Yubiley başa çatdı

 

Dahi şairə məhəbbət isə yeni vüsət alıb

 

Nizami Gəncəvi elə böyük şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır!

 

Heydər ƏLİYEV

 

 

Qədim Gəncə belə möhtəşəm təntənə görməmişdi. Bu, əsl beynəlxalq bayram idi. 45 ölkədən 150-dən çox nümayəndə gəlmişdi. Ölməz Nizaminin yurdu Gəncə 870 illik yubileyi tam hazırlıqla qarşıladı.

Neçə vaxt idi ki, Gəncə şəhəri dövlət başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq öz dahi oğlu, böyük söz sərkərdəsi Nizami Gəncəvinin ad gününə hazırlaşırdı. Bu müddət ərzində şəhər başdan-başa abadlaşdı, gözəlləşdi, tanınmaz oldu. Məqbərə kompleksi, Nizami meydanı, "Xəmsə" guşəsi, Nizami küçəsi, şairin adı ilə bağlı olan digər yerlər tamamilə yenidən quruldu. Məqbərə kompleksindən tutmuş şəhərin ən müxtəlif guşələrinə kimi hər yer al qumaşa büründü. Nizaminin portretləri, onun əsərlərindən fraqmentlər, miniatürlər, ulu şairin müdrik sözləri hər yanı bəzəyir.

Bu müddət ərzində Nizaminin adı və ədəbi irsi ilə bağlı neçə-neçə əvəzsiz abidə yarandı. Bir-birindən dəyərli işlər görüldü. Gəncədə altı şöbədən ibarət Nizami mərkəzi açıldı. Yubileyin tədbirlər planına uyğun olaraq professor Xəlil Yusifli "Leyli və Məcnun" poemasını əruz vəznində tərcümə etdi, Samir Pişnamazzadənin "Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri" adlı monoqrafiyası, tanınmış alim Əfrasiyab Vəkilovun "Blokadalı Leninqradda Nizami yubileyi" kitabı, professor Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" əsəri, habelə, "Gəncə şəhərinin tarixi" kitabı çap olundu. Otuz illik fasilədən sonra "Nizamişünaslıq" jurnalının nəşri bərpa edildi. Avstriya, Almaniya, Böyük Britaniya kitabxanalarında, Saltikov Şedrin adına Rusiya Milli Kitabxanasında və digər yerlərdə qorunan "Xəmsə" əlyazmalarının nadir nüsxələrinin surətləri Gəncəyə gətirildi. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi" adlı çox dəyərli bir monoqrafiya, şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət kompakt disk və sənətşünas Sevda Qurbanəliyevanın hazırladığı "Nizami əsərləri miniatürlərdə" toplusu nəfis şəkildə sənətsevərlərə çatdırıldı.

Yubiley təntənələri Mərkəzi meydanda və məqbərə kompleksi önündə xüsusilə diqqəti cəlb edirdi. Hər yan Nizamiyə gəncəlilərin sevgi və məhəbbətini əks etdirən nəhəng bir muzeyə bənzəyirdi. Ulu Gəncə Nizami ovsununa düşmüşdü. "Xəmsə"nin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyalar, Nizaminin sözlərinə bəstələnmiş romanslar, xalq mahnıları, folklor nümunələri qonaqların diqqətini daha çox cəlb edirdi.

Sentyabrın 29-da və 30-da Gəncədə Nizaminin adına daha bir sıra ünvanlar yarandı. Möhtərəm qonaqların iştirakı ilə Beynəlxalq mərkəzin təməli qoyuldu. Nizaminin adını daşıyan yeraltı keçidin açılışı oldu. Beynəlxalq konfrans keçirildi. Şəhər icra hakimiyyəti ilə İskəndəriyyə, Türkiyə, Gürcüstan və Kəşmir Milli kitabxanaları arasında əməkdaşlıq haqqında niyyət protokolu, habelə Gəncə şəhəri ilə Tacikistan Respublikasının Xocənd şəhəri arasında "Qardaşlaşmış şəhərlər" sazişi imzalandı.

