Daim ürəklərdə yaşayan şəhidlər

 

 Heydər Əliyev: "Bu gün bizim dövlət müstəqilliyimizin, xalqımızın qəhrəmanlığının xatirə günüdür"

 

 Azərbaycan xalqının həyatında qanlı bir səhifə olan 20 Yanvar hadisələrindən, 20 Yanvar faciəsindən 22 il keçir. Qədirbilən xalqımız üçün bu 22 il sanki dünəndir. Bu bir daha xalqımızın şəhidlərin ruhuna böyük sayğısından xəbər verir.

Şəhidləri hər kəs özünəməxsus sevgi ilə həmişə xatırlayır. Əsər yaza bilməyən göz yaşı, rəsm çəkə bilməyən ağısı, bayatısı, heykəl qoya bilməyən ürək ağrısı ilə xatırlayır.

Heydər Əliyev fəlsəfi düşüncəsi şəhidlərə münasibətdə də özünü göstərir: "Onların həlak olması bizim üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir".

 Burada faciə və qəhrəmanlıq kimi əksliklərin vəhdətinin elə azadlıq olması anlamı ortaya qoyulur: "Bununla belə, nə qədər kədərli olsa da, 20 Yanvar gününü xatırlayarkən hər birimiz  eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Ona görə də bu gün bizim üçün həm matəm günü, həm də iftixar günüdür".

Çıxış və nitqlərində heç vaxt pessimist ovqatın, bədbinliyin yer almadığı Heydər Əliyev nitqi nikbinliklə doludur. Bu, nikbin notlar üzərində qurulan, xalqı səfərbər etməyə, xalqı gələcəyə aparmağa qadir Heydər Əliyev nitqidir: "Mən bu günə də, sabaha da böyük nikbinliklə baxıram və sizibu sızıltıdan, iniltidən uzaqlaşaraq gələcəyə baxmağa dəvət edirəm. Gələcəyimiz isə Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsi, onun ərazi bütövlüyünün təmin olunmasıdır".

20 Yanvar faciəsinə ürəkdən yanan ulu öndər vətəndaş və dövlət başçısı mövqelərini yaxınlaşdırır, faciəyə münasibətdə sarsılmaz mövqedən çıxış edərək məsələlərin ədalətlə çözülməsini tələb edir, Azərbaycan xalqının şərəf, milli mənlik məsələlərində geriyə yolunun qalmadığını göstərir:  "Demək istəyirəm ki, mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcunu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə".

Heydər Əliyev 20 Yanvar faciəsi deyirsə növbəti cümləsində bu faciəni "iftixar  hissimiz ", "qəhrəmanlıq nümunəsi", "qəhrəmanlıq və rəşadət səhifəsi" və s. adlandırmaqla sənət adamlarını, incəsənət xadimlərini "ölümün gözünə dik baxan", "qəhrəmanlıqla, cəsurluqla təcavüzkarın qarşısına çıxan" şəhid obrazları yaratmağa çağırır. Əzilən, döyülən, sındırılan xalq obrazı yox, haqqını tələb etməyi bacaran, dünya xalqları sırasında öz şərəfli yerini tuta bilən xalq obrazı, şəhid obrazı yaratmağı tələb edən qətiyyətli bir dövlət başçısı kimi çıxış edir: "20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır".

Ulu öndər şəhidliyi qəhrəmanlıq rəmzi kimi dəyərləndirir, 20 Yanvarda şəhidlərin tökülən qanını milli bayrağımızın üstündəki qırmızı ilə eyniləşdirirdi. 20 Yanvarda milli azadlıq, müstəqillik uğrunda xalqımızın tökülən qanının  ilk qan yox, qanlara qovuşmuş qan kimi qiymətləndirirdi: "O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".

Şəhidlərin timsalında Azərbaycan xalqının dünya xalqları arasında tutduğu yeri müəyyənləşdirir, xalqın nələrə qadir olduğunu qətiyyətlə anladırdı: "Biz fəxr edirik ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı öz milli mənliyini, öz milli azadlığını qorumaq üçün həlak olmağa, şəhid olmağa hazırdır. Biz fəxr edirik ki, bu azadlıq yolunda özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaq. Onlar əbədiyyətə qovuşublar. Onların xatirəsi bizim üçün əbədidir. Ona görə də mən sizə başsağlığı verərək, eyni zamanda  sizi təbrik edirəm ki, Azərbaycan xalqı bundan sonra özünü qorumağa qadirdir. Azərbaycan xalqı öz mənliyini müdafiə etməyə qadirdir".

