Qroznıda Rusiya Federasiyası Həcc Şurasının və missiyasının yaradılmasının 10 illiyi təntənəli surətdə qeyd edilmişdir

 

Tədbirdə bütün Qafqazın şeyxi Allahşükür Paşazadə iştirak etmişdir

 

Avqustun 30-da Çeçenistanın paytaxtı Qroznıda Rusiya Federasiyasının Həcc Şurasının və Rusiya Həcc missiyasının yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak etmişdir.

AzərTAc xəbər verir ki, iclasdan əvvəl Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Təntənəli iclas müqəddəs "Qurani-Kərim"in ayələrinin oxunması ilə başlamışdır.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov iştirakçıları salamlayaraq Azərbaycan Respublikasının, Qafqaz Müsəlmanları İdarəsinin və şəxsən onun sədri Şeyxülislam Allahşükür Paşazadənin rusiyalı dindarların Həcc səfərləri zamanı ölkə ərazisindən keçidlərinə yaratdıqları şəraiti yüksək qiymətləndirmişdir. Çeçenistanın başçısı bu məsələdə Qafqaz müsəlmanlarının ruhani lideri Şeyxülislam Allahşükür Paşazadənin əvəzsiz xidmətlərinə görə onun "Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd hacı Kadırovun 60 illik yubileyi" şərəfinə təsis edilmiş medalla təltif olunması barədə fərmanı oxudu. O, həmçinin region xalqları arasında dostluğun möhkəmlənməsində, terrorçuluq, radikalizm və separatçılığa qarşı prinsipial mövqeyinə görə çeçen xalqının minnətdarlığının ifadəsi olaraq Qroznı şəhərinin küçələrindən birinin Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə adlandırılması barədə qərar qəbul edildiyini bildirdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək iclas iştirakçılarına Azərbaycan xalqının və onun Prezidenti İlham Əliyevin təbriklərini çatdırmışdır. Diqqəti regionun müsəlman ruhani idarələri qarşısında duran mühüm məsələlərə yönəldən Şeyxülislam ümdə vəzifələr kimi ənənəvi islamın fəal təbliğatı, gənclərlə düşünülmüş aparılması, islam ali məktəb və mədrəsələrində tədris prosesinin inkişafı, cəmiyyətin geniş təbəqələrinin, ziyalıların terrorçuluq və ekstremizmə qarşı mübarizəyə cəlb edilməsinin vacibliyini vurğulamışdır. Şeyxülislam qeyd etmişdir ki, xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsi Qarabağ probleminin də daxil olduğu bir çox məsələlərin həllinə öz müsbət təsirini göstərə bilər.

Rusiya Federasiyası Prezident Administrasiyasının departament rəisi İ.Barinov Rusiya dövlətinin başçısı Vladimir Putinin iclas iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Sonra RF Federal Məclisinin Federasiya Şurasının sədr müavini, Rusiyanın Həcc məsələləri üzrə səlahiyyətli nümayəndəsi İlyas Umaxanov çıxış etmişdir. Rusiya Həcc missiyası müddətində 200 mindən artıq dindarın islamın müqəddəs ziyarətini yerinə yetirməsindən danışan İ.Umaxanov bildirmişdir ki, hər il 15 min zəvvar müqəddəs yerlərə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə səfər etmiş və hər dəfə də ölkə rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və sadə vətəndaşların qayğı və diqqətini öz üzərlərində hiss etmişlər. Bütün bunları nəzərə alaraqRusiya müsəlmanları ruhani idarələri ilə davamlı və səmərəli əməkdaşlığa görə Federasiya Şurasının rəhbərliyi Şeyxülislamı fəxri fərmanla təltif etməyi qərara almışdır.

İclasın sonunda Rusiya müsəlmanlarına müraciət qəbul edilmişdir.

 

* * *

 

Elə həmin gün Mahaçqalaya gələn Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Dağıstan Respublikası başçısının iqamətgahında Prezident Maqomedsalam Maqomedov ilə görüşmüşdür.

Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli ilahiyyatçı Səid Əfəndi Çirkeyskinin faciəvi qətli ilə bağlı respublika rəhbərliyinə və Dağıstan xalqlarına başsağlığını çatdırmışdır. A.Paşazadə qeyd etmişdir ki, Səid Əfəndi Çirkeyskini şəxsən tanıyırdı, ona təkcə Dağıstanda deyil, Azərbaycanda da dindarlar arasında böyük ehtiram var idi. O, terrorçuların Səid Əfəndini qətlə yetirməklə məqsədlərinə çatmayacaqlarına, ruhaninin işini onun çoxsaylı müridləri tərəfindən davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Prezident Maqomedsalam Maqomedov Şeyxülislama təşəkkür edərək demişdir ki, Dağıstan xalqları çətin anlarda həmişə Azərbaycan xalqının, onun Prezidentinindini liderinin dəstəyini hiss etmişlər.

Görüşlərdə Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iştirak etmişdir.

 

 

Azərbaycan.- 2012.-1 sentyabr.- S.4.