Lorenzo İBOLİ: «Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir»

 

 "Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir". 

Bu sözləri Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliyanın Perugia Universitetinin professoru Lorenzo İboli AzərTAc-a müsahibəsində demişdir.

Alim bildirmişdir ki, müxtəlif peşə ilə məşğul olan insanlar, xüsusilə də mədəniyyət sahəsini təmsil edənlər Bakıda bir araya gələrək aktual məsələləri müzakirə etməyə çalışırlar. Çünki mədəniyyət çox geniş bir məfhumdur. Mədəniyyət insana cəmiyyətdə yaşamağa, cəmiyyətə isə dünyada yaşamağa kömək edir. Bu qəbildən olan tədbirlər insanları, xalqları daha da yaxınlaşdırır. Azərbaycan bu sahədə mühüm addım ataraq Bakı Beynəlxalq Humanitar Forumunu ənənəyə çevirmişdi. Bu, olduqca təqdirəlayiq haldır. Əminəm ki, builki forum ötənilki kimi uğurla nəticələnəcəkdir. Forumda müzakirə ediləcək vacib məsələlər bəşəriyyətin üzləşdiyi çağırışlara cavab verilməsi baxımından mühüm töhfələri ilə yadda qalacaqdır. 

İtaliyalı professor Bakının inkişaf etmiş Qərb şəhərlərindən geri qalmadığını vurğulayaraq bildirmişdir ki, Azərbaycan paytaxtının gözəlliyi onu heyran etmişdir.

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.8.