20 Yanvar faciəsi zamanı şəhid olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazmışlar

 

Yanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "20 Yanvar faciəsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

GİN-in Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qələmşah Sadıqov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər çıxış edənlər bildirmişlər ki, tədbirin məqsədi qanlı faciənin 22-ci ildönümünün anılması və tarixi faktların gənclərə çatdırılmasıdır.

"Dəyirmi masa"da Azərbaycan xalqının öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxmasından, ölkəmizə təcavüz edən imperiyanın hərb maşınının qarşısına əliyalın çıxmasından danışılmışdır.

Bildirilmişdir ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar.

 

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  7.