Günəş kimi nur saçır

 

Nizami Gəncəvi -870

 

Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə - Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.

 

Heydər ƏLİYEV

 

 

XII əsr qədim Gəncənin əsl intibah dövrü kimi tarixə daxil olub. Xüsusən Atabəylərin hakimiyyəti illəri Gəncənin qızıl əsri, tərəqqi, çiçəklənmə çağı sayılır. Atabəylər şairlərə, sənətkarlara, musiqiçilərə, həkim və mühəndislərə hamilik edirdilər. Gəncədə Nizami Gəncəvi və Məhsəti xanımla yanaşı, görkəmli hüquqşünas Əbülfəz Gəncəvi, şair Tacəddin Katıb, astronom İvan Sarkoviç və başqaları yaşayıb- yaradıblar. Gəncə kitabxanası "Dar əl-kütüb" bütün Şərqdə məşhur idi. Onun haqqında çox yazılıb, çox deyilib. Gəncənin intibah dövrünün əvəzsiz incisidir o!

Görünür, ulu Nizaminin parlaq dühası ilə yanaşı, elə bu zəngin kitab məbədinin özü Gəncədə genişmiqyaslı coşqun ədəbi mühitin yaranmasına güclü təkan verib. Yeri gəlmişkən, ölməz şairin müasirlərindən, intibah dövrünün yazarlarından bir neçəsini yada salmaq istəyirik:

Ömər Gənci saf həyat sürən, ağıllı, comərd bir adam idi. Dilçi alim və istedadlı şair kimi tanınırdı. Gəncədə doğulub, burada böyüyüb, ilk təhsilini burada alıb. Sonra Bağdadın məşhur "Nizamiyyə" mədrəsəsində oxuyub. Nişapurda vəzir Fəxrülmülkün övladlarının müəllimi olub. 1155-ci ildə - 70 yaşında Mərv şəhərində vəfat edib. Ədəbi aləmə onun 26 beyti bəllidir. Ömər Gənci ömrünün çoxunu Bağdadda, Nişapurda və Mərv şəhərlərində keçirib. Ona görə də şeirlərində vətən duyğusu, Gəncə həsrəti daha kövrək, daha qəlbəyatandır:

 

Ətirli meh əsdikcə səhər dost diyarından,

Qəlbim yarpaq tək əsir, tapmır bir zərrə aram.

 

Əbül-Üla Gəncəvi dövrünün məşhur simalarından sayılır. 1096-cı ildə Gəncədə anadan olub. Böyük istedad sahibi idi. Ömrünün yetkinlik çağında Şirvana köçüb. Sözü, söhbəti ilə sarayda xüsusi nüfuz qazanıb. "Məlik əş-şüəra", yəni "şairlərin şahı" rütbəsinə yüksəlib. Əfsələddin Xaqaninin qayınatası idi. Kürəkəni ilə əvvəl möhkəm dost olub. Xaqanini şirvanşah II Mənucöhrə o təqdim edib. Ona Xaqani təxəllüsünü də Əbül-Üla Gəncəvi verib. Lakin sonralar saray intriqaları bu münasibətləri özgə səmtə yönəldib. Düşmənləri Əbül-Üla Gəncəvini dinsizlikdə təqsirləndirib ləkələməyə, gözdən salmağa çalışırlar. Xaqani ilə də aralarında ziddiyyət yarandı. Bu iki böyük sənətkar bir-birinə çox kəskin həcvlər yazırdı.

Əbül-Üla Gəncəvi Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirin ilk nümunələrini yaradıb. Təkcə "Andnamə" qəsidəsi onun şairlik qüdrətini, ömür boyu Gəncə ilə, gəncəlilərlə bağlılığını çox aydın göstərir:

 

Ürək bulud, sözüm inci, könülsə bir dərya,

Dilim bu gövhərə carçı, zamanə isə baha.

Mənəm həməsrlərdən qabaqda gedən ustad,

Mənimlə gəncəlilər fəxr edir, deyil bica.

 

"Şairlər şahı" kimi mötəbər ad qazanmış Əbül-Üla Gəncəvi 1159-cu ildə dünyasını dəyişib.

Qivami Mütərrizi Gəncəvinin doğum tarixi bəlli deyil. 1190-cı ildə vəfat edib. Bəzi qaynaqlarda onu Nizaminin əmisi oğlu və ya qardaşı kimi qələmə verirlər. Qivami əsl zəhmət adamı idi, çörəkçi olub. Həyatın hər üzünə bələd idi. Ona görə də poeziyası saf, sağlam və durudur. Həmişə həyata və insanlara ayıq münasibət bəsləyirdi. İctimai haqsızlığa, cəhalətə, yalana, riyakarlığa kəskin etiraz edirdi. Qivami saflığın, gözəlliyin vurğunu idi. Onun gözəllik idealı real insandır:

 

Mənim gündüzümdür ayın çöhrəsi,

Qara saç altında Ay kimi parlar.

Saçının ətridir səhərin yeli,

Yanlış dedik məgər, yel ənbər saçar?

