Dahi Nizami Gəncəvinin 870 illik yubileyinə Heydər Əliyev Fondunun dəyərli töhfəsi

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"yə daxil olan bütün əsərləri - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" poemaları Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr olunmuşdur.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış böyük formatlı nəşrdə toplanmış 5 poemanın hər birinə yazılan ön söz əsərlərin mahiyyətini dolğun ifadə edir.

Xəlil Yusifli, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq və Mikayıl Rzaquluzadənin tərcüməsində təqdim olunun "Xəmsə"yə CD disk əlavə olunmuşdur. Diskə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova və başqa bəstəkarların Nizami Gəncəvinin sözlərinə yazdığı mahnı və romanslar, Niyazinin "Xosrov və Şirin" operası, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası, Fikrət Əmirovun "Nizami" simfoniyası, eləcə də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların dahi şairin sözlərinə xor üçün yazdığı əsərlər daxil edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan yeni təqdimatda "Xəmsə"yə daxil olan beş poema AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən götürülmüş rəngli illüstrasiyalarla bəzədilmişdir.

"Xəmsə"nin daha bir formatı da işıq üzü görmüşdür. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə toplu şəklində təqdim olunan nəşr beş kitabdan ibarətdir. Hər kitabda "Xəmsə"yə daxil olan poemalar ayrılıqda yer almışdır. Oxuculara təqdim olunan yeni nəşrdə "Xosrov və Şirin" poemasının Azərbaycan dilində yeni tərcüməsi yazıldığı ölçüdə - əruz vəznində yerinə yetirilmiş, dilimizin bugünkü tələblərinə uyğun ifadə edilmişdir.

Yeni nəşrlər sırasında olan "Nizami məqbərəsinin tarixi və taleyi" kitabında dahi mütəfəkkirin məzarı üzərində XIII əsrin əvvəllərində ucaldılan məqbərənin tarix boyu düşdüyü müxtəlif vəziyyətlər və onun səbəbləri araşdırılır. İran, Osmanlı və Rusiya imperiyalarının Qafqazda yürütdüyü siyasət nəticəsində dəfələrlə bərbad vəziyyətə düşən məqbərənin zaman-zaman bərpa olunması, bu istiqamətdə görülən işlər barədə maraqlı faktlar öz əksini tapmışdır.

Heydər Əliyev Fondu fəaliyyəti dövründə digər nəşrlərlə yanaşı, davamlı olaraq Azərbaycan klassiklərinin müxtəlif əsərlərini də nəşr etdirir. Nizaminin yaradıcılıq manifesti sayılan "Xəmsə"nin yüksək poliqrafik nəşrini bu sahədə uğurlu layihə kimi dəyərləndirmək olar. Yeni nəşr dünya poeziyasında epik-romantik janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə layiqli töhfədir.

 

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.6.