Oktyabrın 1-də yubiley tədbirləri Bakıda - Heydər Əliyev Sarayında davam etdirildi. Bütün ölkəni bürüyən bu möhtəşəm yubiley dahi Nizami Gəncəvinin ölməz irsinə ən böyük töhfə sayıla bilər. Əslində görülən hər bir tədbir, burada deyilən hər bir söz, dünya miqyasında getdikcə marağı daha da artan nizamişünaslığa yeni bir töhfə sayıla bilər. Ona görə də biz Gəncədə yubiley iştirakçılarının bəziləri ilə söhbət etdik. Bu da bir fürsətdir:

 

Azərbaycanın Baş nazirinin müavini, yazıçı Elçin Əfəndiyev:

- Nizami Gəncəvi dühası, onun 68 illik ömründən qalan mirasın bədii estetik, ictimai-fəlsəfi mahiyyəti və miqyası nəinki 68 ilin, hətta aradan keçən 870 ilin təcrübələrinə sığışmır. Ona görə Nizami daim müasirdir və qərinələrin çağdaşıdır. Təsadüfi deyildir ki, onun əsərləri əsrlər boyu tədqiq olunsa da, bugünün özündə də nizamişünaslıq yeni-yeni mülahizələr söyləyir və elmi-nəzəri mübahisələr, müzakirələr aparılır.

Nizami Gəncəvi yaradıcılığı tədqiqatçılar üçün böyük yaradıcılıq mənbəyidir. Əsrlər, qərinələr bir-birini əvəz etdikcə Nizami ədəbi irsi hər dəfə yeni nəzəri-estetik baxış bucağı tələb edir. Onun yaradıcılığı ilə təkcə Şərq tədqiqatçıları deyil, eyni zamanda Avropa şərqşünasları da məşğul olmuşlar. Bu da onu göstərir ki, Nizami yaradıcılığı Şərqlə Qərbin fəlsəfi, bədii estetik sintezi, vəhdətidir. O, bir tərəfdən Aristoteli, Platonu mənimsəmişdirsə, o biri tərəfdən də Firdovsini, İbn Sinanı mənimsəmişdir. Bu baxımdan mütəfəkkir şairin dünyagörüşündə bu iki aləmin vəhdəti yaranmışdır. Nizami yaradıcılığının gücü, qüdrəti onda idi ki, hansı mövzuya yanaşırdısa, həmin mövzunu özününkü edirdi.

 

Qırğızıstanın xalq şairi Eqomberdi Ermatov:

- Mən bu böyük el bayramına Qırğızıstandan gəlmişəm. Nizaminin yubileyində iştirak etdiyim üçün böyük fərəh duyuram. Axı Nizami Gəncəvi bütün türk elinin iftixarı, dünya poeziya aləminin bayraqdarıdır. Bu dahi şairin yaradıcılığı ilə Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğum zaman tanış olmuşam. O vaxtdan Nizami Gəncəvini təkcə sevmirəm, həm də onu özümə müəllim hesab edirəm. Nizaminin "Xəmsə"yə daxil olan "Yeddi gözəl" poemasını qırğız dilinə tərcümə etmişəm. Həmin əsər kitab şəklində çoxminli tirajla dəfələrlə təkrar nəşr edilib. Nizaminin böyüklüyü haqqında onu deyə bilərəm ki, bütün Şərq poeziyası Nizami Gəncəvidən başlayır.

 

Oljas Süleymenov (ictimai-siyasi xadim, yazıçı):

- Mən burada 30 il əvvəl Nizami Gəncəvinin 840 illik yubiley tədbirlərində olmuşam. Yadımdadır, çox yaxşı keçdi. Mən o vaxt Heydər Əliyevə dedim ki, yubileylər adətən yuvarlaq tarixlərdə keçirilir. 840 il yuvarlaq rəqəm deyil. Nə yaxşı 840 il yubiley kimi qeyd olunur. O böyük insan müdrikcəsinə cavab verdi: "Nizami Gəncəvi elə böyük şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır".

Qəribədir ki, ulu şairə 850 illik yubiley qismət olmadı. Buna müharibə imkan vermədi. İndi budur, 30 ildən sonra 870 illik yubiley tədbirlərinə qoşulmuşuq. Nizami Gəncəvinin 870 illik yubileyində iştirak etməyimlə iftixar duyuram. Bu, əsl poeziya bayramıdır. Tədbirlər çox maraqlı, məzmunlu keçir, əsl Nizami Gəncəviyə layiq. Hər on ildən bir belə əzəmətli yubiley tədbirləri keçirməyinizi təqdir edirəm və Sizə uğurlar arzulayıram.

