Bakıda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir

Xəbər verildiyi kimi, ölkəmizdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

AzərTAc xəbər verir ki, dahi mütəfəkkirə həsr edilmiş tədbirlər oktyabrın 1-də Heydər Əliyev Sarayında davam etdirilmişdir.

Sarayın foyesində dahi söz ustadı ilə bağlı hazırlanmış kitab və rəsm əsərlərindən ibarət sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 23 dekabr tarixli sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Nizami Gəncəvinin qüdrətli qələmi ilə 800 il bundan əvvəl meydana gələn Şərq, o cümlədən Azərbaycan intibahının qızıl səhifələri yazılmışdır. O, bəşəriyyətin bədii söz aləminə "Xəmsə" adlı xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir mənzərəsini yaratmışdır. Dahi şair söz meydanında elə bir nizam yaratmışdır ki, 800 ildən bəri Şərqdə və Qərbdə, Şimalda və Cənubda, "Nizami" kəlməsi şair sözünün sinonimi kimi səslənməkdədir. Bu ilin əvvəlindən Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ölkəmizin bütün şəhər və rayonlarında silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Bu tədbirlərin zirvəsi iki gün əvvəl Gəncə şəhərində - böyük şairin vətənində, yaşadığı doğma torpaqda çox möhtəşəm təntənə ilə və xeyli sayda qonaqların iştirakı ilə həyata keçirilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu il İtaliyanın Roma şəhərində Avropada ilk olaraq böyük şairimizin abidəsi ucaldılmışdır. Həmçinin sentyabrın 30-da Gəncədə "Xəmsə"nin tam külliyyatı təqdim olunmuş və bu töhfələrə görə biz, bütün Nizamisevərlər və mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.

Baş nazirin müavini Elçin Əfəndiyev Nizami Gəncəvi dühası, onun bəşəri irsi, dahi şairin yaradıcılığını tədqiq edənlərin sənətkarla bağlı gəldikləri qənaət haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, onun 68 illik ömründən (1141-1209-cu illər) qalan mirasın bədii estetik, ictimai-fəlsəfi mahiyyəti və miqyası nəinki 68 ilin, hətta aradan keçən 870 ilin təcrübələrinə sığışmır. Ona görə Nizami daim müasirdir və qərinələrin çağdaşıdır. Təsadüfi deyildir ki, onun əsərləri əsrlər boyu tədqiq olunsa da, bu günün özündə də nizamişünaslıq yeni-yeni mülahizələr söyləyir və elmi-nəzəri mübahisələr aparılır. Əsrlər bir-birini əvəz etdikcə Nizami ədəbi irsi hər dəfə yeni nəzəri-estetik baxış bucağı tələb edir.

Elçin Əfəndiyev vurğulamışdır ki, 30 il bundan əvvəl Ümumittifaq səviyyəsində dahi Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi məhz ulu öndər Heydər Əliyevinin şəxsi nüfuzu sayəsində mümkün olmuşdur. O vaxtdan illər keçir, dünyanın siyasi xəritəsi və ictimai quruluşu kökündən dəyişir, ancaq Nizami irsinə heç bir ziyan dəymir. Əksinə, Nizaminin doğma xalqı ilə mənəvi təması daha da artır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairin 870 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq sərəncamı çox əhəmiyyətlidir.

Yubiley tədbirində Misirin məşhur İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, Qazaxıstan Respublikasının UNESCO-dakı daimi nümayəndəsi Oljas Süleymenov, xalq yazıçısı Anar, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İtaliya Şərqşünaslıq İnstitutunun professoru, türkoloq Mikeli Bernandini dahi şairin irsinin əhəmiyyətindən danışmışlar. Rəsmi çıxışlardan sonra tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.

 

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S. 6.