Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin 2011-ci ildə gördüyü işlər müzakirə olunmuşdur

 

 Yanvarın 18-də Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin (İAC) idarə heyətinin 2011-ci ilin yekunları ilə bağlı iclası keçirilmişdir.

İclasda İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycandan olan həmsədri, professor Nərgiz Paşayeva iştirak etmişdir.

İAC-nin İngiltərədən olan həmsədri Lord Freyzer cəmiyyətin 2011-ci ildəki fəaliyyətindən danışaraq vurğulamışdır ki, əvvəlki illərdə olduğu kimi, ötən il də ölkələrimiz arasında bütün sahələrdə əlaqələr inkişaf etmiş və cəmiyyət bu işə öz töhfəsini vermişdir.

Lord Freyzer uğurlu fəaliyyətinə görə cəmiyyətin Azərbaycandan olan həmsədri Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirmişdir.

Cəmiyyətin fəaliyyətini dəstəkləyənlərə də təşəkkürünü ifadə  edən Lord Freyzer Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif olunmasından şərəf hissi duyduğunu vurğulamışdır. Rəhbərlik etdiyi cəmiyyətin bundan sonra da ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini qeyd edən Lord Freyzer Londonda Heydər Əliyev Fondunun, "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərginin keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir.

İngiltərədən olan həmsədr cəmiyyətin yeni saytının yaradıldığını da diqqətə çatdırmışdır.

Cəmiyyətin fəxri katibi Kenet Forrest Azərbaycan-İngiltərə əlaqələrinin dostluq zəminində inkişaf etdiyini bildirmiş və ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasında İAC-nin rolunu vurğulamışdır.

Kenet Forrest Azərbaycandan olan həmsədr Nərgiz Paşayevanı və İngiltərədən olan həmsədr Lord Freyzeri yenidən bu vəzifəyə seçməyi təklif etmişdir. Təklif yekdilliklə qəbul olunmuşdur.

İAC-nin fəaliyyətindən danışan professor Nərgiz Paşayeva bildirmişdir ki, belə cəmiyyətlər müasir dünyada gündən-günə öz əhəmiyyətini artırır. Çünki məhz belə qeyri-hökumət cəmiyyətləri açıq dialoqa hazır olurlar. Onlar müasir mühitdə bir çox məsələləri həll etməyə qadirdirlər.

Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Rocer Tomas ölkəmizin bu gün sürətlə inkişaf etdiyini vurğulamışdır. İAC-nin uğurlu fəaliyyətinə toxunan sabiq səfir cəmiyyətin işinin gələcəkdə də yüksək səviyyədə olacağına əminliyini bildirmişonun nüfuzunun daha da artacağını qeyd etmişdir.

Rocer Tomas demişdir: "Bu cəmiyyət ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə təkan verir. Bu, böyük əhəmiyyət kəsb edən məsələdir. Bu cəmiyyət sadəcə insanların bir araya gəlməsinə kömək etmir, həm də İngiltərə ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edir".

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov İAC-nin 2011-ci ildəki fəaliyyətini yüksək qiymətləndirmiş və cəmiyyətin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına verdiyi töhfələrdən danışmışdır. İngiltərə ilə Azərbaycan arasında ilk bu cür cəmiyyətin uğurlu fəaliyyət göstərdiyini deyən səfir bundan sonra da qurumun işində nailiyyətlərin əldə olunacağına əminliyini bildirmişdir.

"İAC birinci təşkilatlardandır ki, Azərbaycan-İngiltərə münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Artıq 15 ildir ki, bu cəmiyyət fəaliyyət göstərir. Bu illər ərzində cəmiyyətin böyük xidmətləri olmuşdur. Bu cəmiyyət yarandığı ilk gündən Lord Freyzer ona rəhbərlik edir. Cəmiyyətin böyük işinin qiyməti keçən il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Lord Freyzerə "Dostluq" ordeninin verilməsi olmuşdur" - deyə diplomat vurğulamışdır.

İclasda ötən il görülən işlər müzakirə olunmuş, 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılmış, fəaliyyət planı təsdiqlənmişdir. Bundan əlavə, cəmiyyətin işinin daha da yüksək səviyyədə təşkil olunması istiqamətində təkliflər səsləndirilmişdir.

Sonda İngiltərə-Azərbaycan Cəmiyyətinin və ölkəmizin Londondakı səfirliyinin dəstəyi ilə Kral Musiqi Kollecində təhsil alan beynəlxalq musiqi müsabiqəsinin iştirakçısı, skripka ifaçısı Nigar Mirzəyeva çıxış etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  4.