 

Vayra Vike-Freyberqa (Latviyanın ilk qadın prezidenti):

- Biz Nizamini dahi bir şair kimi tanıyırıq. Eyni zamanda onu da bilirik ki, o, elmi-tədqiqatçı, öz dövrünün alimi, humanizmi təşviq edən müdrik bir şəxs idi. Avropada intibah dövrü başlamazdan bir neçə əsr əvvəl Nizami bu intibahın başlanğıcını qoymuşdu.

Nizami Gəncəvinin yaşadığı dövrdə mənim ölkəm Latviya işğal altında idi. O zaman biz öz epik ənənəmizi, demək olar, itirmişdik. Sonralar biz ağızdan-ağıza, qulaqdan-qulağa yayılan şeirləri yazıya almışıq. 1966-cı ildə həyat yoldaşımla belə qərara gəldik ki, bu irsi rəqəmsal formaya çevirək. Bu, çox müşkül məsələ idi. Kompyuter aparatları çox iri idi. Böyük otaqlara güclə yerləşirdi. Yalnız rəqəmlərdən istifadə olunurdu. Mətnin yazılması çox çətin idi. O zaman ikimiz də gənc professor idik. Hamı deyirdi ki, bu, boş xəyaldır. Həmin ideyaları həyata keçirə bilməyəcəklər. Amma biz yolumuzdan dönmədik. Texnologiya inkişaf etdikcə çətin də olsa öz ideyalarımızı reallaşdırdıq. Yüz minlərlə şeiri rəqəmsal formaya çevirərək insanlar arasında yaymağa başladıq. Hər il milyonlarla oxucu bizim bu rəqəmsal formaya çevrilmiş əsərlərlə tanış oldu. UNESCO işimizi yüksək qiymətləndirdi. İndi təkcə Latviya yox, dünyanın müxtəlif guşələrində saysız-hesabsız oxucu bu üsuldan faydalanır.

Nizami ilə bağlı hər nə varsa hamısı toplanmalıdır. Müasir texnologiyalar buna imkan verir. Lazım deyil ki, bütün əlyazmalarını bir mərkəzə yığaq. Bu inciləri sadəcə rəqəmsal formaya çevirməklə bütün dünyaya yaymaq lazımdır.

Nizami Gəncəvi təkcə Gəncə şəhərinin yox, bütün dünyanın qürur duya biləcəyi bir şəxsiyyətdir. Şadam ki, onun bu möhtəşəm yubileyində iştirak edirəm. Mən də öz duyğularımı hər bir azərbaycanlının, hər bir gəncəlinin hissləri ilə bölüşür, dahi şairin irsinə böyük hörmətlə yanaşıram. Nizami Gəncəvi hər ehtirama layiqdir.

İsmayıl Serageldin (Misirin İskəndəriyyə kitabxanasının direktoru):

- Mən gəncəlilərə və Gəncə Şəhər İcra Hakimiyyətinə dərin təşəkkürümü bildirirəm ki, belə möhtəşəm bir tədbir keçirilir. Nizami Gəncəvi hər ehtirama layiqdir. Nəinki sırf bir ədəbiyyatın dahisi olubdur, fəlsəfə dahisi, astronomiya dahisi, ümumiyyətlə, həyatın bütün sahələrində yeri və rolu olan ən müdrik şəxsiyyətlərdən biridir. Nizami Gəncəvinin təkcə Azərbaycan ədəbiyyatının və Azərbaycan mədəniyyətinin inkişafında yox, o cümlədən bütün dünya mədəniyyətinin tərəqqisində böyük təkanverici rolu olubdur.

Şərq intibahının dahi şairi Nizami Gəncəvinin fikir və hikmətlərini dünyanın digər bölgələri ilə bölüşdüyü üçün Azərbaycana təşəkkür edirəm.

Ərəb dünyasının tanınmasında və Misir ədəbiyyatının formalaşmasında da Nizami Gəncəvinin təsiri əvəzsizdir. Məhz Nizami Gəncəvidən dünya miqyasında bəhrələnərək "Leyli və Məcnun" kimi neçə-neçə məhəbbət dastanı yazılmışdır. Nizami Gəncəvinin "Leyli və Məcnun"dan başqa "Xosrov və Şirin" poemasının da əsas cizgi xətlərinə baxdıqda görürsən ki, onun Şeksprin əsərlərinə ilhamverici təsiri olubdur.

Nizaminin nüfuzu silah gücündə və siyasi gücdə deyil, Nizaminin nüfuzu məhəbbət və ülvi münasibətlərin və ali hisslərin üzərində qurulmuş bir qüvvədir. Mən burada seyr etdiyim heyrətamiz tədbirlərlə çox təsirlənmişəm. Əminəm ki, bütün qonaqlar da bu tədbirin əhəmiyyəti və gözəlliyini qədərincə duyurlar.