Azərbaycan xalqının öz şəhidlərinə, müstəqillik yolunda, vətən yolunda, dinimiz yolunda əziz canlarını fəda edən övladlarına olan sevgisi Heydər Əliyev dilində həzinliklə, kövrəkliklə və eləcə də qətiyyətlə səslənir: "Mən Moskvadan bu gün gec qayıtdım. Orada işlərimi qurtaran kimi qayıtdım. Hava artıq qaralmışdı, Şəhidlər xiyabanına gəldim. Məzarların üzərində nə qədər güllər, nə qədər qərənfillər... Bəzən düşünürəm ki, Azərbaycanda bu qədər gül-çiçək varmı? Xalqımız şəhidləri nə qədər böyük hörmət və ehtiramla yad edir. Eyni zamanda xainləri lənətləyir, cinayətkarları məhkum edir".

Heydər Əliyevin Şəhidlər xiyabanında söylədiyi nitq şəhidlərin həmişə qəlbimizdə yaşayacaqlarını bir daha dilə gətirir:  "Dünyaya gələn hər bir insan bu dünyanı tərk edəcəkdir. Bu dünya heç kim üçün əbədi deyildir. Ancaq öz əməlləri ilə xalqa, millətə sədaqəti ilə, xalqın milli istiqlaliyyət ruhunu yüksəklərə qaldırmaları ilə dünyalarını dəyişənlər ən müqəddəs insanlardır. Onlar cismən bu dünyadan gediblər, ancaq ruhən bizim qəlbimizdədilər. Bu gün Şəhidlər xiyabanına ümumxalq axını və hər  bir Azərbaycan vətəndaşının gəlib bu müqəddəs qəbirləri ziyarət etmək arzusu və ziyarəti onu sübut edir ki, onlar - bu şəhidlər  bütün xalqımızın qəlbində yaşayırlar. Onlar heç vaxt unudulmayacaqlar".

Heydər Əliyev 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsini bütün ziyalılar,  sənət adamlarının qarşısında bir vəzifə kimi qoyur, bunu bir vətəndaşlıq borcu kimi tələb edirdi: "Çünki müasir rəssamlarımız, heykəltəraşlarımız, yazıçılar  bu hadisələrin canlı şahididirlər. Əgər indi onlar bu əsərləri yaratmasalar gələcək nəsillər bu hadisələri ancaq ayrı-ayrı kitablardan, xatirələrdən öyrənəcəklər. Halbuki biz hamımız bunun canlı şahidiyik. Ona görə bu əsərləri yaratmaq lazımdır. Yenə də deyirəm. Bu yaradıcılığın əsas istiqaməti Azərbaycan xalqının qəhrəmanlığı, milli azadlıq uğrunda mübarizəsi, bununla əlaqədar Azərbaycana edilmiş hərbi təcavüz və bu təcavüz nəticəsində baş vermiş faciəli hadisələr olmalıdır".

Şəhidlər xiyabanını ulu öndər Azərbaycanın ən böyük abidəsi adlandırıb: "O şəhidlər burada - Azərbaycanın, Bakının ən mötəbər, gözəl guşəsində əbədiyyətə qovuşublar. Biz onların məzarları qarşısındayıq. Biz bu məzarları daim yad edəcəyik".

Öz nitqi ilə bizlərə qədirbilənlik öyrədən ulu öndər bugünkü müstəqillik üçün hansı ünvanlara, kimlərə minnətdar olmağımızı yaddaşımızdan silinməməyə çağırıb: "Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda  Azərbaycan xalqının milli azadlıq uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları Azərbaycan Respublikasının, Azərbaycan torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir.  Biz bu gün bu abidəyə, bu məzarların qarşısına gəlmişik. Bu gün biz bu qəhrəman, cəsur, rəşadətli Azərbaycan övladlarının məzarı qarşısındayıq.  Onların qəhrəmanlığının əbədi yaşayacağını bir də bəyan edirikonlara deyirik ki, sizin qəhrəmanlığınız nəticəsində indi xalqımız öz milli azadlığına nail olubdur".

Heydər Əliyevin nitq və çıxışlarından irəli gələn fikir və müddəalar həmişə təzədir, müasirdir. Şəhidlərin ruhu naminə hamını birləşməyə çağıran  ulu öndərin ideyaları bu günçox aktualdır. Bu çağırış bizləri - Azərbaycan Respublikası vətəndaşlarını, qüdrətli Azərbaycana sığınan soydaşlarımızı bir ideya, bir amal - azərbaycançılıq uğrunda birləşməyə çağırır: "Mən azadlığımız uğrunda mübarizədə ölməzliyə qovuşmuş oğul və qızlarımızın ailələrinə, yaxınlarına və əzizlərinə başsağlığı verirbu hüznlü çağlarımızda şəhidlərimizin ruhu naminə hamını birləşməyə çağırıram".

 

 

Nağdəli ZAMANOV,

Azərbaycan Tibb Universitetinin dosenti,

tibb elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 21 yanvar.- S. 4.