 

Qivaminin ən dəyərli əsərlərindən biri "Raiyyə" qəsidəsidir, məşhur Qızıl Arslana həsr olunub. Mütəxəssislər deyirlər ki, onun poeziyası forma və məzmunca dolğun, dərin və əlvandır. Şair öz dövrünün çoxlu probleminə toxunmuş, bir çox suallara poeziyasının dili ilə özünəməxsus şəkildə cavablar axtarmağa çalışmışdır.

Mxitar Qoş Gəncənin ədəbi aləmində tarixçi, təmsilçi və hüquqşünas kimi tanınırdı. Dərin biliyə, geniş dünyagörüşünə malik bir insan olub. "Alban salnaməsi"nin və "Qanunnamə" toplusunun müəllifidir. "Alban salnaməsi"ndə 1130-1166-cı illər ərzində, daha doğrusu, səlcuqların hakimiyyəti dövründə Albaniyada baş verən hadisələr təsvir olunur. 1184-cü ildə tərtib edilən "Qanunnamə"yə isə, Alban dövlətinin kilsə qanunları ilə yanaşı, digər ölkələrin də qanunları daxil edilmişdir.

Mxitar Qoş Xaçın knyazlığında Nor Genetik monastırının əsasını qoyub və 1213-cü ildə - 73 yaşında orada vəfat edib. "Alban salnaməsi" akademik Ziya Bünyadov tərəfindən tərcümə edilərək 1993-cü ildə Azərbaycan oxucularına çatdırılmışdır.

Gəncəli Kirakos (1200-1271). Dövrün adlı-sanlı ziyalılarından olub. Bir növ Mxitar Qoş məktəbinin yetirməsidir. Cənubi Qafqazda monqol işğalı dövründə baş verən hadisələri konkret faktlarla açıb göstərən "Tarix" kitabının müəllifidir. Onun əsərlərində Gəncə zəlzələsi və Gəncə qapıları haqqında maraqlı məlumatlar var.

Məhsəti Gəncəvi - qədim Gəncənin bir parlaq ulduzu! Qüdrətli rübai ustası kimi məşhurdur. Müxtəlif cünq və təzkirələrdə iki yüzə yaxın rübaisi, bir neçə lirik şeiri qalıb. Yaradıcılığı humanizm və nikbinliyi ilə seçilir. Heyif ki, həyatı haqqında dəqiq məlumat yoxdur.

Onun şəxsiyyəti, dünyagörüşü və ədəbi irsi ilə bağlı bir sıra mübahisələr mövcuddur. Bəzi müəlliflər, o cümlədən akademik Y.Bertels Məhsətinin sadəcə bir mif, bədii obraz olduğunu söyləyirlər. Lakin professor Rəfail Hüseynov dövrün mötəbər qaynaqlarını dərindən təhlil edərək Məhsəti xanımın mövcudluğu üzərindəki dumanı, çəni biryolluq silib atmış, "Məhsəti - necə varsa" adlı çox dəyərli bir əsərində konkret dəlil-sübutla bir sıra cəsarətli fikirlər irəli sürmüşdür.

Məhsəti xanım Azərbaycan poeziyasında şəhraşub (Şəhrəngiz) poetik janrının gözəl nümunələrini yaratmışdır. Bəllidir ki, şəhraşubda, əsasən, sadə zəhmət adamları, müxtəlif peşə və sənət sahibləri vəsf edilir.

O dövrdə görünməyən iş! Məhsəti xanım gah qəssaba, çörəkçiyə, toxucuya, hamamçıya üz tutur, gah da oxucunu dülgərin, dərzinin, papaqçının yanına aparır:

 

Papaqçı sevgilim şövq ilə bayaq

Tikirdi əlində atlazdan papaq.

Hər papağa yüz-yüz afərin dedim,

Dördünə biri də bəs idi ancaqE

 

Hansı rübaini oxuyursansa, elə bil bu gün yazılıb. Sadə, səmimi, aydın! Ürəkdən gəldiyi üçün elə o dəqiqə ürəklərə yol tapır:

 

Dad ürək əlindən, dad eşq əlindən,

Çoxlarıdək düşdüm bu möhnətə mən.

Ürəkdir səbəbi bu ahü zarın,

Dad ürək əlindən, dad eşq əlindən.

 

Bəzi müəlliflərin yazdıqlarına görə, XII əsrdə Gəncədə Xərabat adlı bir məhəllə var imiş. Həyat zövqündən pay almaq istəyən sənətkarlar, rəqqasə, xanəndə və şairlər buraya toplaşaraq sözlü-nəğməli məclislər düzəldər, elm, şeir, sənət, musiqi mövzularında fikir mübadiləsi edərdilər. Məhsəti xanım bu məclislərin bəzəyi, incisi sayılardı. Onun şeirləri, əsasən, əvvəl sevgilisi, sonra həyat yoldaşı olmuş Gəncə Xətibinin oğlu Əmir Əhməd arasında gedən deyişmələrdən ibarətdir:

 

Yetməzmi qəribə verdin işgəncə,

Cəfanın hüdudu olmazmı, səncə?!

