Təfəkkürlə hissiyyatın vəhdəti

 

Tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və İLESAM-ın (Türkiyə) üzvü, əməkdar mədəniyyət işçisi, şair Vaqif Məmmədovun elmi, ədəbi və publisistik fəaliyyəti ilə çoxdan tanışam. Poeziyasının daimi oxucusuyam. Otuza yaxın bədii və publisistik kitabın müəllifidir. Şeirləri bir sıra dillərə tərcümə edilərək Türkiyə, İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Yunanıstan, Almaniya, Bolqarıstan, PakistanABŞ-da çap olunmuşdur. Şair Özbəkistanda keçirilmiş "Daşkənd təranəsi" beynəlxalq poeziya festivalının qalibi, müxtəlif ölkələrdə keçirilmiş poeziya festivallarının və elmi simpoziumların iştirakçısı olmuşdur.

Vaqif Məmmədovun poeziyasına xas olan mövzu genişliyi və rəngarəngliyi "Dənizə qar yağırdı" kitabı üçün də səciyyəvidir. Doğma yurda övlad sevgisi, onun füsunkar təbiətinə vurğunluq, dostluq və xəyanət, ədalət və haqsızlıq kimi müxtəlif  mövzular şairin qələmi ilə poetik nümunələrə çevrilmişdir. "Ömrümün yarpaqları" başlığı altında verilmiş iki yüzədək dördlüklərdə lirik qəhrəmanın həyatının, demək olar ki, bütün məqamları öz əksini tapmışdır. Vətəni Azərbaycanın gözəl bir guşəsi olan Naxçıvana həsr etdiyi şeirlər fikrin aydınlığı, hisslərin təbiiliyi və poetik təhkiyənin ahəngdarlığı ilə diqqəti cəlb edir. "Sözlü, nəğməli diyar", "Naxçıvan süitası" və "Naxçıvan nəğməsi" adlı şeirlərdə şair doğma diyarının keçmişinibugününü, qəhrəmanlıq tarixini, mədəniyyət abidələrini, təbii gözəlliklərini və sərvətlərini böyük sevgi və ilhamla tərənnüm edir.

Şair "Qorxuram bir az", "Gedib sənin qatarın...", "Sənin səhvlərin", "Həmin dostluq o illərdə qalıbdı", "Nə deyim sənə, dünya", "İnsanlığın qızıl kəməri", "Nəsihət", "Yaxşı adam" və bu qəbildən olan şeirlərində mənəvi-əxlaqi məsələlərə toxunur. Bu şeirlərdə haqq-ədalət, dostluq-sədaqət kimi insani məziyyətlər tərənnüm, vəfasızlıq-sədaqətsizlik, yalançılıq-kələkbazlıq kimi qeyri-insani sifətlər məzəmmət edilir. Şair tərənnümündə olduğu kimi, məzəmmətində də səmimidir. "Həmin dostluq o illərdə qalıbdı" şeiri bu cəhətdən səciyyəvidir:

 

 

İtirmişəm cığırını, izini,

Eşitmirəm baldan şirin sözünü.

Bulud alıb o günəşin üzünü,

Həmin dostluq o illərdə qalıbdı.

 

 

Yuxarıda qeyd etdiyim kimi, V. Məmmədovun şeirlərində lirik qəhrəmanın həyatının elə müxtəlif məqamları qələmə alınıb ki, onlar əslində bir insan ömrünü özündə ehtiva edir. Ən əsası isə odur ki, bu dördlüklər rübaiyə xas olan mücərrəd səciyyə daşımır,  sadəcə həyat lövhəsi də cızmır; bu şeirlərin hər birində buya digər həyat faktı  şairin poetik təfəkkür və hissiyyat süzgəcindən keçərək  elə dərk olunurduyulur ki, oxucu onları öz həyatının konkret  məqamları kimi anlayır və qavrayır.

  Şairin qardaşının xatirəsinə həsr etdiyi "Müşfiqsiz günlərim" adlı silsilədəki şeirlər kamil elegiya nümunələridir. Bu şeirlər məna dərinliyi və bədii təsir qüvvəsinə görə Xaqaninin oğlu Rəşidin ölümünə yazdığı mərsiyələri, Əhməd Cavadın qızı Almasın vəfatına həsr etdiyi şeirləri xatırladır. Qardaşını itirən şairin poetik düşüncələri təlatümlü olduğu qədər də geniş və əhatəlidir.                           

Vaqif Məmmədovun "Dənizə qar yağırdı" kitabı bu qəmli notlara baxmayaraq, bütünlükdə oxucuda həyata, insana inam, nikbinlik hissləri aşılayır. Sənətkarlıq baxımından isə bu şeirlər toplusunu şairin hazırkı yaradıcılığının zirvəsi hesab etmək olar.

 

 

Əlirza BALAYEV,

əməkdar jurnalist

Azərbaycan.-2012.- 9 dekabr.- S.6.