Yasamal rayonu ötən 9 ayı uğurla başa vurdu

 

 Oktyabrın 19-da Yasamal Rayon İcra Hakimiyyətində 2012-ci ilin 9 ayı üzrə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.

Tədbiri açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin  aparıcı rayonlarından biri olan Yasamalın hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Yasamal rayonunun tərəqqisinin kompleks xarakter daşımasına, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verməkdədir.

Cari ilin doqquz ayında Yasamal rayonunun sosial-iqtisadi göstəricilərinə görə, sürətlə inkişaf etdiyini diqqətə çatdıran icra başçısı dedi ki, ötən müddət ərzində sənaye məhsulunun ümumi həcmi 137 milyon 271 min manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 193 milyon    846 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 90,4 faiz və 96,4 faiz təşkil edir. Rabitə xidmətlərinin həcmi 120 milyon 295 min manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 194 milyon 218 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 132,2 faiz və 240 faiz deməkdir. Pərakəndə əmtəə dövriyyəsi 553 milyon 208 min manat, əhaliyə göstərilən pullu xidmətlər 352 milyon 719 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 103,2 faiz və 92,9 faiz təşkil edir. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 5,7 faiz artaraq 476 manat olmuşdur. Rayonda 2947 yeni yeri açılmışdır ki, onlardan 283-ü yeni yaradılmış müəssisələrdə, 657-si mövcud müəssisələrdə, 2007-si isə fiziki şəxslərdən ibarət olmuşdur.

Əldə  edilən uğurlardan, aparılan quruculuq və abadlıq işlərindən danışan İbrahim Mehdiyev qeyd etdi ki, "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun sukanalizasiya, qaz, elektrik enerjisi, istilik, rabitə və informasiya, yol təsərrüfatı və nəqliyyat, abadlıq və yaşıllaşdırma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrini əhatə edən böyükhəcmli işlər artıq öz müsbət nəticələrini göstərməkdədir. Dövlət proqramına rayonumuzun problemləri ilə əlaqədar daxil edilmiş 53 bəndin 20-si artıq icra olunub, 22-si isə icra olunmaqdadır. Belə ki, 21, 13, 38, 150, 225 saylı məktəblərin, 10, 12, 27, 36, 68, 94, 98, 99, 201, 318, 325 və Yeni Yasamal yaşayış massivində körpələr evi - uşaq bağçalarının, Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin tikinti və əsaslı təmir işləri, Yeni Yasamal yaşayış massivində poçt şöbəsinin tikintisi artıq başa çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 saylı məktəbdə əsaslı təmir işləri ilə tanış olmuş, 18 saylı məktəbdə aparılmış yenidənqurma işlərindən sonra açılış mərasimlərində iştirak etmişdir.

Hesabat dövründə Yasamal rayonunun təsərrüfat xidmətləri, elektrik təchizatı və satış idarəsi, Qaz İstismar Sahəsi, Su-Kanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, mənzil fondunun qorunması və meydana çıxan problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb olan hallara yol verilməyib.

İcra başçısı onu da vurğuladı ki, 2012-ci ilin ilk 9 ayı ərzində rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də müəyyən işlər  görülüb. "Ünvanlı Dövlət Sosial yardımı" Dövlət Proqramı çərçivəsində Yasamal  rayon  Əhalinin Sosial Müdafiəsi  Mərkəzi  tərəfindən 9212 nəfər  ailə üzvü olmaqla, 2632  ailəyə  ünvanlı  dövlət sosial  yardımı  verilib. Sosial müavinət alanların sayı 6237 nəfərdir. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 320 tənha və kimsəsizə xidmət göstərib, mərkəz tərəfindən 16 nəfərə sanator-kurort müalicəsi  üçün göndərişlər  verilib, 48 nəfər əlil isə Nabran  İstirahət Mərkəzinə  göndərilib. 19 nəfərə pulsuz avtomobillər verilib.  325 nəfər İkinci Dünya müharibəsi, 20 ÜanvarQarabağ  müharibəsi əlili Prezident təqaüdü alır.

İclasda çıxış edən Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Asəf Aslanov, 18 saylı orta məktəbin müəllimi Aynur Mustafayeva, Yasamal rayon Su-Kanal Departamentinin rəisi Vaqif Cəbrayıllı və başqaları əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları istiqamətində çalışaraq rayonun sosial-iqtisadi inkişafının təmin olunması üçün lazım olan bütün tədbirləri həyata keçirəcəklərini bildirdilər.

Sonda İbrahim Mehdiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edən islahatlar, demokratik dəyişikliklər, iqtisadi inkişaf ardıcıl surətdə  davam  etdirilir. Son aylarda cənab Prezidentin imzaladığı bir çox fərman və sərəncamlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində  cəsarətlə  irəliyə  doğru atılmış mühüm addımlardır. Bu tədbirlər respublikamızın bütün icra hakimiyyəti orqanlarının, o cümlədən  Yasamal Rayon İcra Hakimiyyətinin qarşısına bir sıra  vəzifələr qoyur. Sizi əmin edirik ki, indiyədək olduğu kimi, bundan sonra da Yasamal Rayon İcra Hakimiyyəti  öz üzərinə düşən  bütün vəzifələri layiqincə, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcək.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2012.- 20 oktyabr.- S. 5.