularda özünü suda balıq, zirvədə qartal kimi hiss etsin! Obrazlı düşünüb danışmağı bacarması, mövzunu dərindən öyrənib özünü tam inamlı aparması, tərəf müqabilinə ürəyini boşaltmaq imkanı yaratması onun jurnalist məharətinin fərqlənən məqamlarıdır. Söz kəsmək, öz fikrini üstün saymaq, müsahibini gərəksiz səmtə yönləndirmək cəhdləri onda yoxdur. Onun efir səsində, tələffüzündə özünəməxsus bir gözəllik və mərhəmlik duyulur.

Akif Təvəkküloğlu zəngin yaradıcı təcrübəsini günbəgün, ilbəil toplayıb. İstedadlı jurnalist kimi bu peşənin ümdə prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirib. Bu yolda çətinlikləri, əziyyətləri də az olmayıb. Bəzən gecələr evə də getməyib, çəkilişlərə yollanıb, səhər isə yenidən efirə çıxıb, yorğunluğunuyuxusuzluğunu hiss etdirmədən xəbərlər proqramına aparıcılıq edib. Nə qədər çətinlikləri olsa da, heçonu yolundan döndərə bilməyib!  Hazırladığı süjetlərin, televiziya verilişlərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını görəndə mənəvi rahatlıq tapıb, bu müqəddəs peşənin yolçusu olması ilə fəxr edib.

Televiziyada işlədiyi illərdən söz açanda Akif Təvəkküloğlu xüsusilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi dövrü yada salır. Çünki həmin vaxtlarda  ölkədə baş verən prosesləri bir jurnalist olaraq müşahidə edib, eyni zamanda, ulu öndərin qəbullarından, görüşlərindən süjetlər hazırlayıb. Bu, həmin dövr idi ki, xalqımızın dahi oğlu Heydər Əliyev ölkəmizi parçalanmaqdan, hələ kövrək olan müstəqilliyimizi itirilməkdən xilas etmək üçün gecə-gündüz yorulmadan çalışırdı. Qəbullar, görüşlər, müşavirələr saatlarla, bəzən gecəyədək çəkirdi. Nə qədər çətin və məsuliyyətli olsa da, dövlətimiz üçün taleyüklü məsələlərin müzakirə olunduğu belə tədbirlərdən çəkilişlər aparmaq, operativ surətdə süjetlər hazırlamaq Akif Təvəkküloğlu üçün bir o qədər şərəfli idi. Bu gün də həmin günləri yada salanda qəhrəmanımız məhz Heydər Əliyevin iştirakı ilə keçirilən tədbirlərdən reportajlar hazırlaması ilə qürur duyur.

Əsasən siyasi-ictimai mövzularda hazırladığı reportajlarla tamaşaçıların tanıdığı Akif Təvəkküloğlunun Azərbaycan Dövlət Televiziyasındakı fəaliyyətinin son 5 ili isə daha çox "Həftə" analitik-informasiya proqramı ilə bağlıdır. O, bu proqramın həm rəhbəri, həm də aparıcısı olub.

Ömrünü söz sənətinə həsr edən Akif Təvəkküloğlu heç vaxt özünü bu aləmdən kənarda təsəvvür edə bilməyib. Məhz bu, onun həyat yolunu müəyyənləşdirib. 2006-cı ildən uğurla fəaliyyət göstərdiyi dövlət qulluğunda da mətbuatı təmsil edir. Dəqiq ifadə etsək, öz mükəmməl jurnalist təcrübəsini Azərbaycan Respublikasının Milli Məclisində məharətlə tətbiq edən Akif müəllim mətbuat katibi kimi bu orqanın fəaliyyəti ilə bağlı informasiyaların ictimaiyyətə çatdırılması, kütləvi-informasiya vasitələrinin  parlamentlə əlaqələrinin qurulması işlərinə bacarıqla rəhbərlik edir. Azərbaycan Dövlət Televiziyasında olduğu kimi, Milli Məclisdə də Akif Təvəkküloğlunun fəaliyyətində yüksək keyfiyyət, böyük peşəkarlıq, bacarıqlı təşkilatçılıq müşahidə olunur. Jurnalistikada olduğu kimi, dövlət qulluğunda da nümunəvidir. Beləliklə, həmkarımız hazırda dövlət qulluğunun baş müşaviri kimi Milli Məclis Aparatında məsul vəzifədə işləyərək, hakimiyyətin əsas qollarından olan parlamentin ümumi işinin səmərəli təşkilində mühüm rol oynayır. Mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə, 2010-cu ildə "Əməkdar jurnalist" adına layiq görülüb.

Çalışdığı sahələrdə vaxt məhdudluğuna baxmayaraq Akif Təvəkküloğlunun imzası vaxtaşırı qəzet səhifələrində görünür. Milli və mənəvi dəyərlərə, mənəviyyat və əxlaq məsələlərinə həsr olunmuş bu yazılarda Akif Təvəkküloğlunun özünəməxsus diliüslubu, yazı tərzi aydın hiss olunur.

Akif Təvəkküloğlu kimi dəyərli həmkarlarımızın televiziya və bütövlükdə media təcrübəsi  bu sahəyə yeni qədəm qoyan hər kəs üçün örnəkdir. Özü barədə danışmağı sevməsə də, bu yazıda onun daha çox jurnalist kimi xarakterik keyfiyyətlərinə toxunduq. Çünki yubileyini qeyd edən həmkarımız dövlət qulluğunda olsa da, yenə də media nümayəndəsidir. Ona görə bu gün arxaya dönüb həyat yollarına baxanda Akif Təvəkküloğlu birinci növbədə öz vicdanı qarşısında hesabat verir. Ömrünü jurnalistikaya, mətbuata həsr etməyindən heyifsilənmir. Çünki yaradıcılığı ilə xalqına, vətəninə, dövlətçiliynə xidmət edən Akif Təvəkküloğlu zəngin və mənalı bir həyat sürür.

Qəlbi daim yazıb-yaratmaq eşqi ilə döyünən bu insanla söhbətləşərkən hər kəsə nümunə ola biləcək, tükənməsi mümkün olmayan yaradıcılıq enerjisinin getdikcə artmasını müşahidə etməmək mümkün deyil və hələ bundan sonra da uzun illər fəaliyyətini ruh yüksəliyi ilə davam etdirəcəyinə şübhə yoxdur. Çünki fədakar bir jurnalist və dövlət qulluqçusu ömrü yaşayan bu insanın deyiləsi sözü hələ çoxdur. Biz də həmkarımızı doğum günü münasibətilə ürəkdən təbrik edir, sağlamuzun bir ömür, daim zirvələrdə olmağı arzulayırıq.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 30 noyabr.- S.7.