İstanbulda Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu mövzusunda Beynəlxalq Forum keçirilir

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyi Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutunun dəstəyi ilə İstanbuldakı "Renaissanse Bosphorus" hotelində "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda Beynəlxalq Forum keçirir.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən deputatlar, diplomatlar, Avropa Parlamentinin üzvləri, beynəlxalq və qeyri-hökumət təşkilatların təmsilçiləri iştirak edirlər.

Forumun keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədi ilə müxtəlif ölkələrdən gənc liderləri bir araya gətirmək, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içərisində irəliyə aparmaq və bu işdə gənclərin rolunu artırmaqdır.

Forumun açılışında çıxış edən TürkPA-nın baş katibi Ramil Həsənov bildirmişdir ki, "Günümüzün regiondakı gənc liderləri gələcəyin liderləridir" devizi ilə təşkil olunan forum TürkPA-nın qardaş xalqlar arasında əlaqə və əməkdaşlığı inkişaf etdirməsi istiqamətində mühüm addımlarından biri olacaqdır. Bu tədbirdə iştirak edən gənclərin bir çoxu yaxın gələcəkdə dövlət idarəetmə orqanlarında işləyəcəkdir ki, bu da onların həmkarları ilə daha yaxından əməkdaşlıq etməsinə şərait yaradacaqdır.

Açılış mərasimində çıxış edən TBMM-in birinci vitse-spikeri Mehmet Sağlam bildirmişdir ki, Dağlıq Qarabağ problemiqardaş Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı Türkiyənin gündəmdə olan ən mühüm məsələlərindən biridir. Ankara bu münaqişənin Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həlli üçün səylərini davam etdirəcəkdir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxışında ölkəmizdə gənclər siyasəti, dövlətimizin gənclərə diqqət və qayğısından ətraflı bəhs etmiş, türk dünyası gənclərinin daha sıx əməkdaşlığının zəruriliyini vurğulamışdır.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da çıxışında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ problemindən bəhs etmişdir. Onun sözlərinə görə, Ermənistanın işğalı davam etdirməsi, etnik təmizləmə siyasəti və ASALA kimi terror təşkilatının fəaliyyətinin davam etməsi bu münaqişənin həllinə mane olmaqla yanaşı, regionda inkişaf prosesinə də əngəl törədir. Prezident Administrasiyası adından forumun işinə uğurlar diləyən E.Aslanov vurğulamışdır ki, müasir texnologiyalar dövründə gənclər bu məsələlərdə daha fəal olmalıdırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qırğız Respublikası parlamentinin vitse-spikeri Torobay Zulpukarov və digər rəsmilər də çıxışlarında gənclərin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərdən bəhs etmiş, forumun işinə uğurlar diləmişlər.

Açılış mərasimindən sonra forum iştirakçıları müzakirələri "Perspektivlər və gənc liderlər", "Təcrübə mübadiləsi və dialoqun inkişafında müasir texnologiyaların rolu" bölmələrində davam etdirmişlər. Müzakirələrdə Türkiyə və Azərbaycan parlamentlərinin deputatları Məhmət Tuş, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov çıxış etmişlər. Litva, Serbiya, Bosniya-Herseqovina parlamentlərinin deputatları da müzakirələrə qatılmışlar.

Beynəlxalq Forum davam edir. Tədbirin sonunda gənc liderlər tərəfindən ənənəvi və parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda sülhünsabitliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, regionun dostluq və qardaşlıq evi olması ilə bağlı ortaq müraciətin qəbul edilməsi nəzərdə tutulmuşdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 8.