Benilüks Azərbaycanlıları Konqresi qondarma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi ilə bağlı qanunun Fransa Senatında müzakirəsini pisləyən bəyannamə yaymışdır

 

 Benilüks Azərbaycan Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurumun idarə heyəti Fransa Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə insanların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasını pisləyən bəyannamə yaymışdır.

Bəyannamədə bildirilir ki, BAK və onun ətrafında fəaliyyət göstərən digər diaspor təşkilatları ermənilərin məkrli niyyətlərinin təsiri altına düşmüş bir deputatın təklifi ilə dekabrın 22-də Milli Assambleyada müzakirəyə çıxarılan və azsaylı deputatların səsverməsi ilə qəbul edilən qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanunun Senatda müzakirəsindən çox narahatdırlar. Bu qanun obyektivlikdən uzaq, qərəzli və təkcə qardaş Türkiyəyə deyil, əslində, bütün türk dünyasına qarşı yönəlmiş təhqirdir.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın belə bir qanun layihəsinin Senatda müzakirəyə çıxarması Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan və 1 milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün həyatını yaşamağa məhkum etməklə beynəlxalq hüququn normalarını və prinsiplərini pozmaqda davam edən, 20 il əvvəl 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində, təəssüf ki, bütün sivil dünyanın gözləri qarşısında Azərbaycan xalqına qarşı soyqırımı törədən erməni faşistlərinə havadarlıq etməsinə əyani sübutudur. Budurmu bütün dünyaya demokratiya dərsi verməyə çalışan Fransa ədaləti?

Bəyanatda vurğulanır ki, bu gün türk xalqını heç vaxt törətmədiyi bir cinayətlə ittiham etməyə çalışanlar - öz gözlərində tiri görməyən, özgə gözündə tük axtarmağa çalışanlar ilk öncə öz keçmişlərinə nəzər salsınlar. Türk millətini yalan iftiralarla sındırmaq mümkün deyil!

Lakin biz, Benilüks Azərbaycanlıları Konqresinin idarə heyəti yenə də ümid edirik ki, Fransanın demokratik düşüncə sahibləri, ziyalılar, hadisələrə düzgün qiymət verən senatorlar, Fransanın bölgədəki maraqlarına zidd olan, Fransa-Türkiyə və Fransa-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bu qərəzli, sivil insan haqlarına zidd olan qərarın qəbul edilməsinə mane olacaqlar.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2012.- 20 yanvar.- S.  8.