Səfərim zamanı mən Misirdə olan mindən çox ədəbiyyatın əlyazmasının elektronlaşmış nüsxəsini Gəncəyə hədiyyə etdim. Əminəm ki, bundan sonra da bizim Nizami Gəncəvi ədəbiyyatının təbliğində əməkdaşlığımız daha çox olacaq, çünki bizim hökumətimiz İskəndəriyyə kitabxanasının rəhbərliyi ilə dünyanın bir sıra ölkələrində Nizami Gəncəvinin tədbirlərinin keçirməsini planlaşdırır. Bu isə bizim çox dəyərli əlaqələrimizə yeni təkan verəcəkdir.

 

Roza Otunbayeva - Qırğızıstan Respublikasının sabiq prezidenti:

- Dahi Nizaminin yubileyi ilə əlaqədar görülən tədbirlər məni valeh etdi. Bu möhtəşəm təntənələr göstərir ki, Gəncə bu yubileyə xüsusi hazırlaşıb. Məhz xalqın əhval-ruhiyyəsinin yüksək olması nəticəsində biz belə kütləviliyin şahidiyik. Nizami bizim də iftixar mənbəyimizdir. Qırğızıstanda 17 min azərbaycanlı yaşayır. Ona görə istəyirik ki, biz də belə bir tədbir keçirək. Milli iftixarımız olan "Manas"ın yubileyi keçiriləndə unudulmaz Heydər Əliyevin iştirakını, müdrik çıxışını hamımız fərəhlə xatırlayırıq. Heydər Əliyev çox gözəl dedi ki, hər sahədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi müqəddəs bir işdir. Bu işi biz davam etdirməli, əbədi yaşatmalıyıq. Qaldı Nizami Gəncəvinin dünya miqyasında yerinə, yurduna bu nurlu insan bütün bəşəriyyətin fəxridir. Əbəs deyildir ki, hələ orta əsrlərdə Nizamini poeziyanın Allahı sayırdılar.

Şərq intibah dövrünün ən böyük nümayəndəsi Nizami Gəncəvi XII əsrdə günəşli Azərbaycanda anadan olub və bədii estetik güc vasitəsilə "Xəmsə"də dünya ədəbiyyatını və fəlsəfəsini təmsil edib.

Nizamini hər gün, hər yerdə öyrənməliyik. Nə yaxşı ki, qonşu Tacikistanın məktəblərində Nizami dərsləri keçirilir. Bizdə də bu iş təşkil edilsəydi, çox faydalı olardı. Nizaminin xeyli əsəri qırğız dilinə tərcümə olunub. Lakin mən belə hesab edirəm ki, bu, hələ azdır. Nizami əsərlərini farsca yazsa da, ürəyi həmişə Azərbaycanla döyünüb. Biz bunu onun hər bir əsərində çox aydın hiss edirik ki, o, əvəzsiz-bənzərsiz türk şairidir. Hamımız bu dahi insanla fəxr edirik.

Yubiley təntənələri başa çatdı. Qədim Gəncədə ölməz şairə məhəbbət isə yeni vüsət alıb. Müxtəlif elm, təhsil, mədəniyyət ocaqlarında oldum. Hər yerdə söhbət Nizaminin yubileyindən, dünya şöhrətli şairin ədəbi irsindən gedir. Neçə yerdə dahi şairə həsr olunmuş muzeylər açılıb, guşələr düzəldilib, lövhələr, stendlər, plakatlar hər yanı bəzəyir. 44 nömrəli bağça-məktəb-liseydə təcrübəli təhsil işçisi Knyaz Süleymanov deyir ki, yubileydən sonra muzeyə gələnlərin sayı getdikcə artır. Yubileyin yekunları ilə əlaqədar olaraq bu günlərdə toplantı keçirdik. İstər müəllimlər və istərsə də şagirdlər deyirlər ki, Nizaminin irsinin təbliğini daim davam etdirmək lazımdır. İlin sonuna kimi biz yuxarı siniflərdə "Dünya şöhrətli Nizami" adlı yazı müsabiqəsini keçirmək fikrindəyik. Şəhərin digər elm, təhsil və mədəniyyət müəssisələrində də yubiley başa çatsa da, rəngarəng tədbirlər davam edir.

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 7 oktyabr.- S.6.