Ermənilərin növbəti məkrli niyyəti baş tutmadı

 

Son günlər erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin lideri Bako Saakyanın Argentinaya səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının üzvləri Alfredo Nestor Atanasof və Oskar Raul Aguad ilə keçirdiyi görüşlər barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır.

Əslində isə bu tədbirdə hər iki parlamentar Azərbaycanın haqlı mövqeyinə dəstəyini bir daha təsdiqləmiş, erməni mətbuatında gedən məlumatların həqiqətə uyğun olmadığını bildirmişlər. Onlar bu məlumatların təkzib olunmasına dair Azərbaycan mətbuatında onlara istinadən vəziyyətlə bağlı əsl həqiqətləri dərc etməyi xahiş etmiş və məmnuniyyətlə Azərbaycana səfər etmək istəklərini dilə gətirmişlər.

Bako Saakyanla görüşmüş Argentina Milli Konqresinin Deputatlar Palatasının Xarici işlər və etiqad komissiyasının sədri, deputat Alfredo Nestor Atanasof bildirmişdir ki, o, separatçıların liderinə Argentina hökumətinin rəsmi mövqeyini, Argentina Xarici İşlər Nazirliyinin bu haqda müvafiq məktubunu xatırlatmış, ölkəsinin "Dağlıq Qarabağ Respublikası" adlı bir qurumu tanımadığını və münaqişə ilə bağlı BMT qətnamələrinin əsas götürüldüyünü diqqətə çatdırmışdır.

"Union Civic Radical" partiyasının nümayəndəsi Oskar Aguad isə Argentina-Ermənistan dostluq qrupu çərçivəsində keçirilən görüşə dəvət edildiyini, ümumiyyətlə, kiminlə görüşdüyünü diqqətə almadığını bildirmiş və istəmədən belə bir vəziyyətdə qaldığına təəssüfləndiyini qeyd etmişdir.

Görüş zamanı separatçı rejimin rəhbəri BMT-nin müvafiq qətnamələrinə münasibət bildirərkən, həmin qurumda qeyri-demokratik atmosferin hökm sürdüyünü və məhz bu qeyri-demokratik mühitə görə Azərbaycanın sözügedən qətnamələrin qəbul etdirilməsinə nail olduğunu demişdir.

Göründüyü kimi, qondarma respublikanın nümayəndəsi Ermənistandakı mövcud qeyri-demokratik rejimə göz yumaraq BMT kimi mötəbər bir beynəlxalq təşkilatın obyektivliyini şübhə altına salmağa çalışmış, lakin bu cür primitiv üsullarla heç kəsi aldada bilməyəcəyini diqqətdən qaçırmışdır. Çünki artıq dünya ictimaiyyəti bölgə həqiqətlərindən xəbərdardır, kimin işğalçı, kimin isə işğala məruz qalan olduğunu bilir.

Bu gün planetin müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ermənilərin bu cür hiylələrini vaxtında ifşa etməyə qadirdir. Baş verənlərə əsasən onu demək olar ki, ermənilərin bu məkrli niyyəti də nəticəsiz qalmış və onlar növbəti dəfə dünya ictimaiyyətinə iç üzlərini nümayiş etdirmişlər.  

 

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.-2012.- 7 yanvar.- S.1.