Bərdə mədəniyyət mərkəzinə çevrilir

 

Dahi Nizami Gəncəvinin neçə əsr əvvəl sevə-sevə qələmə aldığı "Bərdə nə gözəldir, necə qəşəngdir, yazı da, qışı da güldür, çiçəkdir" sözləri sanki Qarabağın bu dilbər guşəsinin çağdaş günləri üçün deyilib. Qışın astanasında olan Bərdənin bugünkü siması sözün həqiqi mənasında baharı xatırladır. Hara baxırsan, gül-çiçək, hara üz tutursan, yaşıllıq.

Bərdənin hüsnünə son bir il yarımda hər kəsi heyrətə gətirə biləcək dərəcədə gözəl, bənzərsiz naxışlar vurulmuş, qədimliklə müasirliyin qovuşduğu bu tarixi məkan əsrlər sonra yenidən Azərbaycanın mirvarisinə çevrilmişdir. Övlad məhəbbəti ilə hər qarışı cənnətə döndərilən, yenidən qurulan Bərdə indi bərdəlilərin qüruriftixar yerinə çevrilmişdir. İki ay əvvəl bölgəyə səfər edən respublika Prezidenti İlham Əliyev burada görülən abadlıq, təmir-tikinti və yenidənqurma işlərini yüksək qiymətləndirmiş, eyni zamanda yeni quruculuq işlərini daha da sürətləndirmək üçün dəyərli tövsiyələr vermişdir. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir. Çox şadam, çünki Bərdənin inkişafı üçün çox böyük işlər görülmüşdür və görülməlidir. Bərdə bizim tarixi şəhərimizdir, qədim şəhərdir. Bərdə qədim xəritələrdə vardır. Bu, reallıqdır. Əlbəttə, biz hər bir rayonun inkişafı üçün bütün işləri görürük. Ancaq Azərbaycan tarixində xüsusi yeri olan şəhərlər, rayonlar, diyarlar üçün xüsusi proqramlar da hazırlanmalıdır.

Mən Bakıya qayıdandan sonra Bərdənin sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam imzalayacağam. Sərəncamda həm Bərdənin tarixi əhəmiyyəti vurğulanacaq, eyni zamanda rayonun inkişafı istiqamətində əlavə tədbirlərin görülməsi üçün əlavə vəsait də nəzərdə tutulacaqdır".

Son dövrdə Bərdədə çox şey dəyişmişdir. Yeni qurulan Heydər Əliyev prospekti bu qədim şəhərin mərkəzindən keçməklə onu iki hissəyə bölür. Prospekt boyunca yola yeni salınan asfalt, mozaik plitələr döşənmiş səkilər, aqlayla üzlənən, milli memarlıq üslubunda naxışlanan hasarlar, müasir işıqlandırma sistemi, qiymətli bəzək ağacları, əlvan güllər, çiçəklər hər kəsdə xoş duyğular oyadır. Bərdədə yenilənən təkcə parklar,  xiyabanlar, küçələr, yollar deyil. Bu prosesdə ən çox diqqət çəkən adamlarda "bu şəhər mənimdir" psixologiyasının formalaşmasıdır.  Xoşdur ki, indi Bərdədə təmizliyə, abadlığa, yaşıllığın qorunmasına hər kəs şüurlu şəkildə nəzarətçidir. Bir il əvvəl küçələrə, parklara gül-çiçək əkiləndə şəhər əhalisinin çoxsaylı müdaxiləsi müəyyən çətinliklər yaradırdı. Adamlar parklarda, xiyabanlarda, ictimai yerlərdə əkmək üçün nəzərdə tutulan gül-çiçəyi öz həyətlərində də əkmək istəyirdilər. Eyni əraziyə təkrar gül-çiçək əkib artıq əziyyət çəkən adamların narazılığına rayon icra hakimiyyətinin başçısı Vidadı İsayevin reaksiyası isə öz məntiqi ilə hər kəsi razı saldı. Başçı tapşırdı ki, bu istəyə qarşı çıxmaq olmaz. Axı onlar  gül kollarını məhv eləmirlər, aparıb öz həyətlərində əkirlər. Qoy olsun, o həyət də Bərdənin bir parçasıdır. Belə yanaşma adamlarda doğma diyarın gözəlliyinə yardımçı olmaq həvəsini birə-min artırdı, yeni münasibətlər formalaşdırdı.

Ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biri olan Bərdədə mədəniyyətin yüksəlişi də diqqətçəkən sahələrdəndir. Bu sahədəki kadr dəyişikliyinin effekti özünü çox gözlətmədi. Dövlət başçısının Bərdəyə səfəri çərçivəsində yeni qurulmuş Nüşabə parkında yaradılmış şəraitlə tanış olması, burada rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşü özlüyündə çox şey deyirdi. Ali qonaqla görüş üçün seçilən məkan - Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının qəhrəmanı, Bərdə hökmdarı Nüşabənin heykəlinin qoyulduğu park füsunkar bir mədəniyyət obyekti kimi göz oxşayır. Rayon mədəniyyət və turizm şöbəsinə İlyas Hacıyevin təyin edilməsi həmişə rayon ictimaiyyətinin diqqət mərkəzində olan bu sahəyə yeni ruh, yeni nəfəs gətirmişdir. Bu yaxınlarda şəhər mədəniyyət evində respublikanın rəsmi şəxslərinin də qatıldığı təntənəli mərasim keçirilirdi. Səhnənin, salonun yeni formatda yüksək zövqlə tərtibatı hər kəsin ruhunu oxşayırdı. Tədbirin bədii hissəsində nümayiş etdirilən konsert proqramının zənginliyi və orijinallığı qonaqlarda xoş duyğular oyadırdı. Səhnədə ilk dəfə görünən yeni ifaçıların peşəkarlığı, yüksək istedadı qonaqların da, tədbirdə iştirak edən rayon ictimaiyyəti nümayəndələrinin də heyrətinə səbəb olurdu. Istər-istəməz ürəklərdə cavabsız bir sual baş qaldırırdı: doğrudanmı Bərdədə belə istedadlar varmış?.. Alqışlarla başa çatan tədbirdən sonra adamlar foyedə şöbə müdiri İlyas Hacıyevə yaxınlaşır, şahidi olduqları yeni nəfəs, yeni ruh üçün razılıqlarını bildirir, yeni yaradıcılıq uğurları arzulayırdılar.

Rayonun sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən intibah Bərdənin mədəni həyatında özünü daha qabarıq göstərir. Rayonun ictimai-siyasi həyatının ayrılmaz tərkib hissəsi olan mədəni-kütləvi tədbirlər, bayramlar, əlamətdar günlər son vaxtlar siyasi-ideoloji  bədii-estetik baxımdan yüksək səviyyədə təşkil olunur. Rayon mədəniyyət şöbəsində və onun tabeliyində olan müəssisələrdə əmək intizamı, tapşırılan üçün məsuliyyət hissi müqayisəedilməz dərəcədə yüksəldilmişdir. Gənclərin işə qəbuluna diqqət və qayğı artırılmışdır. Kollektivdə sağlam mənəvi-psixoloji mühitin yaradılması qazanılan uğurlarda böyük rol oynayır. Son vaxtlar kitabxana işi xeyli canlanmışdır. Artan tələbkarlığın, eyni zamanda yaradılan şəraitin nəticəsidir ki, günlərində hər hansı bir klubun, kitabxananın, mədəniyyət evinin qapısını bağlı görmək qeyri-mümkündür. Mədəni xidmətin yüksəlişinin göstəricisidir ki, elektron kitabxanadan istifadə edənlərin sayı xeyli artmışdır. Bu yaxınlarda keçirilən kitab bayramı öz möhtəşəmliyi ilə rayonun mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Tarixi şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə keçirilməsi rayonda pozulmaz ənənə halını almışdır.  İş elə təşkil edilir ki, kollektivin hər bir üzvü bacarığını, peşəkarlığını artırmaq üçün daim öz üzərində işləmək məcburiyyətində qalır. Hər ayda bir dəfə şöbədə seminar keçirilir. Bu qayda illərdi ki, davam edir. Yenilik isə ondan ibarətdir ki, hər seminardan sonra əvvəlcədən tərtib edilmiş qrafik əsasında bir klub, yaxud mədəniyyət evi kollektivinin özfəaliyyət yaradıcılığına ümumi baxış keçirilir. Beləcə hər bir mədəniyyət işçisi passivlikdən qurtulur, istər-istəməz yaradıcıya çevrilir.