Demişdin: Gəncədə kamə yetərsən,

İndi bu mən, bu sən, bax, bu da Gəncə!..

 

Dövrün bir sıra məhdud görüşlərindən yüksəkdə dayanan Məhsəti xanımın haqqında hələ sağlığında bir sıra söz-söhbət yaranmış, rəvayətlər uydurulmuş və bunlar get-gedə "Məhsəti və Əmir Əhməd" adlı iri həcmli bir əsərin yaranması ilə nəticələnmişdir. Xoşbəxtlikdən onun bir neçə nüsxəsi bizim günlərə kimi gəlib çatmışdır. Hazırda respublika Əlyazmaları İnstitutunda və Azərbaycan Ədəbiyyatı Muzeyinin arxivində mühafizə olunur. Bu qədim ədəbi abidənin çağdaş oxuculara çatdırılması XII əsr Gəncə məişəti və ictimai həyatı haqqında təsəvvürün dolğunlaşmasına kömək edərdi.

Məhsəti Gəncəvinin adı doğma yurdunda həmişə əziz və uca tutulur. Nə yaxşı ki, ulu şairənin həmyerlisi Nigar xanım Rəfibəyli incə ruhlu rübailəri fars dilindən böyük uğurla tərcümə edərək 1969 və 1975-ci illərdə Azərbaycan oxucusuna çatdırıb.

Gəncənin Xatirə parkında Məhsəti xanımın heykəli ucalır, yeni qəsəbələrdən birinə Məhsəti Gəncəvi adı verilib. İndi də şəhərdə onun adına geniş bir mərkəzin yaradılmasından söhbət gedir.

Bir sözlə, XII yüzillik Gəncənin qızıl əsriydi. Sərkərdə-sərraf da çox olub, söz-sənət sahibi də. Onların hamısının pənahı, qibləgahı isə Şeyx Nizami idi. Özü də təkcə Gəncədə, Azərbaycanda, türk elində, Şərq aləmində yox, bəlkə də bütün dünya miqyasında.

 

Nizami belə bir mühitdə pərvaz edib, belə bir mühit yaratdı. O, günəş kimi parladı, nur kimi şəfəq saçdı və elə sağlığında özünə layiq qiymət də aldı. Təqribən onun həmyaşıdı olan böyük hind şairi Əmir Xosrov Dəhləvi (XIII əsr) əbəs demir ki:

 

Nizami hər sözü demiş birinci,

Qoymamış cilasız qalsın bir inci.

 

Yaxud XV əsrin görkəmli fars-tacik şairi Əbdürəhman Camini dinləyək: "Nizaminin parlaq və tərifəlayiq kamilliyinin izahata ehtiyacı yoxdur. Çünki heç kimin onun qədər xoş və incə mənalar saçmağa qüdrəti ola bilməz; bu, insan nəslinin imkanları xaricindədir".

Böyük özbək şairi Əlişir Nəvai həmin miqyassız ölçü meyarını bir qədər dəqiqləşdirir: "Nizami sənəti o qədər əzəmətli və çəkilidir ki, onu ölçmək üçün göylər qədər böyük tərəzi, Yer kürəsi kimi iri ölçü vahidi lazımdır".

Gəncə eşqi, Gəncə məhəbbəti, Gəncəyə vurğunluğu, Gəncəyə sədaqət ulu Nizaminin bütün varlığından, sözündən-sənətindən süzülüb gəlir. Bu dahi insan heç vaxt Gəncənin ovsunundan çıxa bilməyib. Saraylardan gen gəzib, halal zəhməti ilə dolanıb. Qıpçaq gözəli Afaq ilə ailə qurub. Yeganə oğlu Məhəmmədi böyüdüb. Ömrü boyu Gəncədə yaşayaraq, yazıb-yaradıb:

 

Aləm deyir: "Övladsan sən dünyaya, Nizami,

Sığışmazsan Gəncədə gen dünyaya, Nizami".

 

Özü yazır bunu. Amma sığışdı Gəncədə gen dünyaya bu nəhəng söz ustadı. Bir-birinin ardınca, bir-birindən dəyərli "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə" kimi beş əvəzsiz inci yaratdı, müdrik sözü, büllur sənəti ilə qədim Gəncəni bütün dünyaya tanıtdı. Əbəs yerə demirlər ki, Nizaminin "Xəmsə"si müqəddəs poeziya aləminin əbədi günəşinə çevrilib.

Ulu şairin hər əsəri poeziyasevərlərin, incə ruhlu insanların, ilk öncə isə qədirbilən gəncəlilərin stolüstü kitabıdır. Dahi şairin 870 illik yubileyi ərəfəsində qədim Gəncə başdan-başa ölməz Nizami şəfəqinə bürünüb. Hər yan dəyişib. Xüsusən şairin müqəddəs məqbərəsi tam yeni bir görkəm alıb. Baxdıqca şairin ölməz misraları yada düşür:

 

Məzarım yanından ötüb keçərkən

Üstümdə görərsən göyərmiş otlar.

Salam ver, hörmətlə məndən salam al,

Məni görməsən də, görərəm səni.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2012.- 25 sentyabr.- S.6.