Beynəlxalq elmi konfransda Nizami irsinin təbliği mövzusu müzakirə olunmuşdur

 

Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bu qurumun, Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Nizami irsinin təbliği" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin təbliğində Azərbaycan Prezidentinin müvafiq sərəncamı çərçivəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, təkcə son günlər kitabxananın və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlər - Nizaminin sözlərinə yazılmış mahnı və romanslardan ibarət diskin, mütəfəkkir şairin yaradıcılığına fərqli mövqedən yanaşılan iki kitabın təqdimatı böyük maraqla qarşılanmışdır.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev isə Nizami Gəncəvinin 870 illiyi ilə bağlı nazirliyin gördüyü işlərdən bəhs etmişdir. Bildirmişdir ki, yubiley tədbirləri artıq yekunlaşmaq üzrədir. Yubileylə bağlı oktyabrın 1-də Heydər Əliyev Sarayında təntənəli yekun mərasiminin keçirilməsi planlaşdırılmışdır. Həmin tədbirdə təkcə türk respublikalarından deyil, dünyanın bir sıra ölkələrindən görkəmli nizamişünasların iştirakı nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, Nizami Gəncəvi bəşəri ustaddır. Yubiley tədbirlərinin məqsədi də bu dahi Azərbaycan oğlunu dünyaya daha geniş tanıtmaqdır. Yubiley çərçivəsində nazirlik bu istiqamətdə bir sıra əhəmiyyətli, yaddaqalan tədbirlər görmüşdür. Böyük şairimizin adı ölkəmizdə kifayət qədər əbədiləşdirilmişdir. Elə bu yaxınlarda şairin vətəni Gəncədə onun adına elmi mərkəz yaradılmışdır.

TÜRKSOY-un təmsilçisi Liliya Səttarova çalışdığı qurumda son vaxtlar nəşr olunan kitabları M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir.

Elmi konfransda AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında" geniş məruzə etmişdir. Vurğulamışdır ki, Nizaminin kimliyi ilə bağlı mübahisələrdə artıq həqiqət yerini almaqdadır. İndi dünyanın görkəmli nizamişünasları təsdiq edirlər ki, Nizami fars dilində yazan Azərbaycan şairidir.

Tədbirdə Türkiyə Milli Kitabxanasının direktoru Tüncel Acar "Nizami Gəncəvinin türk ədəbiyyatı tarixində yeri və önəmi", Qırğızıstan Milli Kitabxanasının nümayəndəsi Çolpon Şabdanova "Qırğızıstanda Nizami irsinin təbliği", Çexiya Milli Kitabxanasının nümayəndəsi Jindric Marek "Nizami əlyazmalarının Çexiya Milli Kitabxanasında qorunması" mövzusunda çıxış etmişlər.

Konfransın sonunda "Nizami Gəncəvi. Biblioqrafiya" kitabının və "Nizami Gəncəvi-870" elektron məlumat bazasının təqdimatı olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.-28 sentyabr.-S.6.