Bərdənin abadlaşdırılması, yenudən qurulması mədəniyyət obyektlərini də geniş şəkildə əhatə edir. Tarixi abidələrin qorunmasına və bərpasına böyük önəm verilir. İcra başçısının Mədəniyyət Nazirliyi ilə apardığı səmərəli danışıqlar artıq öz bəhrəsini verməkdədir. Böyük tarixə malik Nüşabə türbəsinin bərpasına artıq start verilmişdir. Türbənin təmiri üçün xüsusi formalı kərpic materiallar İranın İsfahan şəhərindən gətirilmiş, bu məsuliyyətli işin icrası üçün peşəkar bərpaçılar ayrılmışdır. Min tamaşaçı yerlik mədəniyyət sarayının təmirinə növbəti ildə başlanacağı gözlənilir. Müasir tipli musiqi-incəsənət məktəbinin inşası başa çatmaq üzrədir. Gənclər Mərkəzinin tikintisinə yaxın günlərdə başlanacaqdır. Bu məqsədlə artıq münasib yer ayrılmışdır. Heydər Əliyev parkının inşasına yenicə başlansa da, artıq burada xeyli görülmüşdür.  Bütün zamanlarda Heydər Əliyev ideallarına sədaqətli olan, ulu öndərə sonsuz məhəbbət və ehtiramları ilə seçilən bərdəlilər bu parkın tikintisində iştiraklarını özlərinin mənəvi borcu bilir, könüllü olaraq inşaat işlərində fəal iştirak edirlər.

Sayı sürətlə artan parkların sırasına daha bir park da əlavə olunmaqdadır. Şəhərin qonaqlarına, eləcə də rayon əhalisinə məhəbbətlə qucaq açan  "Qəhrəmanlar parkı"nın açılışının xoş təəssüratı xatirələrdən silinməmiş yeni bir park inşa olunur. Bərdəni məhəbbətlə vəsf edən dahi Nizami Gəncəvinin adını daşıyacaq bu park  sürətlə tikilməkdədir. Parkda Nizaminin əzəmətli abidəsi qoyulacaq, ətrafında böyük bir ərazi abadlaşdırılacaqdır.

Yeni quruculuq planlarından, möhtəşəm layihələrdən söz düşəndə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev dedi:

- Bərdə Azərbaycanın böyük şöhrətə malik şəhərlərindəndir. Bu şöhrətli diyarı yenidən qurmağı qarşımıza məqsəd qoymuşuq və məqsədə mərhələ-mərhələ nail oluruq. Respublika Prezidenti İlham Əliyevin görülən işləri yüksək qiymətləndirməsi və Bərdənin böyük tarixi əhəmiyyətini dəyərləndirməsi bizə qol-qanad verir. Qaldırdığımız təşəbbüslərin, verdiyimiz təkliflərin dövlət başçısı tərəfindən dəstəklənməsi qarşımızda yeni üfüqlər açır. Möhtərəm Prezidentin uzun illər ərzində Azərbaycanın paytaxtı olmuş Bərdənin tarixi əhəmiyyətini yüksək qiymətləndirməsi, heç şübhəsiz, fəaliyyətimizə yeni istiqamət verir. Görəcəyimiz genişmiqyaslı quruculuq işləri sırasında bir məqamı xüsusi  vurğulamaq istəyirəm. Etiraf edim ki, rayon tarix-diyarşünaslıq muzeyi istər bina, istərsə də burada cəmləşmiş mövcud eksponatlar baxımından Bərdənin qədim şöhrəti ilə uyğun deyil. Bərdədə möhtəşəm tarix-diyarşünaslıq muzeyi inşa etməyi özümüzə vətəndaşlıq borcu bilirik. Çox keçməz  ki, digər istəklər kimi, bu arzu da gerçəkləşər.

Bu gün Bərdənin iqtisadiyyatı ilə yanaşı mədəniyyəti də dinamik inkişaf yolundadır. Dünəni şöhrətli, bugünü işıqlı Bərdənin əsrlər sonra yenidən ölkənin mədəniyyət mərkəzinə çevriləcəyi indi çox real görünür. Seçilən yolun düzgünlüyü, məqsədin aydınlığı bərdəliləri daha xoş, daha firavan günlərə qovuşduracaqdır. Xalqın da, dövlətin də istəyi budur.

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2012.- 9 dekabr.- S.5.