Biblioqrafik göstərici nəşr olunmuşdur

 

 Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi Şurasının qərarı ilə "Mirzə Fətəli Axundzadə - 200" adlı biblioqrafik göstərici çapdan çıxmışdır. Biblioqrafik göstərici Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə nəşr olunmuşdur. Biblioqrafik göstərici 7 hissədən ibarətdir. Birinci hissədə Mirzə Fətəli Axundzadənin kitabları, dövri mətbuatda və toplularda dərc olunmuş əsərləri, ikinci hissədə həyat və yaradıcılığına həsr olunmuş kitablar, məqalələr və Mirzə Fətəli Axundzadəyə həsr olunmuş şeirlərin adları verilmişdir. Biblioqrafik göstəricinin üçüncüdördüncü hissələrində Mirzə Fətəli Axundzadənin rus dilində çap olunmuş kitablarının və onun haqqında yazılmış əsər, məqalə və şeirlərin adları verilmişdir. Beşinci hissədə böyük mütəfəkkirin digər dillərə tərcümə olunmuş əsərlərinin, altıncı hissədə isə dramaturqun həyat və yaradıcılığı haqqında müxtəlif xarici dillərdə nəşr olunan əsər və məqalələrin adları verilmişdir. Yeddinci hissədə köməkçi göstəricilər verilmişdir. Biblioqrafik göstəricini AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun rəhbərliyi ilə filologiya üzrə fəlsəfə doktoru Əmin Əfəndiyev və Zakirə Əliyeva tərtib etmişlər. Göstəricinin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Zaman Əsgərlidir. Biblioqrafik göstərici Mirzə Fətəli Axundzadə irsini araşdıran tədqiqatçılar, həm də Axundzadə irsi ilə maraqlananlar üçün qiymətli vəsaitdir.

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.7.